Ukraynaya göndərilən silahlar: Nədir və nə üçündür - TƏHLİL
// Müharibənin xarakterini işlədilən silahların növü müəyyən edir
AzVision.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden təxminən 5 minə qədər amerikalı hərbçinin Baltikyanı ölkələrə və Şərqi Avropaya göndərilməsi variantını nəzərdən keçirir. Vəziyyətin pisləşəcəyi halda bu kontingentin sayının 50 minə çatdırılacağı da istisna olunmur. Bununla belə, Ağ Evin təmsilçisi Cen Psaki Baydenin Ukraynaya amerikalı hərbçilər göndərmək arzusunda və məramında olmadığını deyib. Onun sözlərinə görə, belə qərar ABŞ-ın NATO üzrə müttəfiqləri ilə birlikdə çıxarıla bilər.
Şimali Atlantika alyansının baş katibi Yens Stoltenberq isə öz növbəsində, NATO-nun Ukraynada qoşun yerləşdirməyəcəyini açıqlayıb. Beləliklə, Rusiya ilə Ukraynanın toqquşacağı təqdirdə Qərbin sonuncuya kömək üçün hərbi kontingent göndərməyəcəyi açıq-aşkar vurğulanır. Amma bu gərginlik, habelə baş verə biləcək hərbi əməliyyatlar fonunda Qərb Kiyevə müəyyən hərbi-texniki yardım edir və indən sonra da etməyə hazır olduğunu bildirir.
Pentaqonun təmsilçisi Con Kirbi “CNN” telekanalının efirində Ukraynaya artıq 3 dəfə hərbi təyinatlı yüklər göndərildiyini və bu qəbildən yeni yardımın hazırlandığını açıqlayıb. ABŞ-ın Ukraynadakı səfirliyi və Ukraynanın Müdafiə naziri Aleksey Reznikov ötən həftənin son günləriundə Vaşinqtondan Kiyevə 170 ton silahın və hərbi sursatın gətrildiyini təsdiqləyiblər. Bu hərbi yükə birdəfəlik “SMAW-D” qumbaraatanlar və tank əleyhinə “Javelin” kompleksinin raketləri daxildir. Ötən həftə digər NATO ölkələri də hərbi texnika baxımından Ukraynaya dəstək verəcəklərini bəyan ediblər. Məsələn, tank əleyhinə “NLAW” qumbaraatanlarının da daxil olduğu hərbi yüklər Böyük Britaniyadan Ukraynaya gəlməkdə davam edir. Estoniya əvvəllər ABŞ-dan aldığı “Javelin” komplekslərini, Latviya və Litva isə səyyar “Stinger” zenit-raket komplekslərini (ZRK) Ukraynaya vermək məramlarını açıqlayıblar.
Sözsüz ki, bu konteksdə ABŞ və onun müttəfiqlərinin Rusiyanın mümkün hərbi müdaxiləsinə cavab vermək üçün Ukraynaya göndərdikləri silah-sursatın hərbi-texniki parametrləri böyük əhəmiyyət kəsb edir. Çünki Ukraynanın mümkün hərbi müdaxiləyə müqavimət qüdrəti məhz bu silahların imkanlarından asılı olacaq. Ona görə də həmin silahların texniki xarakteristikasına nəzər salmaq zərurəti meydana çıxır.
SMAW-D (Disposable — “birdəfəlik”) — “atəş aç və tulla” prinsipi ilə istifadə olunan bunker əleyhinə qumbaraatanın yüngülləşdirilmiş modifikasiyasıdır. Çiyindən atılan çoxfunksiyalı hücum silahıdır. Rıçaqı və taxılıb-çıxarılan nişangah mexanizmi yoxdur, bunun əvəzində çox primitiv mexaniki nişangahı var. Sursatla təchiz olunmuş halda 7,25 kq çəkiyə malikdir. Zavod komplektində, hermetik atış borusunda və döyüşə hazır vəziyyətdə desant qüvvələrinə göndərilir. Mühəndis-fortifikasiya qurğularının və binalarda yerləşmiş atəş nöqtələrinin vurulması, habelə zirehli olmayan və yüngül zirehli texnikanın məhv edilməsi üçün nəzərdə tutulub. Effektiv atəş məsafəsi 500 metrə qədərdir.
“Javelin” (ingiliscə “kiçik yüngül nizə”) ABŞ istehsalı olan səyyar tank əleyhinə raket kompleksidir (TƏRK). Düşmənin aşağı hündürlükdə uçan helikopterlərini, təyyarələrini və digər hava hücumu vasitələrini vurmaq üçün istifadə olunur. 3 km. məsafəyə qədər uzaqda olan yerüstü hədəflərin məhvi üçün də istifadə edilə bilər. Nişangah blokunun ağırlığı 8,9 kq, təchiz olunduğu raketlərin ümumi çəkisi 12,7, raketlərin döyüş hisssəsinin ağırlığı isə 2,74 kq təşkil edir. Raket saniyədə 435 metr sürətlə uçur. Uçan aparatlara qarşı atəş effekti 300-4500 metr, helikopterlərə qarşı isə 300-5500 metr təşkil edir. Hədəflərin effektiv vurulması yüksəkliyi 10 metrdən 3000 metrədəkdir.
