Qarabağda dörd seysmik stansiya quraşdırılacaq

Qarabağda dörd seysmik stansiya quraşdırılacaq
  23 Dekabr 2021    Oxunub:2445
Dekabrın 23-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində seysmik stansiyaların rəhbərlərinin illik hesabat iclası keçirilib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən AzVision.az -a verilən xəbərə görə, iclasda çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 2021-ci ildə mərkəzdə aparılmış kompleks seysmoloji-geofiziki tədqiqatlar və əldə olunmuş nəticələr, beynəlxalq seysmoloji təşkilatlar və xarici ölkələrin seysmoloji mərkəzləri ilə əməkdaşlıq, eləcə də bu il beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilən 22 ədəd seysmik stansiyalar və onların quraşdırılması haqqında danışıb.

Baş direktor həmçinin işğaldan azad olunmuş rayonlarımızda quraşdırılacaq yeni seysmik stansiyalarla bağlı da fikirlərini açıqlayıb. Onun sözlərinə görə, işğaldan azad olunmuş rayonlarda və Qarabağda 10 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulub. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə bağlı problemlər tam aradan qalxmadığına görə bu istiqamətdə işlərin bir qədər ləngidiyini qeyd edən Qurban Yetirmişli gələn il Qarabağda dörd seysmik stansiyanın quraşdırılmasının nəzərdə tutulduğunu, həmin stansiyalardan birinin qardaş Türkiyə Respublikası tərəfindən veriləcəyini deyib. Həmçinin o, çıxışında respublikanın ayrı - ayrı bölgələrində yerləşən seysmik stansiyaların əməkdaşlarının qarşıda duran vəzifələri və təşkilatdaxili digər məsələlərə də toxunub.

RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov öz çıxışında yeni seysmik stansiyaların quraşdırılması və tətbiq olunan yeni texnologiyalarla bağlı məlumat verib. Baş direktorun müavini Ramiz İsgəndərov isə seysmik stansiyaların işi, texniki - təminat və qışa hazırlıq məsələləri haqqında danışıb.

Daha sonra RSXM-nin Bərdə seysmik stansiyasının müdiri Gəray Əsədov, Gəncə seysmik stansiyasının müdiri Ağa Mustafayev, Şəki seysmik stansiyasının müdiri Aydın Abbaslı və digər seysmik stansiyaların rəhbərləri 2021-ci ildə görülən işlərə dair hesabatla çıxış ediblər. Qeyd edək ki, illik hesabat iclasından sonra seysmik stansiyaların əməkdaşlarına yeni cihazların iş prinsipi və digər texniki məsələlərə dair treninq keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti