`7 oğul istərəm`: Atlara aktyorlardan çox pul verilirdi - KADRARXASI

`7 oğul istərəm`: Atlara aktyorlardan çox pul verilirdi - KADRARXASI
  16 Aprel 2014    Oxunub:22551
Uzun illər sevə-sevə baxdığımız milli filmlərimizdə elə kadrlar var ki, dönə-dönə izləməkdən doymuruq. Hətta qəhrəmanların kadrlardakı bəzi cümlələri dilimizdə əzbərə çevrilir. “Yalansa səni fransuzkiy ilan vursun dilindən”, “Gəlin mənim süpürgəmdir, harda qoysam, orada da durmalıdır”, “Antoni, sən mənim ürəgimi yaralamısan...”, “Söhbət sosiskada deyil, söhbət vnimatelnı olmaqdadır” , “Onun əyri ayaqlarından raqatka düzəltməsəm, atamın oğlu deyiləm”, “Sənə əjdaha lazımdır?..” və s. kimi frazaları hansımız işlətməmişik ki?“

AzVision.az-ın “KADRARXASI” rubrikasında filimlərimizin necə çəkildiyindən danışacağıq. Həmin səhnələr çəkilərkən aktyorların başına gələn kadrarxası hadisələr, qarşılaşdıqları çətinliklər, qəzalar, xatirələr, onların yaranma tarixçəsi barədə söz açacağıq.

Rubrikamızın növbəti filmi “7 oğul istərəm”dir.

Film xalq şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilib və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunub.

Filmin ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissoru isə Tofiq Tağızadədir. Filmdə səslənən musiqilərin müəllifi Xəyyam Mirzəzadədir. Rollarda Həsən Məmmədov, Ənvər Həsənov, Elçin Məmmədov, Əbdül Mahmudov, Şahmar Ələkbərov, Rafiq Əzimov, Ələsgər İbrahimov, Həsənağa Turabov, İsmayıl Osmanlı, Zemfira İsmayılova və başqaları çəklib.

Çəklişlər Qobustanda və Bakı kəndlərində aparılıb.

Hamam- Hamam içində
Xəlbir saman içində
Dəvə dəlləklik eylər
Köhnə hamam içində


`Gəray bəy oturub indi Qan Çanağında, iki əlini dirəyib ağzına, bar-bar bağırır ki, hanı o kor Mədətin oğlu uzunduraz Qasım? Gəlsin Peykanlıya mədəniyyət yaysın, yoxsa bağrım çatlar`


`Qasım` obrazını yaradan Əbdül Mahmudov 1970-ci ildə çəkilmiş fimin maraqlı kadrarxası məqamları barədə:



`Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında, Allah ruhunu şad etmiş Yusif Səmədoğlu ssenari yazdı. O zaman `Azərbaycanfilm`ə televiziyadan dəvət olunmuş Kamil Rüstəmbəyov filmin rejissoru idi. Film tam çəkilişə hazır olanda axşam yatdıq, səhər kinostudiyaya gəldik, bəlli oldu ki, filmi Kamil Rüstəmbəyovdan alıblar. Bəhanə də o olub ki, guya komsomolun 50 illiyidir, Kamil bəy oğludur. Halbuki, Kamil Rütsəmbəyov o vaxtıkı, rejimin siyasi təşkilatı olan televiziyanın ən böyük aparıcı fiquru və rejissoru idi.

Təbii ki, bu, qurğu idi. Qurğunun da başında o vaxt kinonun böyüyü olan Azad Şərifov dururdu. Vaxtilə mərkəzi komitənin bu sahə üzrə şöbə müdiri də olub. Bu da əsasən kinostudiyanın direktoru Adil İsgəndərova qarşı yönəlmişdi. Adil müəllim həm cəsarətli, mövqeyi olan bir adam olduğu üçün, həm də Azad Şərifovun atası ilə konfilikti olduğuna görə, Azad Şərifov vəzifə səlahiyyətindən istifadə edərək, qissas almaq istəyib.

