"Qlobal qartal"ın "qlobal qırğı"sı - DOSYE

“RQ-4 Global Hawk” dronu Ukrayna dramının personajına çevrilir

 "Qlobal qartal"ın "qlobal qırğı"sı -  DOSYE
  16 Fevral 2022    Oxunub:5280
Vaşinqtonun və onun müttəfiqlərinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi barədə verdikləri bəyanatlar hələlik özünü doğrultmur. Açığı, bunların elə bəyanat kimi qalacağı ehtimalı daha böyükdür. Amma müxtəlif silahların vasitəsilə əzələ nümayişi bir anın içində istənilən variantı gerçəkləşdirə bilər.
Vladimir Putinlə növbəti telefon danışığından sonra Bayden Rusiyanın fevralın 16-da Ukraynaya girəcəyinin anonsunu verdi. Putin isə Kremldə Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu ilə görüşdü. Maraqlıdır ki, məhz bu hadisələrdən sonra Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko Rusiya ilə müharibədən qaçmaq naminə ölkəsinin NATO-ya girmək istəyindən imtina etməsi məsələsinin müzakirə oluna biləcəyini söyləyib.

Bununla belə, kollektiv Qərb Vaşinqtonun məharətli dirijorluğu altında müharibə mövzusunu çox məharətlə körükləyir və Ukraynaya müxtəlif silahlar göndərməkdə davam edir. Müasir müharibələrdə pilotsuz uçuş aparatlarının (PUA) əhəmiyyətini yaxşı dərk edən Vaşinqton bu məsələdə Rusiyaya qarşı əsas silah kimi “RQ-4 Global Hawk” strateji kəşfiyyat PUA-sını görür. ABŞ ordusunun komandanlığı bu ilin yanvarında həmin dronlardan birini qoşunların cəmləşdiyi Rusiya-Ukrayna sərhədinə göndərib.


Yeri gəlmişkən, “RQ-4 Global Hawk” dronu 2019-2021-ci illərdə dəfələrlə Donbass üzərində, Krım yarımadasının Qara dəniz sərhədləri yaxınlığında və hətta Rusiyanın Krasnodar diyarının sahilləri boyu uçuşlar həyata keçirib ki, bu da Moskvada ciddi narahatlıq doğurub. Bu dronlar Baltik dənizi üzərində, Suriyadakı rus bazalarının həndəvərində də uçuşlar həyata keçiriblər. Maraqlıdır ki, Rusiya sərhədləri yaxınlığında yalnız kəşfiyyatçı PUA-lar yox, habelə “Boeing B-52H” strateji nüvə bömbardçançı təyyarələri də qeydə alınıb. Ötən ilin aprelində İtaliyanın Siciliya adasındakı Siqonella aviabazasından səmaya qalxaraq Pskov və Leninqrad vilayətlərinin sərhədləri boyu uçuş edən “RQ-4 Global Hawk” PUA-sı Rusiyanın sərhədlrinin 39 kilometrliyinə yaxınlaşıb.

Bu isə hərbi əməliyyatlar başlanacağı halda NATO-nun bir sıra ölkələrindəki hərbi bazalarda yerləşdirilmiş “RQ-4 Global Hawk” dronlarının Rusiyaya qarşı işə salınacağından xəbər verir. Amma əsas məsələ, bu PUA-ların Rusiyanın müasir hipersəs sürətli silahlarına qarşı mübarizədə nümayiş etdirəcəyi faydalı iş əmsalının (FİƏ) səviyyəsidir.



