Tanınmış ictimai xadim Ramiz Abutalıbov dəfn edilib

Tanınmış ictimai xadim Ramiz Abutalıbov dəfn edilib
  04 Yanvar 2022    Oxunub:2090
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov bu gün dəfn edilib.
AzVision.az xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, Ramiz Abutalıbov ötən ilin noyabrında yıxılaraq zədə aldığı üçün Moskvada xəstəxanaya yerləşdirilmişdi. Yanvarın 1-də isə dünyasını dəyişib.

Mərhum 1937-ci il oktyabrın 27-də ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirib.

1980-1984-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə Komissiyasının sədri vəzifələrində çalışıb. R.Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləyib.

Ramiz Abutalıbov Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunub. Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir.

Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində, "İçərişəhər" (2000-ci il) və "Muğam"(2003-cü il) sənətinin ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olub.
O, 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi.



AzVision.az



Teqlər: Dəfn  





Xəbər lenti