"ABŞ-ın hədəfi Rusiya iqtisadiyyatıdır" – Ekspert

// Vaşinqton geoiqtisadi vasitələrdən maksimum istifadə edəcək

 "ABŞ-ın hədəfi Rusiya iqtisadiyyatıdır" –    Ekspert
  27 Yanvar 2022    Oxunub:2303
Ukrayna ətrafında yaranan gərginlik Rusiya iqtisadiyyatına mənfi təsirlərini göstərməyə başlayıb. Geosiyasi səbəblərdən Qərb investroları bir-birinin ardınca Rusiyadan üz döndərir, maliyyə institutları ciddi nəticələrə səbəb olacaq qərarlar verirlər.
Məsələn, Amerikanın nəhəng banklarından biri, 2,6 trilyon dollarlıq aktivləri yönəldən “JPMorgan Chase” artıq rublla işləməkdən imtina edib və müştərilərini də Rusiya iqtisadiyyatına yatırımlar qoymaqdan çəkinməyə çağırıb. Çünki bankın strateqlərinə görə, Ukrayna ilə bağlı yaranan vəziyyətin necə bitəcəyini proqnozlaşdırmaq olmur.

İqtisadiyyat elmləri doktoru, professor Əlibala Məhərrəmzadə xatırladır ki, Moskva NATO-dan yazılı zəmanət tələb edəndən sonra, yəni yanvarın ortalarından başlayaraq, fond bazarında da çöküş başlayıb. “Forbes”in məlumatına görə, bu səbəbdən Rusiyanın ən zəngin 104 insanı artıq $28 milyard itiriblər.
- Düzdür, son günlərdə fond indekslərində müəyyən bərpa cəhdi görürük, amma 6-8 faizlik enişdən sonra bu, nikbinlik üçün hələ çox azdır. Hazırkı artım cəhdi treyderlərin “ölü pişiyin sıçrayışı” dedikləri korreksiyaya daha çox bənzəyir,- ekspert əlavə edib.


Onun sözlərinə görə, təkcə bu ay rubl azı 5% ucuzlaşıb. Neftin yüksək qiymətlərinə baxmayaraq, rublun belə ucuzlaşması çox ciddi siqnaldır. Bu, inkişaf etməkdə olan ölkələrin arasında ən böyük infliyasiya göstəricisidir. Artıq Rusiyanın Mərkəzi Bankı valyuta almağı dayandırdığını rəsmən elan edib.

- İlkin dəyərləndirmələrə görə, Ukayna ətrafında gərginliyin yeni fazası başlayandan bəri xarici investorlar Rusiyadan 6-7 milyard dollarlıq vəsaiti geri çəkiblər,- deyən professorun sözlərinə görə, Beynəlxalq Valyuta Fondu 2022-ci ildə Rusiya iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlarını azaldaraq, 2,8%-ə salıb. Halbuki, dünya iqtisadiyyatı üçün ümumi orta proqnoz 4,4%-dir. Nümunə üçün qeyd edək ki, Amerika iqtisadiyyatında bu il 4, Avropa ölkələrində təxminən 3% artım gözlənilir.

“Əgər Ukrayna ətrafında gərginlik səngiməzsə, qara günlər hələ qabaqdadır. ABŞ açıq şəkildə bildirir ki, Ukraynada hərbi əməliyyatlar başlayarsa, Rusiyaya indiyə qədər görünməmiş sanksiyalar tətbiq ediləcək. Ötən həftə respublikaçı konqressmen Cim Benks Rusiyaya qarşı mümkün cəzaları, o cümlədən, onun SWIFT sistemindən kənarlaşdırılmasını nəzərdə tutan qanun layihəsini konqresə təqdim etdi. Bu, iqtisadiyyatda xaosu daha da artıra bilər”,- Ə.Məhərrəmzadə bildirib.


Onun fikrincə, görünən budur ki, hazırda Qərbin informasiya müharibəsində əsas hədəf Rusiyanın məhz iqtisadiyyatıdır: “ABŞ-ın Ukrayna ilə bağlı siyasətini təhlil edən Robert Blekvill və Cenifer Harris birlikdə yazdıqları “Başqa vasitələrlə müharibə” kitabında belə bir fikir irəli sürmüşdülər ki, Vaşinqton əsas diqqəti hərbi-siyasi yox, məhz iqtisadi mübarizəyə yönəltməlidir. Çünki əvvəllər – XX əsrin ortalarına qədər Amerika öz məqsədlərinə həmişə geoiqtisadi vasitələrlə nail olub. Sadə dillə desək, pulla. Bu, onun xarakterinə daha uyğundur. Son 70 ili çıxmaqla, geoiqtisadiyyat həmişə Amerikanın bir nömrəli “silahı” olub və bu “silah” yenidən tətbiq edilməlidir. Çünki təcrübə göstərir ki, puldan hərbə keçəndən bəri Amerikanın xarici siyasəti əvvəlki kimi uğurlu ola bilmir. Kitab 2016-cı ildə yazılıb və orada 2014-cü ilin Rusiya-Ukrayna gərginliyi zamanı ABŞ-ın niyə aciz vəziyyətdə qalması geniş təhlil olunur. Müəliflərin gəldiyi nəticə budur: Amerika Ukrayna məsələsində Rusiyaya qalib gəlmək istəyirsə, hərbi yox, geoiqtisadi vasitələri qabağa verməlidir”.

Ekspertin fikrincə, hazırda bu ideya tətbiq olunur. ABŞ real döyüşə girmədən informasiya müharibəsi ilə Rusiya iqtisadiyyatana zərbələr endirir. Və Rusiya iqtisadiyyatının müdafiə olunmaq üçün əlində heç bir vasitəsi yoxdur. Yeganə silah Avropanı “qaz dəyənəyi” ilə hədələməkdir, amma bu da artıq əvvəlki kimi effekt vermir.

- Ukrayna ətrafında gərginlik davam etdikcə, böhran da dərinləşəcək. Britaniya da ABŞ-ın sanksiyalarına qoşulacağını açıqlayıb. İnvestorlar riski sevmirlər. Hər belə açıqlamadan sonra risklər artdığı üçün daha çox vəsait Rusiyadan geri çəkilir. Nəticədə rubl ucuzlaşır və bu, dünyadakı qlobal infliyasiyanın, bahalaşma dalğasının, “Omikron” riskinin fonunda baş verdiyindən, nəticəsi daha ağır olacaq. Rusiya iqtsadiyyatı digərlərilə müqayisədə 3 dəfə artıq risklə yüklənib və bunu qaldırmaq iqtidarında deyil. Yeganə yol Ukrayna ətrafında mümkün qədər tez anlaşmaya nail olmaqdır,- Ə.Məhərrəmzadə vurğulayıb.


Teqlər: Hibrid-müharibə  





Xəbər lenti