Naxçıvanda “iqtisadi möcüzə” davam edir – TƏHLİL

// Zəngəzur dəhlizinin açılması bölgənin inkişafına güclü təkan verəcək

   Naxçıvanda “iqtisadi möcüzə” davam edir –    TƏHLİL
  10 Fevral 2022    Oxunub:4504
Naxçıvan iqtisadiyyatı Azərbaycan iqtisadiyyatının tərkib hissəsi olsa da, özəl xüsusiyyətləri və inkişaf cəhətlərilə həmişə seçilib. Ölkə iqtisadiyyatının keçən ili necə başa vurduğu bəllidir. İqtisadiyyatımız nəinki 2020-ci il pandemiyasının vurduğu zərərdən çıxdı, hətta 4,3 faizlik iqtisadi tənəzüllə qarşı 5-6 faiz artım nümayiş etdirdi.
Ölkəmizin ümumi iqtisadi mənzərəsi fonunda həmişə ayrıca diqqət yetirdiyim Naxçıvan Muxtar Respublikasında isə vəziyyət pandemiya şəraitində necə idisə, elə də davam edib. Yəni iqtisadiyyat əvvəlki artım tempini saxlayır. Keçən il yazdığım şərhdə Naxçıvanın pandemiya yağışından islanmadan çıxdığını qeyd etmişdim. Bu bölgəmiz ümumən 4,3 faiz tənəzüllə başa vurduğumuz 2020-ci ili 1,1 faiz artımla yekunlaşdırmışdı. Bu, möcüzə idi.

2020-ci ilin statistikasına əsasən, Naxçıvanda ÜDM istehsalı 2 milyard 907 milyon 810 min 500 manat təşkil etməklə 1,1 faiz artmışdı. Ona görə də Prezident İlham Əliyev keçən il mayın 10-da Naxçıvana səfəri zamanı AzTv-yə müsahibəsində qeyd etdi ki, bölgə sürətlə inkişaf edir və burada bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. "Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmendir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb",- dövlət başçısı bildirmişdi.

2021-ci ildə isə Muxtar Respublikada ÜDM istehsalı 3 milyard 16 milyon 315 min manat təşkil etməklə, bir il əvvəlki göstəricidən 2,4 faiz çox olub. Bölgədə 2021-ci ildə sənaye məhsulu 2020-ci illə müqayisədə 1,7 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2 faiz, kənd təsərrüfatı məhsulu 5,3 faiz, nəqliyyat sektorunda yük daşınması 0,9 faiz, informasiya və rabitə xidmətləri 6,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,8 faiz artıb.

Bütün bu rəqəmlər göstərir ki, Naxçıvandakı iqtisadi artım dayanıqlı sütunlara söykənir. Bu olduqca mühüm şərtdir; belə olanda mövcud iqtisadi durum nadir hallarda kəskin şəkildə dəyişir. Naxçıvanda əldə olunan 2,4 faizlik artımın ümumən ölkə üzrə 5,6 faizlik anoloji göstəricidən fərqi də məhz bundan ibarətdir. Xammal ixracına söykənməyən iqtisadi artım heç bir zaman sıçrayışlı şəkildə qalxıb-düşmür və özünü həmişə ardıcıl, yavaş templə büruzə verir.

Naxçıvanda keçən il “İxrac ili” elan olunmuşdu. Bu, təsadüfi deyildi və çox mühüm strateji məqsəd daşıyırdı. Axı Naxçıvanda nə neft var, nə qaz... Ancaq iqtisadiyyatı birmənalı olaraq ixrac üzərində qurulub. Burada çoxlu çeşiddə ixrac qabiliyyətli məhsullar istehsal edilir. Məqsəd əvvəllər büdcəni möhkəm və dayanıqlı gəlir mənbələrilə təmin etmək idisə, sonradan bu, ardıcıl iqtisadi inkişaf istəyində başlıca prioritetə çevrildi. Naxçıvanın uğuru da məhz bundan ibarətdir.




