Rus səfirin bayraqDAR DÜŞÜNCƏSİ

// Silahı qanunsuz ötürənlər leqal satanlardan gileylənirlər

   Rus səfirin bayraqDAR DÜŞÜNCƏSİ
  05 Aprel 2022    Oxunub:4426
Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov dünən yerli mediaya maraqlı bir açıqlama verib. O, Rusiya ilə Türkiyənin bir çox sahələrdə əməkdaşlıq etdiyini xatırlatmaqla bərabər, Ankaranın Ukraynaya “Bayraktar TB2” PUA-larını satmasından da xeyli gileylənib.
Rusiyanın Türkiyədəki səfiri bir tərəfdən “Bayraktar TB2” PUA-larının Kremlin qorxulu yuxusuna çevrildiyini, digər tərəfdən isə bu vasitələrə qarşı imkanlarının məhdud olduğunu dolayısı ilə təsdiqləyib. Yerxov türk PUA-larının Ukraynada rus qoşunlarını məhv etməsi barədə ağlaşma tərkibli açıqlamasında bildirib:
- Burada mənə tez-tez verilən bir suala toxunmaya bilmərəm: türk “Bayraktar”larının Ukraynaya tədarükünə münasibətiniz necədir? Tam səmimi olacağam: bu çatdırılmaların Rusiya cəmiyyətində nə qədər ağrılı qəbul olunduğunu təsəvvür belə edə bilməzsiniz. “Biznes biznesdir” kimi izahatlar başa düşülmür, çünki sizin (Türkiyənin - red) pilotsuz vasitələr əsgərlərimizi öldürür, onlar (türk PUA-ları - red) bunun üçün alınırlar.

Halbuki, rus hərbi dairələri, nəşrləri və ekspertləri bu PUA-ların Rusiya ordusu üçün təhlükəli olmadığını, yerli istehsal olan PUA-ların daha üstün xüsusiyyətlərə malik olmasını dəfələrlə vurğulayıblar. Dünyanın ən güclü ordusuna malik dövlətlərinin ilk üçlüyündə yer alan Rusiyanın hazırda müharibə vəziyyətində olduğu Ukraynaya Türkiyənin leqal PUA satışına görə “timsah göz yaşları” tökməsi ilə ilk dəfədir ki, rastlaşırıq.

Aleksey Yerxov sıradan bir diplomat deyil. O, 40 ildir diplomatiya sahəsində çalışır. 1983-cü ildən 2000-ci ilə qədər Rusiyanın Mərakeşdə, Misirdə və İsraildəki səfirliklərində fəaliyyət göstərib. 2000-2003-cü illərdə Rusiya Prezidenti Administrasiyasının əməkdaşı olub. Rusiya Prezidenti Aparatının xarici siyasət tədbirlərinin hazırlanması şöbəsinin müdirinin müavini və rəhbəri vəzifələrində də çalışıb. 2003-2006-cı illərdə Rusiyanın Suriyadakı səfirliyində səfir-müşavir işləyib. 2006-2009-cu illərdə Rusiya Xarici İşlər Naziri Katibliyi Departamentinin direktor müavini olub. 2009-2015-ci illərdə Rusiyanın İstanbuldakı baş konsulu, 2015-2017-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzi Departamentinin direktoru, 2017-ci ildən isə Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Görəsən, Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsinə malik olan Yerxov Rusiyanın rəsmi olaraq işğalçı kimi tanıdığı Ermənistana dəfələrlə qeyri-qanuni yollarla milyardlarla dollarlıq silah çatdırılanda harada idi? Onun ermənilərin Xocalı faciəsini hansı silahlarla törətdiyindən və ya bu gün rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində hansı silahlarla təchiz edildiyindən xəbəri varmı? Cənab səfir, son onilliklər ərzində PKK, VOMA, ASALA terrorçularını, Abxaziya, Osetiya, Dnestryanı və Donbass seperatçılarını qeyri-leqal silahla təmin edən kimdir? Nədən bu təchizatlar barədə heç danışmırsınız?

Əslində belə bir ağlaşma nüvə silahına malik olan, dünyanı qan gölünə döndərən “qlobal güc”ə heç yaraşmadı. İndiyə qədər nə ABŞ, nə Çin, nə Pakistan, nə İsrail, nə də Türkiyə rəqiblərinin tərəfdaşlarına leqal silah satışına görə heç vaxt göz yaşları tökməyiblər.

Rusiyanın Ukrayna Ordusunun müqaviməti qarşısında davam gətirməyərək, Kiyev, Çerniqov və Sumı vilayətlərindən qoşunlarını geri çəkmək məcburiyyətində qaldıqları bir vaxtda təcrübəli səfirin dilindən belə bir bəyanatın səslənməsi vəziyyətin Kreml üçün kritik həddə olduğuna işarə edir. Maraqlıdır ki, NATO və Aİ ölkələri Ukraynaya geniş çeşiddə silahlar verdikləri halda, səfir Yerxov yalnız türk PUA-larından şikayətlənir. Burada “Kimin harası ağrıyırsa, ondan danışır” məsəli də yerinə düşür.