Buna görə də, “RQ-4 Global Hawk” dronunun hərbi-texniki göstəriciləri maraq doğurur. Amerikalılar “Global Hawk” PUA-sını kinetik döyüş hissəsi ilə təchiz edilmiş və taktiki, habelə operativ-taktiki ballistik raketlərin vurulmasına hesablanmış kiçik ölçülü antiraketlərin daşıyıcısı kimi qiymətləndirirlər. Ötən əsrin 90-cı illərinin sonlarında Lourens adına Livermor milli laboratoriyası ABŞ ordusu ilə birgə “Global Hawk”ın 6 antiraketlə silahlanmış variantını təklif etdi. İlkin varianta görə, bərk yanacaqla işləyən kiçlik ölçülü, ikipilləli belə antiraketlər startdan 2 dəqiqə sonra uçuşun aktiv fazasında həssas hədəfə çevrilən ballistik raketi məhv etməli idi. Lakin həddən çox texniki risklər üzündən bu sxemdən sonradan imtina olundu. 2000-2001-ci illərdə dronun ballistik raketləri startdan sonra ilk 10 dəqiqədə vurması variantı nəzərdən keçirildi.

Məhz bu proqram çərçivəsində “RQ-4 Global Hawk” strateji kəşfiyyat PUA-sı ABŞ-ın “Northrop Grumman” müəssisəsinin “Teledyne Ryan Aeronautical” törəmə şirkəti tərəfindən yaradılıb. İlk uçuşu 1998-ci il fevralın 28-də ABŞ Hərbi Hava qüvvələrinin (HHQ) Kaliforniyadakı bazasından həyata keçirib. ABŞ Hərbi Dəniz qüvvələrinə (HDQ) “Global Hawk”ın ilk dronu 2004-cü ildə verilib və 2006-cı ilin martından başlayaraq hərbi tapşırıqları yerinə yetirməyə başlayıb. Maya dəyəri 140 milyon dollar təşkil edən PUA-nın bir saatlıq uçuşu 31 min dollara başa gəlirdi. 2014-cü ildə bu rəqəmi 24 min dollara endirmək mümkün olub.


Normal aerodinamika sxemi üzrə hazırlanan “RQ-4 Global Hawk”ın korpusu alüminium xəlitələrdən ibarətdir. Ölçülərinə və çəkisinə görə dünyada ən böyük PUA-dır. Uzunluğu 13,3 metr, qanadlarının əhatə dairəsi 35 metrdir. Uçuş vəziyyətində çəkisi təxminən 15 tondur. Hündürlüyü 4,63 metr olan PUA-nın qanadlarının sahəsi 50,1 м² təşkil edir. Xüsusi çəkisi 5,148 ton olan PUA saatda 837 кm sürətlə uçur. Təxminən 7 ton yanacaq götürür. Bir dəfəyə maksimum 36 saat havada qala bilən “RQ-4 Global Hawk”nın qət edəcəyi məsafənin uzunluğu 25015 km-dir. Məyyən edilmiş zonada hərəkət radiusu təxminən 5500 km, uçuşun keçirildiyi ən böyük hündürlük isə 19,811 km təşkil edir.
İkikonturlu reaktiv “Allison Rolls-Royce AE3007H” mühərriklə təchiz olunmuş aparat 907 kq-dək faydalı yükdaşıma qabiliyyətinə malikdir.

“Global Hawk” kompleksi hava, yerüstü və xidmət seqmentlərindən, habelə təlim keçmiş personaldan ibarətdir. HISAR (Hughes Integrated Surveillance & Reconnaissance) tipli inteqrasiya olunmuş müşahidə və kəşfiyyat sistemi ilə gücləndirilib. Dronun təchiz edildiyi “Raytheon (Hughes)” şirkətinin hazırladığı radar istənilən hava şəraitində işləməyə imkan verir. Sutka ərzində 200 kilometrlik məsafədə yerləşən 138 min km² ərazidən görüntüləri toplaya bilir. “Global Hawk” genişzolaqlı sputnik rabitəsinə və birbaşa görüntü zonası hüdudunda rabitə əlaqəsinə malikdir. “X-diapazon”da işləyən SAR/MTI alt sistemi aşağıdakı əməliyyatları həyata keçirməyə imkan verir:
1. 100 kilometrlik radiusda hərəkət edən obyektləri müəyyənləşdirmək və qeydə almaq;
2. 6 metrdən başlayaraq 37 km enində və 20 metrdən tutaraq 110 km uzunluğa qədər zolaqda müşahidə aparmaq;
3. Detallaşdırma rejimində 1,8 metrdən 10 km²-ə qədər ərazidə yreləşən obyektlərin təsvirini vermək.

