"Ventil siyasəti": Qaz rublu "qızdıracaqmı"? – TƏHLİL

// Rusiya proqnozlaşdırılması çətin bir oyuna başlayıb

     "Ventil siyasəti":    Qaz rublu "qızdıracaqmı"? –    TƏHLİL
  30 Mart 2022    Oxunub:2078
Rusiya-Ukrayna müharibəsinin alovu dünya iqtisadi arenasına getdikcə daha şiddətlə yayılır. Qlobal iqtisadi proseslərdə indiyədək görünməmiş təlatümlər gözlənilir. Hazırda xaosun bir addımlığındayıq.
Rusiya prezidenti Vladimir Putin hökumətə, Mərkəzi Banka və “Qazprom”a tapşırıb ki, “qeyri-dost ölkələrin” rus qazını rublla almaları üçün martın 31-dək bütün zəruri tədbirləri görsünlər. Yəni ödənişi Rusiyanın öz pul vahidilə həyata keçirilsin. Qazın həcmi və qiyməti müqavilələrdə olduğu kimi qalacaq. Bu isə o deməkdir ki, 48 dövlət ya Rusiyadan aldıqları qaza görə ödənişi rublla etməli olacaq, ya da qazsız qalacaqlar. Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib ki, Avropa İttifaqı ölkələrindən qazın pulunu rublla ödəməyənlərə təchizat dayandırılacaq.

Məsələ ondadır ki, rus rublu dünyada aparıcı valyutaların sırasında olmadığından heç bir dövlətdə kifayət qədər hazır rubl ehtiyatı yoxdur. Bu isə o deməkdir ki, könlü qaz istəyən avro və yaxud dollar ödəyib, rubl almalıdırlar ki, ödənişi həyata keçirə bilsinlər. Bunu da ancaq daxili bazarda edə bilərlər. Lakin bu zaman, necə deyərlər, “yetimi onda ağlamaq tuta bilər” ki, Rusiyanın Mərkəzi Bankı və hökuməti üstəlik, məzənnə spekulyasiyasına da getsin...

Yeri gəlmişkən, keçən il “Qazprom” 155 milyard kubmetr qaz satıb bu ölkələrə... Bu, Aİ-nin ümumən idxal etdiyi təbii yanacağın 45 faizi deməkdir. İstehlak etdiyi qazın isə 40 faizi.


Ümumiyyətlə, Avropa ölkələrinin rus qazından asılılığı elə səviyyədədir ki, bundan qurtulmaq üçün hələ ən tezi 2 ilə yaxın vaxt tələb olunur. O da əgər bütün işlər sürətli şəkildə görülərsə. Məsələn, ABŞ bu il Avropaya əlavə olaraq 15 milyard kubmetr sıxılmış qaz ixrac edəcək. Məqsəd Rusiyadan enerji asıllığını azaltmaqdır. Bu kifayətdirmi?! Xeyr!

Dünyada indiyədək Rusiya Federasiyası qədər həm kəmiyyət, həm də sərtlik baxımından bu qədər iqtisadi sanksiyalara məruz qalan ikinci bir ölkə olmayıb, yoxdur və çox güman, olmayacaq da. Sanksiyalar Rusiya iqtisadiyyatının bütün sahələrinə aiddir və elə bir sferası yoxdur ki, onu əhatə etməsin. Bütün xarici şirkətlər Rusiya bazarını tərk ediblər və edirlər. Bütün bunlar mənfi nəticələrini göstərir. Ölkədə maliyyə sabitliyi getdikcə daha sürətlə pozulur, infliyasiya və bahalaşma sürətlənir, istehsal çökür, bütün digər makroiqtisadi göstəricilər üzrə müvazinət pozulmağa doğru istiqamət götürür. Lakin Rusiyanın da əlində qarşı tərəfə təzyiq göstərmək üçün müəyyən iqtisadi alətlər var. Və bunlardan istifadə etməyə başlayır.

Aİ ölkələrini illik qaz istehlakı həcmi bəzi mənbələrə görə 550 milyard kubmetr, digərlərinə görəsə 400 milyarddan bir az çox təşkil edir. Bu çox böyük rəqəmdir. Vaxt var idi Cənub Qaz Dəhlizi çəkilərkən ABŞ başda olmaqla Avropa İttifaqı ölkələri buna heç bir lazımi reaksiya nümayiş etdirmədilər. Əksinə, bəyan etdilər ki, Xəzərdə nə qədər ehtiyat var ki, bu boyda layihəyə xərc çəkilsin?! Nəticədə layihənin bütün ağırlığı bizim üzərimizə düşdü. İndi Aİ ölkələri Azərbaycana Rusiya qazından xilas yollarından biri kimi baxırlar. 48 ölkə bizimlə müqavilə bağlamaq üçün növbəyə düzülür.

Amma qayıdaq əsas suala: Rus rublu qaz məsələsinə görə dəyər qazana bilərmi? Hazırda müharibənin fonunda elə hadisələr baş verir ki, hansısa məsələ barəsində heç bir proqnoz vermək mümkün deyil. Söhbət “ventil”ə bağlıdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Rubl   Qaz  





Xəbər lenti