Rusiyanın əsas tərəfdaşları kimlər olacaq? – Müsahibə

// ŞƏT və BRİKS-dən ciddi fayda gözləməyə dəyməz

   Rusiyanın əsas tərəfdaşları kimlər olacaq? –    Müsahibə
  03 Aprel 2022    Oxunub:1802
“Barclays” bankı bu il Rusiyanın ÜDM-nin 12,4% azalacağını proqnozlaşdırıb, “Goldman Sachs” isə azalma proqnozunu 7%-dən 10%-ə qədər qaldırıb. Barclays-a görə, iqtisadi tənəzzül tədricən baş verəcək və 2022-ci ilin ortalarına qədər sürətlənəcək. O zaman ölkə sanksiyaların təsirini istehlak, investisiya və idxalın azalması şəklində hiss edəcək.
Bu proqnozları AzVision.az -a müsahibəsində iqtisadiyyat elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko şərh edib.

- Münaqişədən sonrakı dövrdə Rusiya iqtisadiyyatının taleyi necə olacaq?
- Barclays, Goldman Sachs və ya Rusiya Mərkəzi Bankının qarşıdan gələn iqtisadi böhranın miqyasını proqnozlaşdıran son açıqlamalarını təhlil edərkən iki məsələyə düzəliş etmək lazımdır. Birincisi, indi informasiya müharibəsi qızışır və bəzi məqamlarda silahlı qarşıdurmanın intensivliyi azalır, Rusiya ilə Qərb dövlətləri, ilk növbədə ABŞ arasında qarşıdurma rəqəmsal məkana keçir. Ona görə də mənfi proqnozlar yarışı və ya onların inkarı haqlı olaraq ekspertlərin ehtiyatlı davranmasına səbəb olur.

İkincisi, Ukrayna böhranı hələ başa çatmaq üzrə deyil, ona görə də həm artıq mövcud sanksiyaların əhatə dairəsinin genişləndirilməsini, həm də bəzilərinin ləğvini gözləmək olar. Məsələn, Rusiya Mərkəzi Bankının dollar ehtiyatlarının dondurulmasına baxmayaraq, o, mart ayında xarici kreditlər üzrə kupon ödənişlərini ödəməklə onlardan qismən istifadə edə bilib. Yəni Rusiyanın qızıl-valyuta ehtiyatları bloklanıb, lakin tam deyil. Fevralın sonunda Rusiya bazarından çıxdığını elan edən şirkətlərin heç də hamısı vədlərini tam yerinə yetirmədilər. Hətta bəziləri öz mövqeyinə yenidən baxaraq, Rusiyada qalmağa qərar verdilər.
Rusiyanın tərəfdaşları üçün yeni imkan və risklər yaranır – Müsahibə

Mən artıq geri götürülmüş və Rusiya bazarına mənfi təsir göstərən həmin sanksiya tədbirləri ilə bağlı öz mövqeyimi bildirəcəyəm: onlar ÜDM-in ilin sonuna kimi 8 faiz azalacağını, demək olar ki, qaçılmaz edir. Rusiya ixracatının əsas hissəsi olan xammalın qiymətlərinin dəyişməsi səbəbindən bu rəqəm istənilən istiqamətdə dəyişə bilər. Neftin, qazın, metalların və ərzaq məhsullarının mübadilə qiymətlərinin artması ÜDM-in azalma göstəricisini 6 faizə qədər sala bilər, bu azalma isə ÜDM-in 10 faizə qədər artmasına gətirib çıxara bilər. Ancaq hələlik bunlar ABŞ və müttəfiqlərinin artıq tətbiq etdiyi və tam olmaya biləcək tədbirlərin təhlilinə əsaslanan olduqca təxmini ehtimallardır.

