“Xəzər dənizi 21-ci əsrin ikinci otuz ilində daha çox enəcək” - Nataliya İvkina

   “Xəzər dənizi 21-ci əsrin ikinci otuz ilində daha çox enəcək” -    Nataliya İvkina
  31 Yanvar 2022    Oxunub:2378
Alman və holland tədqiqatçıların hesablamalarına görə, Xəzər dənizində suyun səviyyəsi ildə 6-7 santimetr azalır. Bu sürətlə əsrin sonuna qədər dənizin səviyyəsi 9-18 m aşağı düşəcək və sahəsinin təxminən üçdə biri quruyacaq. Avropalı alimlər hesab edirlər ki, bu hal bir sıra ekoloji və iqtisadi problemlər yaradacaq.
Bu proqnozları şərh etməsi üçün AzVision.az Qazaxıstanın “Kazidromet” Dövlət Müəssisəsinin Xəzər dənizinin Hidrometeoroloji Tədqiqat Departamentinin rəhbəri, Dünya Dəniz Təşkilatının dəniz okeanoqrafiyası üzrə texniki komissiyalarının eksperti, “Hidrometeorologiya və ekologiya” jurnalının baş redaktor müavini, coğrafiya elmləri namizədi Nataliya İvkinaya müraciət edib.

- Alman və holland tədqiqatçılar öz qənaətlərində hansı məlumatlara əsaslanıblar?
- Utrext və Bremen universitetlərinin alimləri məqalələrində diqqəti yaxın onilliklərdə buxarlanmanın əhəmiyyətli dərəcədə artmasına yönəldirlər, bunun sayəsində Xəzər dənizinin səviyyəsi sürətlə enəcək. Bir çox tədqiqatçılar, ilk növbədə rusiyalılar hesab edirlər ki, almanlar iqlim tədqiqatı məlumatları ilə kifayətlənir, Aralıq dənizi hövzəsindən gələn qış yağıntılarını nəzərə almırlar. Onlar Xəzər hövzəsinin əsas çayı olan və ona axan suyun 85 faizini təmin edən Volqa hövzəsinə nəhəng su kütlələri daşıyan yay siklonlarını hesaba salmırlar. Biz gələcəkdə suyun səviyyəsinin aşağı düşəcəyini proqnozlaşdırsaq da, müşahidələr dəniz səviyyəsində azalma göstərsə də, fikrimcə, onların proqnozları son dərəcə bədbindir və reallaşma ehtimalı azdır.
Xəzər niyə quruyur? - ŞƏRH

- Xəzərin səviyyəsinin aşağı düşməsi tendensiyası bir neçə ildir müşahidə olunur. Bunun səbəbləri nələrdir?
- Qapalı su hövzəsi olduğu üçün Xəzər dənizinin səviyyəsi digər dənizlərdəki səviyyə dəyişmələrindən fərqli olaraq uzunmüddətli, illik və mövsümi dəyişikliklərə məruz qalır. Səviyyənin bu şəkildə dəyişməsi həcmli dəyişmələr növünə aiddir. Onlar dəniz hövzəsində su kütlələrinin həcminin dəyişməsini əks etdirir, dənizin istənilən hissəsində təxminən eyni ölçüyə malik olur və adətən ləng, nisbətən müntəzəm xarakter daşıyırlar. 2006-cı ildən Xəzər dənizinin səviyyəsi aşağı düşmə tendensiyası nümayiş etdirir. 2021-ci ildə onun işarəsi Baltik Sistemi (BS) üzrə -28,42 m idi, 2021-ci ilin dekabrında isə -28,55 mBS-yə çatdı. 2005-ci ildən 2021-ci ilə qədərki dövrdə dənizin ümumi səviyyəsi 1,51 m enib. Bundan başqa, son bir ildə səviyyənin enmə intensivliyi 18 sm olub. Bu müddət ərzində dəniz suyu səthinin sahəsi 23 min kv. km-dən çox azalıb ki, bunun yarısı Şimali Xəzərin Qazaxıstan hissəsinə düşür.
Son 15 ildə Xəzər dənizinin akvatoriyasına çox az yağıntı düşüb və buxarlanma prosesləri daha intensiv olub, üstəlik Volqa çayı hövzəsində silsilə quraqlıq illərlə əlaqədar orta su axını da çox az olub. Həmin su çatışmazlığının əsas səbəbi bütün şimal yarımkürəsini əhatə edən istiləşmədir.


