“Azərbaycanın qələbəsi Orta Asiya üçün də yeni imkanlar açır” – Pakistanlı ekspert

 “Azərbaycanın qələbəsi Orta Asiya üçün də yeni imkanlar açır” –  Pakistanlı ekspert
  23 Dekabr 2021    Oxunub:4543
“Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında baş vermiş münaqişə Bakının Pakistan və Türkiyə ilə yaxın münasibətlərinə diqqət çəkdi. Türkiyə istehsalı olan pilotsuz təyyarələr Azərbaycana Ermənistan qüvvələrini Qarabağ bölgəsindən sıxışdırıb çıxarmağa kömək etdi. Eyni zamanda, Pakistan beynəlxalq səviyyədə tanınan ərazilərini müdafiə edən Azərbaycanın mövqeyini açıq şəkildə dəstəklədi”.
Bu sözləri AzVision.az-a strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qeysər Nəvvab (Qaiser Nawab) deyib. O, bildirib ki, Azərbaycan və Türkiyə qlobal ticarətdəki strateji mövqelərinə görə Pakistan və Mərkəzi Asiya ölkələri üçün iqtisadi əlaqələr baxımından daha uyğundur.


- Azərbaycan, Pakistan və Türkiyə müxtəlif beynəlxalq forumlarda və milli maraqlarla bağlı məsələlərdə daim bir-birini dəstəkləyib. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Bakının Pakistan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı üçün yeni imkanlar yaratdı. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, eləcə də regionda nəqliyyat marşrutlarının açılması Pakistan və Mərkəzi Asiya ölkələrinə Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışına imkan verəcək,- Nəvvab deyib.
İrəvan “Zəngəzur dəhlizi”nə imkan verməsə, nə ola bilər – Ədalət Verdiyevin versiyası

Ekspert xatırladıb ki, “Bir Kəmər, Bir Yol” layihəsi (BRI) və Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) Mərkəzi Asiyanı Cənub-Şərqi Asiyaya və Yaxın Şərqi Avropaya birləşdirəcək əsas inkişaf layihələridir. Həm Azərbaycanın, həm də Türkiyənin Pakistan və Orta Asiya ölkələri ilə güclü ticarət əlaqələri var. Əfqanıstanda baş verən son hadisələr və Qarabağ məsələsinin həllindən sonra yaranmış yeni vəziyyət nəticə etibarilə rifah və davamlı inkişafın hərəkətverici qüvvəsi olan sülhə yol açacaq.

- Qlobal münaqişələr və müharibələr heç kimin marağında deyil. Hesab edirəm ki, dünyanın istənilən yerində - istər Əfqanıstanda, istər Qarabağda, istərsə də başqa yerlərdə iğtişaşlar bütün dünyada sabitliyə mənfi təsir göstərir. İğtişaşlar, terror, inamsızlıq, anlaşılmazlıq və siyasi qeyri-sabitlik regional rifah yolunda əsas maneələrdir. Nəqliyyat, iqtisadi və kommunikasiya dəhlizləri yalnız dinc mühitdə mümkün ola bilər. Sülh və etimad bizim davamlı inkişaf və tərəqqi yolunda əsas sütunlardır,- ekspert fikirlərini yekunlaşdırıb.

Səbinə Həsənova
AzVision.az


Teqlər:   Region   Nəqliyyat  





Xəbər lenti