“Avropalıların proqnozu "qorxulu nağıl”dır" - Mixail Bolqov

   “Avropalıların proqnozu "qorxulu nağıl”dır" -    Mixail Bolqov
  31 Yanvar 2022    Oxunub:1844
Alman və holland tədqiqatçılarının hesablamalarına görə, 2100-cü ilə qədər Xəzər dənizində suyun səviyyəsi indikilə müqayisədə 9-18 metr aşağı olacaq. Alimlərin fikrincə, bu hal regionun ekologiyasında, iqtisadiyyatında və siyasi sabitliyində bir sıra problemlər yaradacaq. Tədqiqatın nəticələri Nature Communications Earth & Environment jurnalında dərc olunub.
Bioloq Frank Vesselinq, iqlimşünas Matias Preync və zooloq Tomas Ulkenin gəldikləri bədbin nəticələri şərh etmək üçün AzVision.az
Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutu Səth Sularının Modelləşdirilməsi Laboratoriyasının rəhbəri, texnika elmləri doktoru, UNESCO-nun hökumətlərarasi hidroloji proqramı üzrə Şurasının sədr müavini Mixail Bolqova müraciət edib.

- Avropalı həmkarlar su səviyyəsi təxminlərini proqnozlaşdırarkən temperaturun kəskin yüksəldiyi və çay axınının artmadığı (dəyişmədiyi) ən ağır ssenarilərdən birinə diqqət yetirirlər. Məqalədə daha ətraflı məlumat verilmir, buna görə də deyə bilərik ki, Xəzərin səviyyəsinin dəyişməsində buxarlanmanın rolu təxminən 1/3-ə bərabərdir. 2/3 çayların axınının təsiridir, buna görə də çaylarla su axınının proqnozu olmadan səviyyənin proqnozu mümkün deyil. Bundan əlavə, buxarlanmada külək və onun istiqaməti mühüm rol oynayır və bu da proqnozlaşdırılmalıdır. Müxtəlif ehtiyaclar (suvarma, sənaye və s.) da nəzərə alınmalıdır. Məqalədə səviyyə dəyişikliklərinin amortizasiya mexanizmi haqqında da heç nə deyilmir. Səviyyə dəyişmələrinin bütün sadalanan amilləri ətraflı hesablanmasa, onun proqnozunda ciddi səhvlər olacaq. Odur ki, avropalı həmkarların proqnozu az ehtimal olunan "qorxulu nağıldır"!
Xəzər niyə quruyur? - ŞƏRH

- Xəzərin inkişafı ilə bağlı başqa proqnoz varmı? Sizcə, dünyanın ən böyük gölü üçün hansı gələcək hazırlanır?
- Xəzərin gələcəyi qeyri-müəyyəndir, yalnız onun səviyyəsindəki dəyişikliklərlə bağlı inandırıcı interval məlumdur. Bu interval kifayət qədər böyükdür. Hidroloji və iqlim prosesləri ilə bağlı biliklərə görə gələcəkdə daraldıla bilər, lakin bu problem indiyədək həllini tapmayıb. Regionun, xüsusilə də Xəzərin su ehtiyatlarına antropogen təsirin rolu böyükdür.

- Amma suyun həqiqətən də çəkilməsi faktdır. Məsələn, Bakı bulvarında su sahil zolağından nəzərəçarpacaq dərəcədə uzaqlaşıb. Eyni tendensiya digər Xəzəryanı ölkələrin sahillərində də müşahidə olunur. Bunu necə izah edə bilərsiniz? Xəzərin dayazlaşması və sahil xəttinin dəyişməsinin səbəbləri nələrdir?
- Xəzərin səviyyəsinin dəyişməsinin səbəbləri onun su balansı ilə bağlıdır. Orta şərtlərdə dənizin səviyyəsi tarazlıq səviyyəsi (və ya cazibə səviyyəsi) ətrafında dəyişir. Yuxarı və aşağı hədd dövrləri onilliklər boyu davam edə bilər və bu, prosesin ehtimal modeli baxımından normaldır. Təbii ki, bu zaman sahil xəttinin mövqeyi də dəyişir və proses bütün dənizə, hətta Volqa deltasına da təsir edir.

- Sizcə, Xəzərin səviyyəsinin aşağı düşməsi və sahil xəttinin dəyişməsi təhlükəsi nə vaxta qədər davam edəcək?
- Bu gün Xəzərin səviyyəsi ilə bağlı təqvim proqnozu vermək mümkün deyil. Yalnız dəniz səviyyəsinin bu və ya digər diapazonda qalma ehtimalını göstərmək olar.

- Sizcə, Xəzər dənizinin daha da dayazlaşmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Bu problemin həlli üçün Xəzəryanı ölkələr tərəfindən addımlar atılırmı?
- Dənizin səviyyəsini tənzimləmək üçün praktik olaraq heç bir tədbir yoxdur. Qaraboğazgölü dənizlə birləşdirən boğazı bağlamağa cəhd edə bilərsiniz, vəssalam. Xəzər hövzəsindəki su anbarlarının səthindən buxarlanma itkilərini azaltmaq, yəni onları aşağı salmaq mümkündür, amma heç bir xəzəryani ölkə buna getməyəcək.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az


Teqlər: Xəzər  





Xəbər lenti