"Böhran Azərbaycan qazına marağı artırıb" - Yan Bremer (Eksklüziv)
- Avropa İttifaqı çoxdandır ki, alternativ olaraq Azərbaycan qazının nəqlində maraqlıdır. Azərbaycan region daxilində enerji marşrutlarının diversifikasiya prosesində mühüm rol oynayır. Bu baxımdan digər ixracatçılar arasında real tərəfdaş kimi çıxış edir. Hazırkı böhran Azərbaycana marağı yenidən gündəmə gətirib,- deyə Bremer vurğulayıb.
Azərbaycanın enerji resurslarının nəqli üçün tranzit imkanlarına malik olduğunu qeyd edən ekspert üç boru kəmərini (Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP) əhatə edən Cənub Qaz Dəhlizi layihəsinin regional strateji əhəmiyyətindən də danışıb. Onun sözlərinə görə Cənub Qaz Dəhlizi Avropa ölkələri, xüsusilə də İtaliya üçün yeni və mühüm təchizat mənbəyinə çevrilib.
Qeyd edək ki, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Azərbaycan qazını Gürcüstan, Türkiyə Yunanstan, Bolqarıstan, Albaniya ərazilərindən və Adriatik dənizin dibindən keçərək, İtaliyaya çatdırır. 2021-ci ilin yanvar ayının 1-dən başlayaraq Azərbaycan İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz edib. Cari il üçün təchizat 9 milyard, 2023-cü il üçün isə, azı 11 milyard kubmetr nəzərdə tutulub. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəmərinin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
Yan Bremer Cənub Qaz Dəhlizi vasitəsilə təchizatın daha da artırılmasına ehtiyac olduğunu deyir. O əmindir ki, Azərbaycanda daxili tələbat artsa da, etibarlı təchizatçı olaraq qalacaq.
- Avropada baş verən dəyişikliklər, xüsusilə də “yaşıl gündəm”in sürətləndirilməsi strateji xarakter daşıyacaq. Avropa karbohidrogenlərdən asılılığını əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyib. Aralıq mərhələdə qaz bu asılılıqdan qurtulmağa kömək edəcək. Lakin sözsüz ki, uzunmüddətli perspektivdə Avropa dekarbonizasiyaya və təmiz enerjiyə keçidə doğru irəliləyəcək,- deyə politoloq fikirlərini yekunlaşdırıb.
Səbinə Həsənova
AzVision.az
Teqlər: Qaz