NLAW — İsveçin istehsal etdiyi tank əıeyhinə idarəolunan raket. İsveçrənin, Finlandiyanın, Lüksemburqun və Böyük Britaniyanın hərbi qüvvələrinin təchizatında var. İndoneziya və Səudiyyə Ərəbistanı potensial alıcılar sırasındadırlar. “Atəş aç və unut” prinsipi ilə işləyən NLAW zirehli texnika və səhra istehkamları ilə mübarizə üçün nəzərdə tutulub. Uzanmış şəkildə və ya dizüstə dayanmaqla atəş açmağa imkan verən bu qurğu bir nəfər tərəindən daşına və istifadə oluna bilər. 150 millimetrlik raketin çəkisi 1,8 kq təşkil edir. Raketin yuxarıdan hücumu zamanı döyüş tankının nisbətən nazik zirehi deşilə bilir. Yüngül zirehli texnika və səhra istehkamları ilə mübarizədə yandan hücum taktikası seçilir.
“Stinger” – ABŞ istehsalı olan səyyar ZRK. Aşağı hündürlükdə uçan hədəflərin (təyyarə, helikopter, PUA) vurulması üçün nəzərdə tutulub. “Yer-yer” tipli bu raket habelə zirehlənməmiş yerüstü və suüstü hədəflərin atəşə tutulması imkanını təmin edir. Ən məşhur səyyar ZRK-lardan biri kimi 30 ölkənin hərbi qüvvələrinin silah arsenalında yer alıb. Yüngül çəkiyə malik “Stinger”in istismarı da çox sadədir. Kompleksin kiçik səviyyəli bölməsi cəmi iki hərbçidən ibarətdir: atıcı və onun üçün parametrləri verən komandir. Kompleksin idarə olunması üçün bi nəfər də yetərlidir. 180-3800 metr hündürlükdə uçan aparatları atəşə tuta bilir. 4500 km uzaqlıqda olan hədəfləri vurmaq imkanı var. Səyyar atəş qurğusundan başqa, raketlər özüyeriyən “Avencer” və “Laynbeker” konteyner tipli atəş qurğularından da atıla bilər.
Amma bir sıra analitiklərin baş verə bilcəcək hərbi toqquşmanın ssenarisi barədə təhlilləri, əslində o qədər də böyük gücə malik olmayan bu silahların işə yaramayacağından xəbər verir. Məsələn, ABŞ-ın məşhur “Forbs” jurnalı Rusiyanın Ukraynaya yüzlərlə qanadlı raketlə zərbə endirə biləcəyini yazır. Məqalənin müəllifi jurnalist Devid Eks Rusiyanın 2018-ci ildən istismarına başladığı yeni hipersəs sürətli “Xəncər” ballistik raketlərini də işə sala biləcəyini istisna etmir. Nəzəri baxımdan, Ukraynanın bu raketləri vurmaq imkanı olsa da, ən yeni avadanlığın yoxluğu bu şansı sıfıra endirir.
Bundan başqa, uzaq məsafəli hədəflərin vurulması üçün nəzərdə tutulan “Х-101” qanadlı raketləri də qarşı tərəfin hərbi qüvvələri üçün böyük təhlükədir. Rusiyanın müasir bombardmançı təyyarələri, habelə “Xəncər” raketləri ilə təchiz edilmiş “МиГ-31К” qırıcı təyyarələri Ukraynanın hava məkanına daxil olmadan belə onun hərbi qüvvələrinə yüzlərlə raket buraxmaq imkanına malikdir.
Hər iki tip raketdən istifadə isə zərbə effektini daha da gücləndirir. Belə ki, “Х-101” qanadlı raketi aşağı hündürlükdə və ləng uçursa, “Xəncər” böyük yüksəklikdə və sürətlə uçur. Rusiyanın bombardman metodlarının sayının çoxluğu Ukraynanın hava hücumundan müdafiə (HHM) qabiliyyətini çətinləşdirir. Bu kontekstdə müəllif hətta ABŞ-ın “Xəncər”i dəf etmək üçün praktiki heç bir şansının olmadığını da diqqətə çatdırıb.
Vaşinqtondakı “Amerika alimlərinin federasiyası”nda işləyən, nüvə silahı üzrə ekspert Xan Kristensenə görə, “Xəncər” Rusiyaya komanda məntəqələri və aviabazalar kimi ən ciddi şəkildə müdafiə olunan obyektləri, habelə böyük gəmiləri vurmaq imkanı verir. Hətta “Xəncər” raketləri tez tükənsə belə, Rusiyanın gəmi və sualtı tipli “Kalibr” qanadlı raketləri və “İskəndər” hipersəs sürətli raketləri mövcuddur.
Yeri gəlmişkən, bir sıra rus ekspertləri də prosesin hərbi toqquşma məcrasına yönələcəyi halda, məhz nöqtəvari raket zərbələri ilə qərarların qəbul edildiyi məntəqələrin və atəşlərin açıldığı yerlərin vurulmasının ən optimal variant olduğunu bildirirlər. Uzaq məsafədən hava hücumu taktikası ilə aparılan müharibədə isə Qərbin hələlik Ukraynaya verdiyi hərbi texnikanın kara gələcəyi inandırıcı görünmür.
Sahil İsgəndərov, politoloq
AzVision.az