Hazırda müəyyən fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə Türkiyənin münasibətləri yüksək səviyyədədir, tərəfdaşlıq inkişaf edir, Putin və Ərdoğanın arasından “su da keçmir”, bunu Kreml də rəsmi səviyyədə təsdiqləyir, amma səfir Yerxov belə bir vəziyyətdə türklərin ukraynalılara qanuni silah satışını qınamaqla Rusiya hakimiyyətinə qarşı olduğunu gizlətmir. Bu, Rusiya iqtidarının yuxarı eşalonlarında parçalanmanın təzahürü də hesab oluna bilər.

Ermənistan-Azərbaycan münaqişəsində Rusiyanın İrəvanı qeyri-leqal silahlandırması zamanı Türkiyə tam fərqli davrandı. Ankara real təhdidləri aradan qaldırmaq üçün ağlaşma qurmadı. Əksinə, dünya silah bazarına təsir edə biləcək kritik silah sistemlərini təkbaşına inkişaf etdirdi, layihələndirdi, hazıladı, sınaqlarını keçirdi və seriya istehsalına başladı. Sonradan isə bu silahların müttəfiqlərinə çatdırılmasını rəsmən elan, bu barədə BMT-nin Silahlar Registrinə müvafiq məlumatları təqdim etdi. Rusiyanın Ermənistana və bir çox qanunsuz qurumlara silah çatdırması isə bu günə qədər qaranlıq məsələ kimi qalır. Tutaq ki, Azərbaycan, Türkiyə və bir çox ölkələrə ixracı qadağan olunan silahların, o cümlədən, nüvə başlığı daşıya bilən “İskəndər-M” raketlərinin Ermənistana hansı məqsədlə, nə vaxt və kim tərəfindən çatdırılması çox maraqlıdır. Yaxşı olardı ki, Rusiyanın Türkiyədəki və ya Azərbaycandakı səfirləri bu kimi məsələlərə də münasibət bildirsinlər. Türkiyənin Ukraynaya PUA satması Rusiya üçün xoşagəlməz hal ola bilər, amma bu, beynəlxalq silah satışı qaydalarına zidd olmadığı üçün rəsmi Kreml etiraz edə bilmir. Yəqin ki, səfir Yerxov beynəlxalq silah satışı qaydalar ilə dərindən maraqlanmayıb, halbuki buna mən özüm də şübhə ilə yanaşıram.

Rusiyanın Azərbaycan və Türkiyə ilə hərbi-texniki əməkdaşlıq etməsi Ermənistan tərəfindən heç vaxt xoş qarşılanmayıb. Moskvanın regiona silah tədarükü Ermənistanda daim ağlaşma ilə müşaiyət olunub. Amma bu “ağlaşma mərasimləri” Rusiyanı o qədər narahat etmirdi, çünki ermənilərə pulsuz verilən qismən köhnə silahların əvəzini ödəməkdə Azərbaycan daha maraqlı tərəfdaş idi. Əgər Moskva Bakıya silah satmaqdan imtina etsəydi belə, bu heç nəyi dəyişməzdi, çünki Azərbaycan silahı Ermənistandan fərqli olaraq, yardım və hədiyyə kimi deyil, pulunu ödəməklə alırdı.

Rusiya yaxşı anlayır ki, Türkiyə, İsrail, Pakistan, Böyük Britaniya, ABŞ, Çin, Avstriya, Çexiya, İtaliya, Almaniya, Kanada, Fransa, Cənubi Koreya, Rumıniya, İsveçrə, Belçika, Belarus, Ukrayna, İran, CAR və s. ölkələrdən olan çox sayda şirkət, bəzilərinin fəaliyyət göstərdiyi ölkələrin rəsmi mövqeyinə zidd olsa belə, Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar. Buna mən Bakıda keçirilən ADEX sərgilərində həmin şirkətlərin rəsmiləri ilə keçirdiyim görüşlərdə bir daha əmin olmuşam. Odur ki, indi nə ermənilərin, nə də rus səfirin ağlaşma qurmaq üçün əsası yoxdur. Ağlaşmanın heç mənası da yoxdur. Zəifləri dünyanın heç bir yerində sevmirlər. Yalançı və ikiüzlü zəiflərə isə hər yerdə nifrət var.

Rusiya Türkiyə ilə sərhəddə yerləşən və Azərbaycan ilə münaqişə vəziyyətində olan Ermənistanı qadağan olunmuş taktiki raketlərlə silahlandıranda, bu silahları 2016-cı ildə İrəvanda nümayiş etdirəndə “Ura” deyib, papağını göyə atanların bu gün türk silahlarının qarşısında aciz qalaraq “timsah göz yaşları” ilə ağlaşmasını izləmək də qismətimizdə var imiş. Ədalətin təntənəsindən çoxları kimi mən də məmnunam... Amma bu hələ son deyil.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər: Rusiya   Türkiyə   Bayraktar  





Xəbər lenti