Rus i ya – Vüsal Məmmədovun yazısı

      Rus i ya    – Vüsal Məmmədovun yazısı
  23 Fevral 2022    Oxunub:5775
Mən heç, mən beyni zəhərlənmiş adamam, sovet uşağıyam, tifilliyim Nərimanovun “Azərbaycanın əbədi səadəti Rusiyaya bağlıdır” sözlərini əzbərləməklə keçib. Tofiq Quliyevin “Rusiya” mahnısının “Azərbaycan” kimi oxunduğunu eşidəndə günü bu gün də Şövkət Ələkbərovanın səsi qulağıma gəlir. Bu, siyasət və ya ideologiya deyildi, bu, tale idi.
Yanvar ayı idi, 12 yaşım vardı, atam bizi başına yığıb, “Odlar yurdu” qəzetindən “Ağla, qərənfil, ağla” şeirini ağlaya-ağlaya oxumuş, səsini bir kasetə yazıb, bərk-bərk tapşırmışdı ki, “bunu heç vaxt itirməyin, həmişə qulaq asın və bilin ki, ruslar bizim düşmənimizdir!” Həmin kasetin indi harada olduğunu bilmirəm, bilsəm belə, çətin ki, “ipod dots”dur-nədir, kimsə qulağına taxıb, atamın ağlaya-ağlaya necə şeir oxumağına qulaq assın. Bu, sadəcə bir tale idi…

Mən tələbə olanda qəzetlər yazırdılar ki, azı iki milyon azərbaycanlı Rusiyada işləyərək, oradan ailəsinə pul göndərir. Nə qədər düz idi, bilmirəm, hazırda nə qədərdir, onu da bilmirəm. Sadəcə, indi hər başını qaldıran deyir ki, ən böyük arzusu “qrin kart” udub, Amerikaya köçməkdir. Bəlkə onda da köçmək istəyərdilər, sadəcə, Amerika çox uzaqda idi. Rusiya isə yaxındadır və Rusiyanın bizə yaxında olmağı bir taledir.

Bu gün də Azərbaycanın rayonlarındakı gənclərin iş tapa bilməyənləri Rusiyaya üz tutur, oradan “bi şey-mi şey çıxardıb”, geri dönür və özünə ev tikir. Azərbaycanda Rusiya pulu ilə tikilən çoxlu evlər, rus pulu ilə qurulan çoxlu ailələr var. Rusiyaya getmək üçün “qrin kart”-zad lazım deyil. Bu, lotoreya yox, taledir.

Sosial şəbəkədə yazılanlara baxıram, əksəriyyət iddia edir ki, Rusiya düşmənimizdir. Lap dərinə gedənlər Mərzban ibn Məhəmmədin rusları Bərdədən necə qovmasından başlayırlar, üzdən keçənlər isə 20 yanvar və Xocalı faciələrini xatırladır. İkisinin ortasında Sisyanovla Lisaneviç var. Nə demək olar, haqlıdırlar. Bunlar tarixdir və taledir.

Bu gün Rusiya sülhməramlılarının çətirinin altındakı ermənilər azərbaycanlı əsəblərinə müharibə elan ediblər. Bilirik ki, son nəticədə əllərindən heç nə gələn deyil, amma yenə də adama pis toxunur. Və toxunanın bir hissəsi təzədən rikoşetlə ruslara tərəf sıçrayır. Bu da taleyin başqa cilvəsidir.

Mən ibtidai sinifdə oxuyanda qızlar fevralın 23-də bizi təbrik edərdilər. Sonra məlum oldu ki, 23 fevral – düşmən ordunun, işğalçı silahlı qüvvələrin yaranma günüdür. Bu gün bağçada rus sektoruna gedən qızımı götürəndə məni özünün düzəltdiyi, üstündə “С днем защитника!” yazdığı açıqca ilə təbrik etdi. Bu nədir belə: Sansara?! Yox, taledir bu, tale…

Qısası, nə başınızı ağrıdım, Rusiya bizim üçün qonşu deyil, böyük dövlət də deyil, müttəfiq də deyil, dost da deyil, düşmən də deyil… taledir, tale! O, mənim babam üçün tale olmuşdu, atam üçün də tale olmuşdu, mənim üçün də taledir, qızım üçün də tale olur…

“20 ildən sonra Rusiya nə olacaq”, “Putindən sonra Rusiya dağılacaq”, “Gələcək Qərbindir”... Bu proqnozların hamısı səhvdir. Rusiyaya ölkə kimi, siyasi sistem kimi yanaşmaq apriori yanılmaqdır. Rusiyaya şər və ya xeyir kimi yanaşmaq da həmçinin. Yeganə doğru Rusiyaya tale kimi yanaşmaqdır. Tarix hələ ki ancaq bunu təsdiqləyib.

Vüsal Məmmədov

AzVision.az



Teqlər:   Rusiya  





Xəbər lenti