Uşaqların internetdə nə ilə maraqlandıqları açıqlandı

   Uşaqların internetdə nə ilə maraqlandıqları açıqlandı
  14 Yanvar 2022    Oxunub:1138
"Kaspersky" şirkəti 2021-ci ilin payızında dünyada uşaqların internetdə hansı məzmunla maraqlandıqlarını təhlil edib.
Şirkətdən AzVision.az -a verilən məlumata görə, sentyabrdan noyabradək uşaqlar vaxtlarının çoxunu "YouTube"da keçiriblər (10 ən məşhur tətbiqdə keçirilən ümumi vaxtın 31%-i). İkinci yerdə 19% payla "WhatsApp", üçdə isə 18,8% göstərici ilə "TikTok" yer alıb. Uşaqların "YouTube"da ən çox axtardığı məzmun oyunlarla bağlı olub. Bu cür sorğuların payı 28% təşkil edib. Onlar daha çox oyun bloqerlərinin kanallarını tapmağa çalışıb, ən populyar oyun isə "Minecraft" olub.

"YouTube"da ilk üçlükdə "MrBeast", "EdisonPts" və "Paluten" səhifələri yer alıb, ən çox tələb olunan oyunların ilk onluğuna isə "Genshin Impact" və "Poppy Playtime" daxil olub. Uşaqların "YouTube" sorğuları arasında say baxımından ikinci yeri musiqi ilə bağlı kanallar tutub və onların payı 19% təşkil edib. Ən çox BTS, BlackPink, Lil Nas X, Ariana Grande və Twice, rus dilində isə Morqenştern və İnstasamkinin mahnıları axtarılıb. Ən populyar mahnılar sırasında CKay-in "Love Nwantiti" və Cənubi Koreyanın "BlackPink" musiqi qrupunun LALISA və MONEY adlı iki iştirakçısından biri olan LISA-nın iki yeni mahnısı yer alıb.

Filmlər, cizgi filmləri və teleşouların payına sorğuların 12%-i düşüb. Daha tez-tez axtarılan cizgi filmləri "Donuz Peppa", "Luntik" (Лунтик), "Barboskinlər" və "Xanım Böcək və Super Pişik" olub, filmlərdə isə "Venom 2" və "Hörümçək adam: evə yol yoxdur" filmləri digərlərini üstələyib.

"İnternet və cihazlar dünya üzrə uşaqların həyatında getdikcə daha mühüm rol oynayır və Azərbaycan da bu baxımdan istisna deyil. Valideynlər bu mövzunu görməzdən gəlməli deyillər, uşağın məşğuliyyətləri ilə aktiv şəkildə maraqlanmalı, onlara rəqəmsal mühitdə davranış qaydaları barədə danışmalıdırlar. Bunun üçün onlayn vaxtı birgə keçirmək lazımdır: məsələn, hətta əgər uşaq ancaq kompüter oyunları ilə maraqlanırsa, bu haqda çox bilmək, bloqerlərin bu haqda nə danışdığını müzakirə etmək və ya "Minecraft"da nəyisə birgə hazırlamağı yoxlamaq lazımdır", - deyə "Kaspersky"nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Uşaqların onlayn həyatını təhlükəsizləşdirmək üçün "Kaspersky" valideynlərə uşaqların internetdə davranışı üçün dəqiq qaydalar müəyyən etməyi və onların nəyə lazım olduğunu başa salmağı (bu cür qaydaları uşağın yaşına uyğun olaraq nəzərdən keçirmək lazımdır), birgə yeni şeylər öyrənməyi, uşaqların şəbəkədəki davranışını müşahidə etmək və onların təhlükəsizliyini necə təmin etmək barədə düşünməyi, lazım gəldikdə valideyn nəzarəti üçün tətbiqlərdən istifadə etməyi, amma onları yükləməzdən öncə uşağa onun necə işlədiyini və onu qorumağa necə kömək etdiyini izah etməyi tövsiyə edir.

AzVision.az



Teqlər: Uşaq   İnternet  





Xəbər lenti