“Love Me, Love Me Not” - FOTOLAR

“Love Me, Love Me Not” - FOTOLAR
  04 Aprel 2014    Oxunub:1734
Aprelin 3-də Heydər Əliyev Mərkəzində “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi təqdim olunub.

Sərginin açılış mərasimində rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, tanınmış fırça ustaları iştirak ediblər.

İştirakçıları salamlayan “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova son dərəcə müasir dizaynı ilə bu məkanı ziyarət edənləri heyrətləndirən Heydər Əliyev Mərkəzində açılmış bu sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Aida Mahmudova deyib ki, bu sərgidə bir araya gələn ən müxtəlif mədəniyyətləri təmsil edən çox nüfuzlu rəssamların işləri nümayiş olunur. Qeyri-kommersiya təşkilatı olaraq, yerli icmalarda böyük işlər görmüşük və beləliklə, Venesiya- “YARAT” və onun böyük komandasının nələr təşkil etdiyini göstərmək üçün beynəlxalq auditoriya qarşısında bir araya gəlmişik.

Sərginin insanların xeyirxah dəstəyi, gərgin əməyi və nəhəng yaradıcılıq səyi olmadan baş tutmasının mümkünsüzlüyünü diqqətə çatdıran Aida Mahmudova bu işə kömək göstərmiş hər kəsə, o cümlədən rəssamlara, kurator Dina Naseri-Xadiviyə, sponsora təşəkkür edib.

“YARAT” Müasir İncəsənət Məkanının qarşıdakı illərdə həyata keçirəcəyi çoxsaylı layihələrdən söz açan Aida Mahmudova demişdir ki, 2015-ci ilin yazında məkanın yeni sərgi zalını sənətsevərlərin ixtiyarına vermək niyyətindədirlər.

Vurğulanıb ki, “Love Me, Love Me Not” Azərbaycanın və qonşu ölkələrin müasir incəsənət əsərlərini nümayiş etdirən sərgidir.

Tədbirdə çıxış edən sərginin kuratoru Dina Naseri-Xadivi deyib ki, bu layihə artıq bir ildir həyata keçirilir. Düşünürəm ki, bu layihə çərçivəsində mədəniyyət mübadiləsi dəyərləri barədə məlumatlandırma çox yüksək səviyyədə təşkil edilib.

Vurğulayıb ki, “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova bizim birgə fəaliyyətimizə stimul verib, nəticədə də belə gözəl sərgi ərsəyə gəlib. Bu sərgi artıq dördüncü birgə layihəmiz olmasına baxmayaraq düşünürəm ki, dəyərlərin öyrənilməsi, mədəni mübadiləsi baxımından ən vacib işlərimizdəndir.

Dina Naseri-Xadivi deyib ki, bu sərgidə nümayiş olunan hər iş tamaşaçılara əsərləri təqdim olunan ölkələrin sənətinə ən azı yeni nöqteyi-nəzərdən baxmaq imkanı verir və əhatə olunan sahələr barədə daha dərin biliklərlə paylaşmaq məqsədi daşıyır. Ayrıca bir sərgidə bu cür rəssamların ərsəyə gətirdikləri işlərin nümayişi son nəticədə tamaşaçıların tarix və coğrafiya məsələlərini qavramalarını şübhə altına qoyur.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın, o cümlədən ölkəmizdən Faiq Əhməd, Rəşad Ələkbərov, Rəşad Babayev, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova və Fərid Rəsulovun, İrandan Əfruz Amigi, Şoja Azəri, Mahmud Baxşi, Əli Bənisədr və Fərhad Moşirinin, Rusiyadan Taus Maxaçevanın, “Avrasiya”dan “Slavyanlar və tatarlar” qrupunun, Gürcüstandan İliko Zautaşvilinin əsərləri nümayiş etdirilir.

Sərgidə videoçarxlar, instalyasiyalar və rəngkarlıq əsərləri daxil olmaqla, müxtəlif materiallardan hazırlanmış və müxtəlif mövzuları əhatə edən işlər təqdim olunur. Nümayiş olunan əsərlər sırasında tarixi hadisələri əks etdirən və ya müəyyən məkanla bağlı işlər, habelə şəxsi təəssüratlar nəticəsində yaradılan nümunələr də yer alıb.

Rəssam Faiq Əhmədin əsərlərinin əsas mövzusu Azərbaycan xalçalarına xas süjetlərdir. O, həmin süjetləri Azərbaycanın müasirlik istiqamətində sıçrayışını xüsusi vurğulamaqla yeni tərzdə yaradır. Rəssamın 2012-ci ildə yaratdığı “Adsız” adlı iplər instalyasiyası ənənəvi toxuma texnologiyasına baxışları alt-üst edərək, vərdiş etdiyimiz ikiölçülü xalça müstəvisini üçölçülü məkana çevirir.

Rəssam Şoja Azəri indiyədək yaratdıqlarının sırasında ən iddialı əsərində - xüsusi sifarişlə çəkilən filmdə - XII əsrdə Nizami Gəncəvinin “Həft peykər” (“Yeddi gözəl”) romantik poemasını yaddaşda canlandırır. Poemanın əsas mövzusu bəşəriyyətin maarifləndirməsində istifadə olunan özünü dərketmədir.