Münaqişədən sonrakı dövrdə Rusiya dünya ilə əlaqələrində 1990-cı illərin əvvəllərindən bəri görmədiyi böyük struktur və logistik problemlərlə üzləşəcək. Həm sənayedə, həm xidmət sektorunda, həm də kənd təsərrüfatında zərər görəcək. Asiya və Latın Amerikası ölkələrinin məhsulları dövriyyədən çıxmış Avropa və Şimali Amerika mallarını dərhal əvəz etməyəcək. Ənənəvi idxalı əvəz edən bu məhsullar çox güman ki, keyfiyyətsiz və daha bahalı olacaq. Bunun nəticəsində Rusiya iqtisadiyyatının tənəzzül və durğunluq dövrü bir ildən iki ilə qədər davam edə bilər. O zaman iqtisadiyyat 1998-ci və 2014-2016-cı illərin böhranlarında olduğu kimi dibə enəcək və yenidən böyüməyə başlayacaq. Lakin bu artımın keyfiyyəti bu əsrdə, xüsusən də 2003-2007 və 2009-2011-ci illərdə gördüyümüzdən fərqli olacaq. O hələ ki optimist olmağa əsas vermir.


- Sanksiyaların fonunda Rusiya müttəfiqləri və əsas ticarət tərəfdaşları ilə münasibətlərini necə quracaq?
- Burada hansısa sensasiya gözləmək lazım deyil. Rusiya hökuməti ölkə iqtisadiyyatının xarici əlaqələrə açıqlığına, aşağı infliyasiya və milli valyutanın sabit məzənnəsi daxil olmaqla, məsuliyyətli makroiqtisadi siyasət yürütmək istəyinə sadiqdir. Buna görə də, Rusiya bazarına çıxmaqda maraqlı olan xarici ölkə şirkətləri üçün cəlbedici tərəfdaş olaraq qalacaq.
Rusiyanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə xüsusi münasibəti var, ona görə də həqiqətən ümid edirəm ki, onlar üçün ticarət sahəsində və daha geniş iqtisadi inteqrasiya kontekstində heç nə dəyişməyəcək. Rusiya daxili bazarı sanksiyaların dağıdıcı təsirindən qorumaq vasitələrinin effektivliyinə əmin olan kimi müttəfiq dövlətlərlə inteqrasiya prosesinin dərinləşdirilməsi yoluna qayıdacaq.
Avrasiya İqtisadi Birliyindən kənardakı əsas ticarət tərəfdaşlarına gəlincə, Moskva çox güman ki, onların tərkibinə yenidən baxmaq məcburiyyətində qalacaq, real suverenliyə malik olanlar və başqalarının maraqları üçün manipulyasiya obyektinə çevrilməyənlərlə əlaqələri inkişaf etdirməyə çalışacaq. Aydındır ki, Çin, Hindistan, Türkiyə və İran Rusiyanın iqtisadi tərəfdaşları kimi strateji əhəmiyyətini təsdiqləyənlərin arasında qalacaqlarlar. Eyni sözləri müstəqillik və dövlət suverenliyi üçün ən yüksək meyarlara cavab verən Azərbaycan haqqında da demək olar.

- Sizcə, müharibədən sonrakı dövrdə ŞƏT və BRİKS-in aktivləşməsini gözləmək olarmı?
- Təəssüf ki, bunu gözləməməyi tövsiyə edərdim. ŞƏT hələ "özünü axtarır", iqtisadi sahədə yaxınlaşma layihələri, o cümlədən, güclü azad ticarət zonasının formalaşdırılması perspektivi və hərbi-siyasi birliyə, bir növ "Asiya NATO-su"na çevrilməyə doğru sürünür. Rusiya tarixən ŞƏT-in liderlərindən biri kimi çıxış edib, ona görə də başqa dövlətin ərazisində xüsusi hərbi əməliyyat keçirdiyi hazırkı vəziyyətdə, təbii ki, ŞƏT çərçivəsində heç bir iddialı öhdəliyin həyata keçirilməsinə kömək etmir.
BRİKS-ə gəlincə, Moskva təbii ki, bu forumun Rusiyaya kibertəhlükəsizlik, mineral ixrac axınının yönləndirilməsi, ən əsası isə milli valyutanın sabitləşməsi kimi məsələlərdə kömək edə biləcəyinə ümid edir. BRİKS çərçivəsində yaradılmış Valyuta İnhisarı və Yeni İnkişaf Bankı müasir Rusiya iqtisadiyyatı üçün ən mühüm vəzifələrin həllində iştirak edə bilər.

