İnfliyasiyanı necə cilovlamaq olar – ŞƏRH

   İnfliyasiyanı necə cilovlamaq olar –    ŞƏRH
  28 Mart 2022    Oxunub:1355
Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvarında ölkədə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1, qeyri-ərzaq məhsulları 5,9, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 11,1 faiz yüksəlib. Yanvarda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz təşkil edib.
Göründüyü kimi, qiymət artımı və bahalaşma davam edir. Və bunun səbəbləri əvvəlkitək eyni qalır, üstəlik, Ukraynadakı müharibə amili də əlavə olunub. Cari ildən əmək haqqlarının, pensiya və bir sıra sosial ödənişlərin yüksəlməsi də həmçinin infliyasiya təzyiqi yaradır.

Müşahidə göstərir ki, hökumətin əhalinin real gəlirlərini və alıcılıq qabiliyyətini qorumağa dair tədbirləri də istehlak bazarında təklif edən rolunda çıxış edənlər tərəfindən inflyasiya qaynağına çevrilir. Vəziyyət ciddidir, ancaq təlaşa ehtiyac yoxdur. O səbəbdən ki, iqtisadi artım davam edir, işgüzar fəallıq tam bərpa olunmaq istiqamətində inkişafdadır, valyuta bazarımızda heç bir təhlükə gözlənilmir, əsas makroiqtisadi göstəricilər üzrə vəziyyət qənaətbəxş sayılır. Bununla belə, təbii ki, infyasiyanın qarşısı alınmalı, qiymətlərin yüksəlməsi tempi və bahalaşma prosesi dayandırılmalıdır.

Düzdür, bunun üçün qlobal miqyasda da eyni tendensiya baş verməli, bir sıra məhsullar üzrə bazarlarda mövcud ajiotaj səngiməli və tələb ilə təklifin nisbətində balans yaranmalıdır. Əks təqdirdə, daxili bazarda istehlak qiymətləri indeksini təkbaşına cilovlamağımız mümkün olmayacaq. Hazırda bir sıra məhsulların, xüsusən də xam neftin bahalaşmaqda davam etməsi demək olar, bütün inkişaf etmiş ölkələrin "canını boğaza yığıb”. Ümumi bahalaşmada əsas katalizator rolunda da məhz bu amil çıxış edir.
Qida məhsullarının ixracı niyə məhdudlaşdırılıb – Şərh
+
Əsas odur, ölkəmizdə inflasiya çərçivəyə alınsın. Bu il ölkəmizdə illik inflyasiya üzrə hədəf diapozonu 2-6 faiz nəzərdə tutulub. Mərkəzi Bank (AMB) isə hesab edir ki, 6,6-7,5 faiz təşkil edəcək. Yeri gəlmişkən, rəsmi statistikaya əsasən 2021-ci ildə illik inflyasiya 12, orta illik isə 6,7 faiz təşkil etmişdi. Proqnoz isə 2-4 faiz aralığında idi.

Bütün qeyd olunanlara əsasən hesab edirəm ki, ilk növbədə ərzaq məhsulları sarıdan bahalaşmanı dayandırmaq lazımdır. Digərləri baxımdan isə xoflanmağa ehtiyac yoxdur. Çünki inflyasiyanı alovlandıran ərzaq məhsullarının bahalaşmasıdır. Keçən il ərzaq məhsullarının bahalaşması səviyyəsi 15,8 faiz olmaqla ümumi inflyasiyanın təxminən 3/5 hissəsini təşkil edib. Qlobal miqyasda da vəziyyət eynidir. Yəni ən çox bahalaşan ərzaq məhsullarıdır ki, ümumi inflyasiya səviyyəsinin yüksək təşkil etməsinə də zəmin yaradan budur.

Bəs, ərzaq məhsullarının bahalaşması qarşısını necə almaq olar?! İlk növbədə ölkədə minimum istehlak səbətinin tərkibinə daxil olan əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini gücləndirmək, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq lazımdır.

Hesab edirəm ki, əsas çıxış yolu da məsələnin bax, məhz bu kontekstindən asılıdır. Obrazlı desəm, ocağı alovlandıran təzə qoyulan odunlar deyil. İnflyasiya alovunu zəiflətmək üçün ocağın yerindəki kömür qırıntıları təmizlənməlidir. Belə ki, əhali pulunu ən çox ərzağa xərcləyir. Və adi çörək və un məhsullarının qiymət artımı zəncirvari olaraq bütün digər qiymətlərə təsir edir.

Bunun üçün isə daxili bazarda xüsusən ən zəruri qida məhsulları üzrə süni qiymət artımı üzərində monitorinq gücləndirilməli, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri tezliklə həllini tapmalıdır. İstehlak qiymətləri indeksinin, xüsusən də ərzaq məhsulları üzrə inflyasiya tempinin sürətlənməsi fonunda digər ən mühüm antiinflyasi tədbiri isə ötən şərhlərimin birində də qeyd etdiyim kimi yalnız və yalnız ilin 2-ci yarısında daha bir sosial paketin icrası üçün indidən müvafiq hazırlıqlara başlamaqdan ibarət olmalıdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər:   İnfliyasiya  





Xəbər lenti