Belə bir məsəl var, deyir, `Qazanla qazan vuruşanda ortada güvəç partlayır`. Azad Şərifovun bu qisasına görə usatd sənətkar Kamil Rüstəmbəyov kimi yaxşı bir kişi filmdən uzaqlaşdırıldı. Beləliklə, filmi digər ustad Tofiq Tağızadəyə verdilər. İki rol dəyişdirildi. Gəray bəy obrazını dəyişmək istəyəndə Adil müəllim dedi ki, mümkün olan şey deyil, bunu Turabov oynamalıdır, vəssalam.



Çəkiliş zamanı mən atdan yıxıldım, qabırğam çox pis sındı. Elə bir hala düşmüşdüm ki, nəfəs belə ala bilmirdim. Bakıdakı beş nömrəli xəstəxana vəziyyətimin ağırlığına görə məni qəbul etməmişdi. Filmdə mən ona görə gipsdə çəklimişəm. Sonra da damdan yıxılan yerdə ayağımda çat oldu, tromb yarandı, əməliyat olundum. Biz o qədər obraza girmişdik ki , belə şeylərə fikir vermirdik. Bütün belə təhlükəli səhnələri özümüz oynayırdıq. Kaskadyorlardan demək olar ki, çox az istifadə edilirdi.



`Şahsuvar`obrazını yaradan Rafiq Əzimov:



`1970-ci ildə məni də fotosınaq çəkilişlərinə dəvət etdilər. Dedilər ki, 20-ci illərin komsomolçularına uyğun özünüzə nimdaş paltarlar seçin. Filmin rəssamı məni dəhlizdə görəndə, qayıtdı ki, `elə mən Şahsuvarı belə görürəm də`. İlk xeyir-duanı həmin rəssam Nadir Zeynalov verdi. Şəklimi çəkəndən sonra kino sınaqları oldu. Sonra biz Cıdır meydançasına getdik. Ay yarım orada məşq etdik. Çünki mən ömrümdə at minməmişdim.

Məşq prosesindən sonra Tofiq Tağızadə bizə göstəriş verdi ki, həmin atlar ilə Cıdır meydançasından kinostudiyaya gedək. Yeddimiz də atın belində şəhərin mərkəzi küçələri ilə gəlib kinostudiyanın həyətində cərgə ilə dayandıq. Sən demə, rejissor istəyirmiş ümumi bizim ansamblı təyin etsin, görsün necə görünürük.

İlk çəkilişim kinostudiyanın pavilyonunda oldu. Yadınızdadırsa, mən səməni ilə kadra daxil oluram. Deyirəm e `kənddə bir gəlin verdi`. İndi təsəvvür edin ki, filmin çəkilişinə az qalıb, səməni qoymağı unudublar. Heç kimə bir söz demədən çıxdım həyətə, həyətdə ot var idi, yeri qazıb xeyli ot çıxartdım. Torpağını yuyub, qayçıladım, qəşəng bir səməni düzəldib, qoydum boşqaba. Rekivizit sexinin müdiri pərt oldu ki, səməni hazırlamayıb. Soruşdu ki, haradan tapdın bunu? Dedim, dinmə, otdan düzəltmişəm. Elə filmə də həmin otla səməni əvəzi çəkildim.



Döyüş səhnələri əsasən Qobustanda çəklib. Yayın istisində həmin geyimlər, ilan çox olan yer. Təsəvvür edin ki , buna baxmayaraq, aktyorlar dincəlmək üçün qayaların üzərinə uzanırdılar. Bu zaman filmin direktoru Davud Zöhrabov ikinci rejissora qayıtdı ki, “Atlar günün altında qalıb, onlara tövlə düzəltmək lazımdır”.

Bunu eşidəndə özümü saxlaya bilmədim, Davud müəllimə “biz burada istidən ölürük, heç bizimlə maraqlanmırsan, ancaq atların hayındasan. Məgər biz at qədər də yoxuq?” dedim. Direktor qayıtdı ki, “Siz heç, əsas atlardı. Heç bilirsən onların qiyməti nə qədərdir?” Doğurdan da, aktyorlara gündəlik çəkilişlər üçün 25, atlara 50 manat ödənirdi.