Rəssam Əli Bənisədr sərgiyə özünün indiyədək yaratdığı ən böyük əsərini gətirmişdir. Əsər hər mövzunu əhatə edən, atəş və nur simvoluna əsaslanan triptixdir. Vaxtilə Azərbaycanda və İranda yayılmış bu ünsürlər, habelə fars dilində “atəşin keşikçiləri” mənasını verən “Azərbaycan” sözünün özü də zərdüştlüyün regionda bərqərar olunması ilə bağlı nişanələrdir. Boyalardan və rəngkarlıq texnikasından məharətlə istifadə edən rəssam uşaqlıqdan xatirələrində həkk olunan obrazları, özünəməxsus tarixi dərk etmə üsullarını və gündəlik həyatla bağlı müşahidələrini kətan üzərinə köçürür. Bu zaman o, hərəkət, enerji və mücərrədlik kimi məziyyətləri izhar edərək bəşəriyyətə məxsus və bəsirət gözü ilə görünən əlamətləri canlandırır.

Əli Bənisədrin əsərləri bir çox dövlət muzeylərinin, o cümlədən Nyu-Yorkun “Metropoliten” İncəsənət Muzeyinin, Los-Anceles Müasir İncəsənət Muzeyinin, “Saatçi” sərgi salonunun və Londonda yerləşən Britaniya Muzeyinin kolleksiyalarında saxlanılır.

Azərbaycanlı rəssam Əli Həsənov gündəlik istifadə etdiyimiz əşyalara yeni məna əta edir. Onun 2012-ci ildə yaratdığı “Sahiblər” adlı əsərində keçmiş sovet məkanında geniş yayılmış, təmizlik aləti olan yüzlərlə süpürgə birləşdirilərək heykəltəraşlıq kompozisiyanı təşkil edir.
Rəssam Taus Maxaçeva 2012-ci ildə Liverpul Biennalesində nümayiş olunan və Böyük İpək Yolunda yerləşən tərk edilmiş şəhər Qamsutl haqqında eyniadlı filmi təqdim edir. Filmin qəhrəmanı rəqs edərək hazırda qismən tərk edilmiş şəhərin görüntülərini nəzərə çatdırır.
“Slavyanlar və tatarlar” rəssamlar qrupunun 2012-ci ildə təbii ölçüdə yaratdığı “Molla Nəsrəddin-antimodernist” adlı heykəltəraşlıq əsəri XIII əsrdə yaşamış məşhur sufi filosofundan bəhs edir. Bu əsər həm böyüklər, həm də uşaqlar üçün müəyyən mənada “oyun meydançası” rolunu oynayır. Tamaşaçıların iştirakını nəzərdə tutan əsəri yaratmaqla, müəlliflər sadə yumor hisslərini işə salaraq, səxavət və iştirakçılıq kimi məziyyətləri bir daha vurğulamış olurlar. Bundan əlavə, XX əsrin əvvəllərinə aid Azərbaycanın satirik personajı Molla Nəsrəddin nəinki milli mənliyin formalaşmasına təsir etmiş, həmçinin mətbuatın gücünün nümayişinə müvəffəq olmuşdur. Yaratdıqları “Love Me, Love Me Not” instalyasiyada müəlliflər məsələnin ziddiyyətli mahiyyətini aşkar etmək məqsədilə ikinci dərəcəli məqamlardan imtina edirlər - bölgədə vaxtaşırı özünü büruzə verən təkamülü izhar edən və uşaqların bir-biri ilə dalaşmasına bənzəyən ənənələr uğrunda döyüş bütün nəhəng şəhərləri əhatə edir.

Azərbaycanın və qonşu ölkələrin rəssamlarının əsərlərini bir sərgidə toplayan “Love Me, Love Me Not” sərgisi qeyd olunan ölkələrin müasir incəsənətinə dair yeni baxışları təqdim edir.

Açılış mərasimində iştirakçılara sərginin kataloqu da təqdim olunmuşdur. Kataloqunun redaktorları kurator Dina Naseri-Xadivi və Fərəh Rəhim İsmayıldır. Kataloqun hazırlanmasında “Teyt Modern” sərgi salonunun kurator köməkçisi Nəda Rəza, “Metropoliten” İncəsənət Muzeyinin müasir və modern incəsənəti üzrə kuratoru Nikolas Kullinan, yazıçı, “Bidoun Projects” nəşrinin baş redaktoru Nigar Əzimi, Nyu-York Şəhər Universitetinin aspirantı Monika Steynberq, Rusiya, Mərkəzi Asiya və Qafqaz ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis, yazıçı Suad Qarayeva və “Slavyanlar və tatarlar” qrupu yaxından iştirak etmişlər.
“Love Me, Love Me Not” Azərbaycanda müasir incəsənətin inkişafı və dəstəklənməsi ilə məşğul olan, qeyri-kommersiya əsaslarında fəaliyyət göstərən “YARAT” Müasir İncəsənət Məkanının layihəsidir.

Sərgi mayın 25-dək davam edəcək.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti