Kukla əvəzinə diplom: 9 yaşlı qızcığaz necə MDU-nun tələbəsi oldu?

      Kukla əvəzinə diplom:    9 yaşlı qızcığaz necə MDU-nun tələbəsi oldu?
  30 Yanvar 2022    Oxunub:5452
Doqquz yaşlı qızcığaz vunderkind Alisa Teplyakova Rusiyada və dünyada ən çox müzakirə olunan uşaqlardan birinə çevrilib. Kuklalarla oynayacaq yaşında olan Alisa sınaq və qəbul imtahanlarından uğurla keçərək Moskva Dövlət Universitetinin psixologiya fakültəsinə qəbul olub. Bununla da balaca Alisa Rusiya Federasiyasının və dünyanın ən azyaşlı tələbəsi titulunu qazanıb.
Bütün ölkədə zehni qabiliyyətləri haqqında danışılan Alisa Teplyakova yeddi uşaqlı bir ailədə anadan olub. Ailənin ən böyük usagı da elə odur. Bu çoxuşaqlı ailənin ən kiçiyi isə 2021-ci ilin mayında dünyaya gəlib.

Alisanın anası Natalyanın maliyyə və riyaziyyat üzrə iki ali təhsili var. Atası Yevgeni Moskva Dövlət Universitetinin psixologiya fakültəsini əla qiymətlərlə bitirmiş məzunlarındandır. Onun Moskva Dövlət Universitetinin riyaziyyat və kibernetika üzrə daha bir fərqlənmə diplomu da var.

Vunderkind qızcığazın qardaş və bacıları elə öz ailəsində valideynlərinin himayəsində böyüyüb tərbiyə olunurlar. Buna görə də Teplyakovlar ailəsi həm də ailə-bağça kimi dövlət qeydiyyatındadır. Yevgeniy Teplyakov aspirantura müsabiqəsini udduğuna görə ailə bir müddət Çində yaşayıb və sonralar öz vətəninə qayıdıb. Hazırda birotaqlı mənzildə yaşayan yeddi uşaqlı vunderkindlər ailəsinin müəllimi və tərbiyəçisi də elə valideynlərdir.

Heç yerdə işləməyən ailə başçısı Yevgeniy Teplyakovun söylədiyinə görə onlar dövlətin ailəyə ayırdığı müavinət hesabına yaşayır və lazım gələndə geniş mənzil kirayələyə bilirlər. Yeri gəlmişkən, Alisa Teplyakovanın 7 yaşlı qardaşı və 6 yaşlı bacısı da hazırda orta məktəb proqramını öyrənmək üzərində çalışırlar.


Adətən, uşaqların tam xoşbəxtliyi üçün çoxlu rəngarəng oyuncaqlar, onlara qayğı göstərən valideynlər, şirniyyatlar, həyətdə oynamaq üçün dostlar bəs edir. Ancaq vunderkind Alisa Teplyakovanın maraqları və üstün tutduqları tamam başqa şeylərdədir. Bu qızcığaz hələ 8 yaşındaykən bütün təhsil proqramını mənimsəyərək, orta məktəbi bitirmə şəhadətnaməsi alıb. Sonra böyüklər üçün nəzərdə tutulmuş proqram üzrə rus dili, biologiya və informatika fənlərindən imtahan verib. Bunlarla kifayətlənməyən Alisa Moskva Dövlət Universitetinə (MDU) qəbul olmaq üçün müraciət edib. Qızcığaz ödənişli bölməyə düşsə də, valideyinləri onun universitetdə təhsil almaq arzusuna tam dəstək olduqlarını və təhsil haqqını ödəməyə hazır olduqlarını bildiriblər.

9 yaşı yaxınlarda tamam olmuş bu rekordçu qızcığaz haqqında rus və Qərb mediasında tez-tez söz açılır. Onun haqda fikir bildirənlər, adətən, iki düşərgəyə bölünürlər. Bəziləri Alisanın qeyri-adi zehni qabiliyyətlərinə heyran olduqlarını, digərləri isə uşağın tay-tuşları ilə öz uşaqlığını yaşamadığı üçün narahatlıqlarını bildirirlər. Alisa isə müsahibələrinin birində atasının təhsil aldığı Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olduğuna görə özünü xoşbəxt saydığını söyləyib. O, psixologiyaya marağını indiyə qədər əhatəsində olmuş uşaqların psixologiyasını anlamaq istəyi ilə izah edib.

Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiy Alisa haqqında soruşan jurnalistlərə bütün təcrübəsində ilk dəfə olaraq belə qeyri-adi abituriyentlə qarşılaşdığını söyləyib. O, media nümayəndələrinə müsahibəsində heyrətini gizlədə bilmədiyini qeyd edərək, deyib ki, 13-15 yaş arası tələbə uşaqlarla qarşılaşsa da 9 yaşlı tələbəyə heç vaxt rast gəlməmişdi. Jurnalistlərin vunderkind uşağın Moskva Dövlət Universitetində necə təhsil alacağı ilə bağlı sualını universitetin rektoru belə cavablandırıb: “Biz bu işi nəzarətimizdə saxlayacağıq, baxaq görək Alisa təhsil boyu hansı çətinliklərlə qarşılaşacaq. Çətinlikləri olarsa ona şəxsi psixoloq verilməsi ideyasını da nəzərdən keçirəcəyik”.


Sadovniçiy həm də qeyd edib ki, qızcığaz nə qədər ağıllı olsa da, psixikasının yeni-yeni formalaşdığı yaşındadır. Sonra rektor Alisa Teplyakovanın tələbə həyatına uyğunlaşması üçün ona mümkün olan hər cür şərait yaratmağa çalışdıqlarını bildirib.

Ancaq son zamanlar mətbuatda balaca tələbənin təhsilində müəyyən problemlərin ortaya çıxması haqda da yazırlar. Belə ki, müəllimlərin dediyinə görə davamlı distant dərslərdən sonra Alisa universitet auditoruyasında özünü adekvat apara bilmir. Valideyinləri isə, əksinə, müəllimlərin və tələbələrin qızcığaza qarşı uyğun olmayan hərəkətlər etdiklərini deyirlər. Tələbə yoldaşları onunla uşaq kimi əylənmək istəyir, bəzi müəllimlər isə yersiz iradlar bildirərək uşağı əsəbləşdirirlər. Bütün bunlara görə universitetin müəllimi, psixoloq Aleksandr Asmoloq Alisaya öz təhsilini fakültənin nəzdində olan Gənc Psixoloq Məktəbində (GPM) davam etməyi məsləhət görüb. Lakin Alisanın atası Yevgeniy həmin məktəbdəki dərslərin zəif və lazımsız olduğunu əsas gətirərək qızının təhsilini öz fakültəsində davam edəcəyini söyləyib.

Murad Köhnəqala
AzVision.az



Teqlər: Alisa-Teplyakova  





Xəbər lenti