- Çin Rusiyaya qarşı davam edən iqtisadi təzyiqlər fonunda özünün “Bir kəmər - bir yol” layihəsindən çox narahatdır. Çin yükdaşıyanları Rusiya ərazisindən Aİ-yə mal tranzitini dayandırmağa başlayıblar. Çin və Rusiya bu məsələni birgə həll edəcəkmi? Yoxsa Çin öz mallarını təkbaşına, məsələn, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) vasitəsilə Avropaya göndərmək məsələsini həll etməyə çalışacaq?
- Təkcə Qərb hökumətlərinin deyil, onların Avropa, Yaponiya, Koreya və Sinqapurdakı böyük nəqliyyat və logistika şirkətlərinin tətbiq etdiyi sanksiyalar bu il fevralın 24-dən sonra Moskva üçün ən xoşagəlməz xəbərlərdən oldu. Bəlkə də, təkcə elə Rusiya aviasiyası üçün səmanı bağlamaq tədbirləri, Rusiya bazarına təyyarələrin və onların ehtiyat hissələrinin tədarükünün dayandırılması daha gözlənilməz oldu və indiki vəziyyətdə bunların həlli yoxdur.

"Çin tranziti", yəni malların Rusiya dəmir yolu şəbəkəsi vasitəsilə konteynerlərdə ÇXR-dən Baltikyanı və bir qədər az dərəcədə Qara dənizdəki terminallara çatdırılması, milli nəqliyyat-logistika sektorunun və nəhəng layihələrin inkişafı Rusiyanın Uzaq Şərqdə və Arktikada 2021-ci ildə tikintisinə başladığı yeni dəmir yolları üçün əsas marşruta çevrildi. İndi onların icrası ləngiyəcək və ya bir müddət sonra (bir-iki ilə) tamamilə dondurulacaq.
Qeyd edim ki, Rusiya Avrasiyada Çinin “Bir kəmər - bir yol” layihəsinə fəal dəstək verən yeganə böyük güc idi. Bu mövqeyi ilə Rusiya planetin tarixində ən böyük infrastruktur layihəsinə məhəl qoymayan Yaponiya, Hindistan və ya Cənubi Koreyadan nəzərəçarpacaq dərəcədə fərqlənir. Anti-Rusiya sanksiya rejiminin hazırkı qeyri-müəyyənliyi şəraitində Çin təbii ki, öz konteynerlərini Baltik dənizi sahillərinə sınanmış marşrutla çatdırmaqla, daha sonra həm Rusiya limanlarından, həm də maliyyə baxımından son dərəcə cəlbedici olan “Çin tranzitinin” bir hissəsini Rusiyadan öz xeyrinə yönləndirmək istəyən digər Avropa limanlarından daşımaqla status-kvonu saxlamağa çalışacaq. Ancaq uğur qazanacaqlarını söyləmək çətindir.

Çindən yüklərin Orta Asiya və Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə qərbə dəmir və dəniz yolu ilə daşınması layihəsinə gəlincə, bu marşrut (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) artıq fəaliyyət göstərir. Onun imkanları Xəzərdəki terminalların, Cənubi Qafqaz və Kiçik Asiyadakı dəmir yollarının tutumu baxımından məhduddur. Buna görə də, infrastrukturun genişləndirilməsinə investisiya qoyuluşunu nəzərə alsaq, bu marşrutun perspektivləri olduqca əlverişlidir.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az


Teqlər:   Sanksiya   Rusiya  





Xəbər lenti