PUA-nın radarı hərəkətdə olan yerüstü obyektləri aşkarlamaq və onlar barədə məlumatları mətn şəklində ötürmək qabiliyyətinə malikdir. Avtonom (muxtar) qaydada uçuş və sputnik kanalları vasitəsilə kəşfiyyat məlumatlarını yerüstü stansiyaya ötürmək üçün nəzərdə tutulan “Global Hawk”ın indiyədək bir neçə modifikasiyası istehsal olunub.

RQ-4А Global Hawk (Block 10). Bu tipdə İstehsal olunan 7 PUA 2011-ci ildə istifadədən çıxarılsa da, onlardan indiyədək hələ də uçanları var (04-2021 və 42015 təyyarələri).

RQ-4B Global Hawk (Block 20). Yükgötürmə qabiliyyəti və qanadlarının əhatəsi (39,8 metrə qədər) artırılıb, uçuşunun uzaqlığı isə 8700 dəniz mili (16,112 km-ə) həddinədək azaldılıb.

RQ-4B Global Hawk (Block 30). 2011-ci ilin avqustunda ABŞ HHQ-nin silahlanmasına qəbul olunub. Həmin vaxta qədər belə PUA-lardan biri Liviya hərbi əməliyyatlar səhnəsinə atılıb. Bu hələ 2011-ci ilin martında Liviyaya hava zərbələri endirilməmişdən qabaq olub. Belə PUA-lardan birindən isə Yaponiyada təbii fəlakət zonalarına uçuşlar zamanı istifadə edilib. 2011-ci ilin iyununa qədər ABŞ HHQ-nə 12 belə dron verilib. Daha təkmil “Blok 40” modifikasiyasına qədər ABŞ HHQ-nə bu qəbildən olan daha 19 PUA-nın satılması nəzərdə tutulurdu. Lakin 2012-ci ilin yanvarında ABŞ HHQ “RQ-4 Global Hawk” PUA-sının “Block 30” versiyasının alınmasının dayandırılması, alınanların isə ehtiyata keçiilməsi qərarını verdi. Buna səbəb “Lockheed U-2” dronları ilə müqayisədə “RQ-4 Global Hawk”ın xidmətinə çəkilən xərclərin çox yüksək olması idi.

RQ-4B Global Hawk (Block 40). 2013-cü ildə ABŞ-ın Müdafiə nazirliyi “RQ-4 Global Hawk”ın “Block 40” modifikasiyalı 6 təyyarəsinin alınmasına hərbi xərclər büdcəsindən 1,2 milyard dollar ayırdı. Əvvəlki modifikasiyalardan “MP-RTIP” multiplatforma tipli radarla təchiz olunması ilə fəırqlənir. İlk uçuşunu 2009-cu il noyabrın ortalarında həyata keçirib. Bu PUA-ların yerləşdiyi məkan Şimali Dakota ştatındakı “Qrand Forks” bazasıdır.

MQ-4C Triton. “RQ-4 Global Hawk”ın bazasında hazırlanmış dəniz patrulu təyyarəsidir. Suüstü gəmilərin aşkarlanmasına hesablanmış X-diapozonlu radara malik olan bu dron ABŞ HDQ-nin genişləndirilmiş dəniz kəşfiyyatına aiddir.