Müəllifin əvvəlki yazıları:


Minimum pensiya məbləği: problem nədədir? – TƏHLİL
Bankların vəziyyəti düzəlib, amma yenə əyridir – TƏHLİL
“Çörək bazarı” əslində necə tənzimlənməlidir – TƏHLİL
2022: İqtisadiyyatda böyük ümidlər ili – TƏHLİL İqtisadi artımın davamlı olması üçün nə lazımdır – TƏHLİL
İqtisadiyyatımız pandemiyadan əvvəlki vəziyyətə qayıdıb – TƏHLİL
“Ehtiyac meyarı”na ehtiyac yoxdur – TƏHLİL
Lirə böhranı: Türkiyənin səhvi nədədir? – TƏHLİL
Minimum əmək haqqının əhəmiyyəti artmalıdır – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL

Ümumiyyətlə, Naxçıvanda iqtisadiyyat demək olar, bütün sektorlar üzrə ixraca köklənib. Götürək, kənd təsərrüfatını. 2021-ci ildə əvvəlki ilə nisbətən 5,3 faiz çox, yəni 573 milyon 380 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Halbuiki, ölkə üzrə bu rəqəm 3,4 faizdir. Bu ondan irəli gəlir ki, bölgədə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə tədbirlər də ixrac hədəfi və prinsipləri üzərində qurulub. Muxtar Respublikanın Ali Məclisinin Sədri Vasif Talıbovun 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq etdiyi “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nı buna misal göstərmək olar. Kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək və bu sahədə yeni emal müəssisələrin yaradılması istehsal olunan məhsulların ixrac potensialına malik olması məqsədi daşıyır ki, hər şey buna tabe edilib.

Yaxud Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun 2021-ci ilin martında təsdiqlədiyi “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na baxaq. Burada meyvə-tərəvəz məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi istəyi ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə tandemdə götürülüb. Bütün bunlar da onu göstərir ki, hər bir iqtisadi fəaliyyət sahələri üzrə Dövlət Proqramları ixracyönümlü hədəf üzərində qurulub və hər şey məhz bunun üzərində təsbit və təsdiq olunur.

Odur ki, Naxçıvanın real iqtisadi durumu, seçdiyi kurs olduqca xoş təəssürat doğurur. Söhbə, yaxşı düşünülmüş siyasətdən gedir. Fasiləsiz iqtisadi artım üçün ixracın əsas hədəf olması aksiomdur. Əks halda, stabil dinamik inkişaf qeyri-mümkün sayılır.

Naxçıvanda keçən il ərzində hər bir iqtisadi sektor üzrə əldə olunan uğurlar və rəqəmlərin üzərində ayrıca dayanmaq istəmirəm. Təkcə onu qeyd edim ki, Naxçıvan getdikcə daha çox sənayeləşir. 2022-ci il Muxtar Respublikada “Sənaye ili” elan edilib və bununla bağlı Tədbirlər Planı təsdiq olunub. Bu da Muxtar Respublika rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasətin əsas hədəfidir. 2021-ci ildə bölgədə 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki il göstəricisini 1,7 faiz üstələyib.

Yeri gəlmişkən, cari ildə yerli hökumət “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasını başa çatdıracaq. Sözügedən sənəd bazar iqtisadiyyatı mexanizmi əsasında sahibkarlıq fəaliyyətini genişləndirməyi, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə qabaqcıl idarəetmə təcrübəsindən faydalanaraq, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələr yaratmağı nəzərdə tuturdu.

Növbəti ildən yeni beşillik proqramın icrasına başlanacaq ki, bu dəfə bütün vəzifələr geniş perespektivlər fonunda nəzərdə tutularaq, icra ediləcək. Ölkəmizin bu dilbər guşəsinin bundan sonrakı inkişafı özünü həm də Şərqi Zəngəzur, həmçinin Qarabağ iqtisadi rayonları ilə qarşılıqlı əlaqə və dəstək əsasında büruzə verəcək.

Yəni bölgədəki bütün iqtisadi, nəqliyyat və sair əlaqələr bərpa edildikdən, Naxçıvan Muxtar Respublikası ilə qərb rayonlarımız arasında vətəndaşların, nəqliyyat vasitələri və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti təmin edildikdən, başqa sözlə desəm, Zəngəzur dəhlizi işə düşdükdən sonra Naxçıvanın potensialı tam hərəkətə gələcək ki, bu da bölgədə iqtisadi artımın özünü hər il daha artıq və sıçrayışlı şəkildə büruzə verməsi ilə nəticələnəcək.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Dövləti borca salanlar – TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL



Teqlər: Naxçıvan  





Xəbər lenti