- Xəzərin səviyyəsinin aşağı düşməsi nə vaxta qədər davam edəcək?
- Bizim proqnozumuza görə, bu tendensiya növbəti onilliklərdə də davam edəcək. Biz gələcək iqlim dəyişikliyinin su balansının komponentlərinə və Xəzər dənizinin səviyyəsinə təsiri ilə bağlı tədqiqatlar aparmışıq və bunun üçün Hidrometeorologiya üzrə Xəzər Koordinasiya Komitəsinin tabeliyində yaradılmış yerüstü axınlar Kataloqundan istifadə etmişik.
Hesablamalar göstərib ki, Xəzər dənizinin səviyyəsi sabit enmə tendensiyası keçirir. Bu özünü 21-ci əsrin ikinci otuz ilində xüsusilə aydın göstərəcək. Hesablamalarımıza görə, 2030-cu ilə qədər Xəzər dənizinin səviyyəsi -29,4…-29,6 m-ə çata bilər. Araşdırmalarımız haqqında daha ətraflı məlumatı 2021-ci il 27-28 oktyabr tarixlərində onlayn keçirilən və hazırda toplu halda nəşrə hazırlanan “Xəzər dənizi regionunda iqlim dəyişikliyi” elmi konfransının materiallarından tapa bilərsiniz.

- Xəzər regionu üzrə konkret dövr üçün iqlim proqnozu varmı?
- Belə bir proqnoz hələ ki hazırlanmayıb. Xəzər dənizinin Hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin 4-cü Sessiyasında beş ölkənin Xəzər regionunda vəziyyətin və iqlim dəyişikliyinin monitorinqi üçün İllik Bülleten nəşr etməsi qərara alınıb. İqlim bülleteni və onun məzmunu məsələsi CASPCOM-un 5-ci sessiyasında da müzakirə olunub. Alimlərimiz bununla yanaşı Xəzər dənizinin Qazaxıstan ərazisində iqlim dəyişikliyi ilə bağlı tədqiqatlar da aparırlar. Tədqiqatlar göstərib ki, havanın orta illik temperaturunun artım tempi 10 ildə 0,24 0С ilə 0,43 0С arasında dəyişir. Qeyd edək ki, son 20 ildə Xəzər regionunun bütün stansiyalarında uzunmüddətli orta göstəricidən müsbət yayınmaların əksəriyyəti qeydə alınıb. Yağıntının illik miqdarı əhəmiyyətli illik dəyişkənlik və ümumiyyətlə, uzunmüddətli meyllərin olmaması ilə xarakterizə olunur.

- Necə düşünürsünüz, Xəzər dənizinə axan çayların sululuğunu artırmaq üçün Xəzəryanı ölkələr tədbirlər görməlidirmi?
- Su zonasını bölüşən ölkələr - Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan əməkdaşlığı inkişaf etdirməli, birgə elmi tədqiqatlar aparmalı, proqnozlar və müşahidə məlumatları mübadiləsi etməlidirlər. Bu artıq CASPCOM-da və Tehran Konvensiyasında qismən həyata keçirilir.

- Dəniz səviyyəsinin aşağı düşməsi Xəzərin faunasına necə təsir edir?
- Səviyyənin aşağı düşməsi ekosistem üçün mənfi nəticələrə səbəb olur. Kanalların dayazlaşması, kürü tökmə yerlərinin azalması, şoranlığın artması balıq ehtiyatı üçün yem sahələrinin daralmasına gətirib çıxaracaq, balıq ovu azalacaq və nəticədə balıqçılıq müəssisələri üçün problemlər yaranacaq. Suyun səviyyəsinin düşməsi sahilboyu və dayaz su zonalarında təsərrüfat fəaliyyətini xeyli çətinləşdirir. Liman qurğularının istismarı və dəniz nəqliyyatı ilə bağlı təsərrüfat subyektləri buna xüsusilə həssasdırlar.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az



Teqlər: Xəzər  





Xəbər lenti