Təhlükəsizlik üçün tələb olunan islahatlar – Hərbi analitikin fikri

   Təhlükəsizlik üçün tələb olunan islahatlar –    Hərbi analitikin fikri
  22 Mart 2022    Oxunub:3141
“Dünyada gedən proseslər göstərir ki, güclü silahlı qüvvələr müstəqilliyimizin əsasıdır və bunun təmin edilməsi üçün köklü islahatlara getmək şərtdir”. Bu sözlər hərbi təhlilçi, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyevə məxsusdur.
O bildirib ki, bu istiqamətdə dünyada gedən prosesləri analiz etsək aşağıdakı qabaqlayıcı tədbirlərin görülməsi təklif oluna bilər:

1. Tam orta məktəblərdə hərbi dərslərin keyfiyyətinin artırılması və daha çox praktiki vərdişlərin aşılanmasına ehtiyac var.
• Fiziki hazırlıq, yetərlilik standartlarının yüksəldilməsi, xüsusən də məktəblərdə şərq döyüş idman növlərinin təşviqi önəmlidir.
• Atıcılıq dərslərində simuliasiya vasitələri ilə məşqlərlə yanaşı, pnevmatik və gerçək silahlarlardan da istifadə olunması vərdişlərin qazanılması əhəmiyyətlidir. Bunun üçün Müdafiə Nazirliyinin bölgələrdəki hərbi hissələrində olan imkanlardan faydalanmaq mümkündür.
• Məktəblilər arasında pentatlon, xəritə ilə hərbi səmti müəyyən etmə, silahla davranma, atıcılıq yarışları və kiçik hərbi taktiki oyunlar təşkil olunaraq, stimullaşdırma təmin edilə bilər. Bu işlərə cəlb olunan müəllimlərin xüsusi qabiliyyət imtahanlarından keçirilməsi zərurətdir.

2. Xüsusi təyinatlı ali təhsil müəssisələrinin tək mərkəzdə, bir rəhbərlikdə birləşdirilməsi mümkündür. Ayrı-ayrı təhsil müəssisələrinin yerinə tək mərkəzdə müxtəlif istiqamətlər üzrə fakultələrdə tədris təşkil edilə bilər. Bununla təkrarlanan xərclər aradan qaldırılmış olacaq və maliyyə resurslarına ciddi qənaət edilməsi ilə daxili imkanlar hesabına təminat artırıla biləcək.

3. Milli Müdafiə Universiteti və ona bağlı akademiya, məktəb və mərkəzlərdə xidmət edən professor-müəllim heyətinin peşəkarlar arasından xüsusi yetərlilik imtahanları ilə seçilməsi və ən yüksək kategoriya maaşlarla təmin olunması əhəmiyyətlidir.

4. Milli Müdafiə Universitetinə bağlı akademiya, məktəb və mərkəzlərə müdavim (kursant) qəbulu, attestasiya, imtahan prosesi səffaflaşdırılmalı və keçid balları yüksəldilməlidir. Təlim və tədris müddətində müdavimlərin (kursantların) innovativ elmi və praktiki vərdişlərinin artırılması üçün strateji tərəfdaş dövlətlərlə sıx əməkdaşlıqlar edilməsi əsas meyarlardandır.

5. Silahlı Qüvvələrin ola biləcək "5-ci kolon" ünsürlərindən tam təmizlənməsi zəruridir. Bununla yanaşı, rüşvət və xəyanətin qarşısının alınması üçün lazım olarsa, ciddi qabaqlayıcı tədbirlər görülməlidir.

6. Silahlı Qüvvələrin ştat strukturuna yenidən baxılaraq daha kiçik və çevik bölmələrin yaradılması hesabına qənaətə nail olaraq, xidmət edənlərin təminatının daha da yaxşılaşdırılması mümkündür. Bu, eyni zamanda professional ordu quruculuğunun sürətlənməsini təşviq edəcək.

AzVision.az


Teqlər: Təhlükəsizlik   Ordu  





Xəbər lenti