RQ-4E Euro Hawk. RQ-4-ün ABŞ-ın “Northrop Grumman” və “Avropa aviakosmik konserni”nin (EADS) “Global Hawk Block 20”nin bazasında birgə yaratdığı alman dronu. 2009-cu ildə təqdim olunub. Bu PUA-nın Avropa versiyasında EADS-ın hazırladığı “SIGINT” radiotexnik kəşfiyyat avadanlığı quraşdırılıb. “Euro Hawk” layihəsinim maliyyəşdirən Almaniya hökuməti buna 559 milyon dollar xərcləyib. 2011-ci ilin oktyabrında Almaniya sifariş etdiyi 5 “RQ-4 Euro Hawk” PUA-larından birincisini aldı. Qalan 4 dronun 2016-cı ildə alınması nəzərdə tutulurdu. Lakin uçuşlara razılıq olmadığı üçün 2013-cü ilin mayında layihənin dayandırılması barədə rəsmi səviyyədə məlumat açıqlandı.



Polar Hawk. “Northrop Grumman” şirkətinin Kanadanın silahlı qüvvələri üçün təklif etdiyi modifikasiya. “RQ-4 Global Hawk Block 30” versiyasını bazasında hazırlanan bu PUA-lar xüsusilə soyuq olan şəraitdə işləməyə hesablanıb. 18,3 km-lik yüksəkliyə qalxamağı və 33 saat ərzində fasiləsiz nəzarət həyata keçirməyi bacarır.



Yeri gəlmişkən, “Global Hawk” ilk PUA-dır ki, müstəqil uçuş tapşırığı və əlavə bildirişlər olmadan ölkə ərazisində mülki hava dəhlizlərindən istifadə etməklə uçuşlar həyata keçirmək üçün ABŞ-ın Mülki aviasiya federal idarəsinin razılığını alıb.
2018-ci ildə ABŞ HHQ-nin tərkibində “RQ-4B” modifikasiyalı 29, HDQ-ndə isə “RQ-4А” tipli 4 dron var idi. Bundan başqa, ABŞ HDQ “70 MQ-4C Triton” tipli 70 PUA sifariş verib. 2012-ci ilin mayında NATO-nun o vaxtkı rəhbərliyi “RQ-4 Global Hawk Block 40” modifikasiyalı 5 PUA almaq üçün 1,7 milyard dollarlıq müqavilə imzalayıb.



2014-cü ili martında Avstarliyanın HHQ “RQ-4 Global Hawk Triton” tipli ilk drona sahib olub. PUA Cənubi Avstraliya ştatındakı Edinburq aviabazasında yerləşdirilib. “RQ-4 Qlobal Hawk”ın daha 3 komplektini Cənubi Koreya alıb.

Hazırda hərbi-texniki parametrlərinə görə dünyanın ən yaxşı dronlarından sayılan “RQ-4 Qlobal Hawk” da itkilərdən xali qalmayıb. Hərçənd, itkilərin mütləq əksəriyyəti texniki nasazlıqla bağlıdır.

Məsələn, 1999-cu ilin iyununda “RQ-4A” PUA-sı Edvard aviabazasına eniş zamanı qəzaya uğrayıb. 2012-2021-ci illərdə daha 3 PUA ABŞ-ın Merilend, Kaliforniya və Şimali Dakota ştatlarında da texniki problemlər nəticəsində itirilib. Bir dəfə belə bir hadisə İspaniyada da baş verib.

Əfqanıstanda aparılan müharibə zamanı 1 PUA Əfqanıstan, 2 dron isə Pakistan səmasında yenə də texniki çatışmazlığa görə qəzaya uğrayıb. Bu sırada yeganə hərbi itki “MQ-4C Triton” modifikasiyalı dronu İranın “yer-hava” tipli raketlə Hörmüz boğazı üzərində vurması ilə bağlıdır.

İtkilərlə bağlı statistika göstərir ki, “RQ-4 Global Hawk” PUA-sı həqiqətən də düşmən üçün çox çətin və ciddi rəqib sayıla bilər. Lakin daha çox kəşfiyyat xarakterli bu dronun hipersəs sürətli silahlara malik Rusiyaya qarşı hərbi əməliyyatlarda nə dərəcədə effektli olacağı məlum deyil. Digər tərəfdən isə, bu cür bahalı dronların Ukraynanın müdafiəsi naminə od-alova atılacağı elə də inandırıcı görünmür.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: ABŞ   PUA  





Xəbər lenti