Risklərə qarşı uğurlu başlanğıc – ŞƏRH

// Azərbaycan ilə gözlənildiyindən yaxşı başlayıb, qalır davam etdirmək

   Risklərə qarşı uğurlu başlanğıc –    ŞƏRH
  14 Aprel 2022    Oxunub:1389
Prezident İlham Əliyevin ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə söylədikləri ölkə iqtisadiyyatının hazırkı vəziyyəti və mümkün risklər baxımından böyük maraq doğururdu. Məsələ ondadır ki, əgər hər şey yaxşı getsəydi, 2022-ci il post-COVİD dövrü və pandemiyaya qədərki iqtisadi artımın bərpası ili olacaqdı. Amma Ukraynada başlayan müharibə yeni gözlənilməz risklər yaratdı ki, indi onların da təsirini nəzərə almaq lazım gələcək.
Birinci rübün rəqəmləri göstərir ki, il hətta nəzərdə tutulduğundan da uğurlu başlayıb: Ümumi Daxili Məhsul 5,6 faiz artıb. Halbuki, yada salaq, əvvəlki proqnozlarda artım 3,4% gözlənilirdi. Bunun qarşılığında büdcənin gəlirləri ilkin proqnozdan 6,3% çox olub.

Sözsüz, skeptiklər bu artımın əsasən dünya bazarında neftin bahalaşması hesabına olduğunu deyəcəklər. Amma nəzərə almaq lazımdır ki, qeyri-neft sektorunda artım daha çoxdur: 10 faiz. Sənaye istehsalında artım təxminən 4% olduğu halda, qeyri-neft sənaye istehsalı 18 faizdən çox artıb. Bu rəqəmlər neftdən asılılığın sürətlə azalmasını göstərir. Neftdən kənar ticarət dövriyyəmizin 60 faizdən çox artması da bunu təsdiqləyir.

Xarici ticarətdə üç ayda 5,1 milyard dollarlıq müsbət saldo qeydə alınıb. Bəli, burada da neftin bahalığının təsiri var, amma nəzərə almaq lazımdır ki, eyni dövrdə ölkənin qeyri-neft ixracı 45 faiz artıb. Bu cür müsbət saldo valyuta ehtiyatlarımızı çoxaldır və manatı risklərdən sığortalayır. Çünki indi dünyada əksər ölkələrin xarici ticarət saldosu mənfi zonadadır. Bunun sayəsində xarici borcumuz da rüb ərzində 600 milyon dollardan çox azalaraq, ÜDM-in 18 faizindən 12,5 faizinə düşüb.

Yada salaq ki, bir müddət əvvəl əvvəl dövlət başçımızın imzaladığı sərəncamda xarici dövlət borcunun ortamüddətli dövrdə ÜDM-in 15, uzunmüddətli dövrdə 10 faizinə endirilməsi vəzifəsi qoyulmuşdu. Göründüyü kimi, məqsədə çatmağa az qalıb. Azərbaycan gələcəkdə yeni kreditlər cəlb etsə də, ümumi borc həmin məqbul səviyyəni keçməyəcək. Hazırda Azərbaycana kredit təklif edən qurumlar çoxdur, amma artıq uyğun gələnləri biz özümüz seçirik.

Təəssüf ki, bütün bu müsbət məqamlarla yanaşı, ciddi narahatlıq yaradan məsələ də var: ilin birinci rübündə inflyasiya 12,2 faizə, ərzaq üzrə isə 18 faizə qalxıb. Prezidentin özü də bunun yüksək rəqəm olduğunu bildirdi. Əvvəlki yazılarda da qeyd etdiyimiz kimi, bunun bir hissəsi “infliyasiya idxalı”nın nəticəsidir: İnflyasiyanın strukturunda idxal olunan ərzaq məhsullarının payı 60 faizdən artıqdır. Dünyada qiymətlər qalxır, biz bahalaşmış məhsulları idxal edirik, nəticədə ölkədə də infliyasiya göstəricisi yüksəlir. Bu vəziyyətdə dövlət mütləq antiinfliyasiya tədbirlərini və süni qiymət artımına nəzarəti gücləndirməlidir. Strateji taxıl ehtiyatları tutulmalı, əkin sahələri mümkün qədər genişləndirilməlidir – o cümlədən də, azad olunmuş torpaqların hesabına. Bizdə taxıl istehsalı hazırda tələbatın 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə özümüzü cəmi 25 faiz təmin edirik. Amma dövlət başçısı bu göstəricini azı 70-75 faizə çatdırmaq vəzifəsini qoyub. Bu məqamda Qarabağın azadlığı bizim ərzaq təhlükəsizliyimizin təmin olunmasında əvəzsiz rol oynayacaq. Belə ki, bu il həmin bölgədə təxminən 50 min hektarda əkin aparılacaq.
Yeri gəlmişkən onu da deyim ki, martın sonlarında Şanlı Ordumuzun Fərrux yüksəkliyini nəzarətə alması ilə Xaçınçay su anbarının tam təhlükəsizliyi təmin edildi. Bu su anbarı strateji əhəmiyyətə malik olmaqla, regionda əkinçiyilin inkişafında həlledici rol oynayacaq. Demək, təhlükəsizliyimizin bütün aspektləri bir-biri ilə əlaqəli şəkildə düşünülür. Hətta ilk baxışdan biz bunu görə bilməsək də…

Əlbəttə, ərzaq təhlükəsizliyini təmin etmək üçün hökumətin arsenalında sahibkarlara güzəştli kreditlər, subsidiyalar və s. kimi xeyli başqa vasitələr də var və onların da hamısından istifadə olunmalıdır. İlin birinci rübündə artıq bu məqsədlə 220 milyon manat xərclənib.


Əlibala Məhərrəmzadə
iqtisadiyyat elmləri doktoru, professor
“Ukrayna Ticarət Evi”nin baş direktoru




Teqlər: Müşavirə  





Xəbər lenti