Deməli, Bəxtiyarın Humayı döydüyü səhnənin çəkilişi zamanı at belində kənarda dayanıb səhnəni izləyirəm. Axırda dedim, `Tofiq müəllim, axı bu kişilikdən deyil ki, bir kişi günahsız qızı döyür, biz də durub baxırıq. Tofiq müəllim dedi ki, sən nə təklif edirsən? Dedim ki, heç olmasa birimizdə bir qeyrət olsun , Bəxtiyara deyək ki, `Axı ayıbdır, niyə belə edirsən?` O, mənə qayıtdı ki, `mator, syomka` deyəndə sən Bəxtiyarı saxla.

Beləliklə, çəkliş başlayanda atın üstündə çapıram və gəlib Bəxtiyara yaxınlaşıram, öz atımdan düşürəm , onun atının cilovun saxlayıram. Özümdən söz əlavə etdim: “Bəxtiyar, Bəxtiyar nə edirsən”. Bu dəmdə Bəxtiyarın atının cilovunu dartanda atın dişi qaşımın ortasına dəydi. Məni qan aparır, hiss etmirəm, elə bilirəm ki, tərdir. Həsən atın üstündə görür ki, məni qan aparır. Dözə bilmir, deyir, Tofiq müəllim, Əzimovu qan aparır. Tofiq də bunu görürür, sən demə, təbii alınsın deyə susur. Həsən bunu deyən kimi Tofiq müəllim onun üstünə qışqırdı: “ay Həsən bəyəm mən koram, görmürəm?”. Həsən çox pərt oldu. Elə bu dəm əlimi atdım ki, məni bir qan götürüb, gəl görəsən. Ətim qopmuşdu. Qrimdə bığları yapışdıran kley var, onun tərkibindəki spirtlə yaramı təmizlədilər, qoparılan ət parçasını yapışdırdılar. Xeyli sonra özümə gəldim, çəkiliş davam etdi.



Belə hadisələr çoxlarının başına gəldi. Xəyyam Mirzəzadə efirdə bir dəfə çıxışında bildirmişdi ki, “günlərin bir günü Amerikada böyük bir reklam plakatında `7 oğul istərəm` filminin reklamını, uşaqların 7- ni də görəndə bilaixtiyar gözümdən yaş gəldi. Adam fəxr edirdi ki, sənin çəkildiyin film Amerikaya kimi gedib çıxmışdı. Şəhərə çıxanda insanlar bizi barmaqla göstərib, deyirdilər ki, “Velikolepnıy semyorka” gəlir. Tofiq Tağızadənin qonağı olan fransız rejissoru elə bilirdi ki, bizim hərəmizi bir ölkədən yığıblar`.

- Aşıq, Şəkər bəy bunun beşiyinin başında sənə nə çaldırardı?
- `Yanıq Kərəmi` bəy
- Çal, aşıq çal, ağa-bəy havasıdır...


`Cəlal`ı oynayan aktyor Ənvər Həsənov:



- Qobustanda çəkilişlər davam edirdi. Bir də gördük ki, isti cırhacırda bir neçə nəfər bizə doğru yaxınlaşır. Əllərində də uzun bir taxta var iid. Maraqlandıq ki , ay bala biz məcburiyyət qarşısında qalıb, istidə işləyirik, sizə nə olub? Dedilər ki, bəs ilan yığırlar. `Aparıb bunları təhvil veririk, zəhərindən dərmanlar hazırlayırlar`. Biz bunların danışığına qulaq asırdıq, elə bu dəm `Mirpaşa` rolunu oyanayan Elçin Məmmədov Hamlet Xanızadənin ayağından tutub, ilan kimi fışıldadı. Hamletin ürəyi getdi, aləm dəydi bir-birinə.

Tofiq Tağızadə gəlib kişilərin üstünə qışqırdı ki, `Ədə, yığışdırın bu ilanlarınızı, aktyorların başına oyun açdınız. Bəlkə bir 10 dəqiqədən sonra güc-bəla ilə Hamleti özünə gətirdik. Bu hadisəni görən Elçin (Mirpaşa ) qaçdı. Hamlet durdu ayağa ki, bəs hardadır o əclaf, onu tapın verin, mən bu saat onu öldürəcəyəm. Axır buna yalvar-yaxar etmişik ki, ay Hamlet, başına dönüm, gəl işimizi görək. Sakitləşəndən sonra Elçini gətirib barışdırdıq.



Daha bir gözəl məqam var idi ki, çəkildi, ancaq , filmə düşmədi həmin hadisə. Gəray bəyin düşərgəsidir, Cəlalın ölüm səhnəsi Qobustanda çəklir. Cəlal öləndən sonra onu götürüb bağlayırlar atın üstünə. Orada da rəhmətlik İsmayıl Osmanlı deyir ki, `hamam -hamam içində, xəlbir saman içində ... ` O sözləri deyir, ata qamçı çəkir. Bir də gördük ki, at götürüldü. At da qorxan heyvandı axı, nəsə hürküb. Hürkən kimi də məni götürüb başladı aparmağa, mənim də əlim-ayağım bağlıdır. Atı saxlaya bilmirəm. Gördüm ki, iş-işdən keçib. Kameranın arxasında dayanan mənim aktyor dostlarım, yaradıcı heyət gördülər ki, nəsə onlar nəzərdə tutduğu kimi alınmır, at mən götürüb gedir. Kamera da çəkir bunu. Təlaş içində qaçırlar ki, at da, Ənvər də öləcək. Sən demə, bizim işıqçılarımızdan biri Akif nədənsə dağın ucqar bir yerində kölgəliyə çəklib. Bir də baxdım ki, dərəyə 6 metr qalıb, at da gedəcək , mən də. Qəfildən işıqçımız atın boynuna atıldı, saxladı, məni aşağı düşürtdülər.

Mən özümə gələndən sonra gəldim ki , Tofiq müəllim, mən hazıram , gəl çəkək. Dedi ki,`ədə, nə çəkək, belə çəkmək olar? Mən nə özümdən, nə səndən, nə də kinodan bezmişəm. Kinoya düşməyən kadrlardan biri də bu oldu.



Ələsgər Rəhmətlik atdan qorxurdu. Fikir vermisinizsə, biz 7-mizdə kadrdan çıxmalı idik. Altımız çıxırdıq, Ələsgər arxada elə bil eşşəyə minib, yavas-yavaş gəlirdi. Film yay aylarında çəkilirdi, əynimizdəki əbalar, çuxalar istlik yaradırdı. Ona görə də, yerli camat əllərindən gələn hörməti edirdi bizə.

`Qurbanım olum Qəzənfər dayı, ölmə, nə olar ölmə...`



`Qəqəni` rolunun ifaçısı Fərhad İsrafilov:

- Həmin filmə çəkilən zaman15 yaşım var idi. Kinodan anlayışım yox idi. Sadəcə olaraq, sənətdən xəbərim var idi. O tində dayanıb bu tindən keçən Həsən Məmmədova həmişə tamaşa edirdim. Belə aktyorlarla birdən-birə o yaşda tərəf-müqabili olmuşam, sonra bu dostluğa çevrilib. Şahmar hara gedirdi, mən onun yanında idim. Hamısnın sevimlisi idim, məni əzizləyirdilər. Filmin son səhnələrindən birində ki, mən ağlıyıram, “ölmə Qəzənfər dayı, ölmə” - həmin səhnəni özüm ağladım. Təklif edilən bütün vasitələrdən imtina etdim. Təsəvvür edin, mən birdən-birə hiss edirəm Şahmar doğurdan ölür, mən onu doğurdan itirirəm. Elə hisslər var idi ki, mən valideynimi, qardaşımı itirirəm, artıq buna köklənmişdim. Ona görə də Kələntəri, deyirlər, xüsusi nifrətlə vurmuşam. Gözlərimdə kin var idi.

Çəkiliş zamanı Həsən Məmməddovun diz qapağı sındı. Akktyorlar bunu asanlıqla həzm edirdilər.

O zamanlar mən akrobatika ilə məşğul olurdum. Çox çevik idim. Yusif Səmədoğlundan soruşdum ki, `Yusif müəllim, bu “Qəqəni” nə deməkdir`? Dedi ki,` nadinc, dəcəl uşaqlara Qazaxda “qəqəni” deyirlər`.

Çəklişdən sonra kollektiv oturmuşduq. Aktyorlar dedi ki, `İsrafil, sən də bir gül , danış`. Mən də qayıtdım ki “Hansı günümə gülüm, danışım?” Hamısı gülüşdü. Ağır təbiətli idim.



Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti