İkinci “lend-liz”: Tarix təkrarlanacaqmı? – TƏHLİL

// Rusiyanı ciddi sınaq dövrü gözləyir

      İkinci “lend-liz”:    Tarix təkrarlanacaqmı? –    TƏHLİL
  17 May 2022    Oxunub:3731
Rusiya rəsmilərinin İkinci Dünya müharibəsində SSRİ-nin ukraynalılar olmadan qalib gəlməsi və “Lend-Liz” çərçivəsində ABŞ-ın köməyinin əhəmiyyətli olmaması barədə bəyanatları həqiqəti əks etdirmir. Stalinin Çörçillin doğum günündə dediyi “Lend-Liz” olmasaydı, müharibəni uduzardıq” cümləsini unudanların diqqətinə bəzi rəqəm və faktları çatdıraq.
İkinci Dünya Müharibəsinin ilk iki ili ərzində SSRİ-nin ərzaq ehtiyatlarının tükəndiyini unudanlar təkcə 1944-cü ildə ABŞ-ın SSRİ-yə göndərdiyi 3,5 milyard dollarlıq yardımın 69%-ni (2,37 milyard dollar) ərzaq və digər mülki təyinatlı məhsulların təşkil etdiyini belə tez yaddan çıxarmalı deyildilər.

“Lend-Liz” çərçivəsində ABŞ SSRİ-yə 5000 tank əleyhinə top, 131 633 avtomatik silah, 12 997 tapança, 8218 tüfəng, 127 min ton barıt, 345 735 ton müxtəlif partlayıcı maddələr, 331 min litr yüksək təmizlənmiş etanol, 903 min ədəd detonator, 4338 ədəd radiostansiya, 2074 ədəd radiolokator, 105 sualtı qayıq əleyhinə gəmi, 202 torpeda qayığı, 90 yük gəmisi, 4 ədəd sualtı qayıq, 11075 yük vaqonu, 8071 traktor, 38100 metalkəsən dəzgah, 2,5 milyon telefon, 4 478 min ton ərzaq, 1,1 milyard dollar həcmində maşın və avadanlıq, 2,8 milyon ton polad, 802 min ton rəngli metal, 2,67 milyon ton neft məhsulları, 107 min ton pambıq, 842 min ton kimyəvi məhsullar, 50 min ton dəri, 3 786 000 ədəd təkər, 15 417 000 cüt hərbi çəkmə, 1,5 milyon ədəd adyal, 257 milyon düymə göndərdiyini Rusiyada çox tez unudublar.


Sovet ordusunda maşınlar çatışmırdı. Sovet ordusunun maşın təchizatında “Lend-Liz” ilə gələn avtomobillərin böyük rolu oldu. Onların sayı sovet istehsalının ümumi həcmindən 1,63 dəfə çox, keyfiyyəti daha üstün idi. ABŞ istehsalı olan “Studebaker” avtomobilləri həm canlı qüvvə daşımaqda, həm də yedəkçi kimi əsas texnika idi. Bundan əlavə, “Studebaker” reaktiv “Katyuşa” raket sistemləri üçün əsas şassi rolunu oynayırdı. İkinci Dünya Müharibəsinin ikinci yarısında demək olar ki, bütün “Katyuşa” sistemləri bu avtomobillərə yüklənmişdi.

Müharibə illərində Sovet ordusu 26000 “Katyuşa” reaktiv yaylım atəş sistemi ilə silahlanmışdı. Onlardan yalnız 600 ədədi SSRİ-nin QAZ-AA yük maşınları bazasında quraşdırılmış və demək olar ki, hamısı ilk il ərzində məhv edilmişdi. Qalan YARS-ların hamısı ABŞ-ın “Studebaker” yük maşınları bazasında yerləşdirmişdi.
“Dodge” və “Villis” avtomobilləri də sovet ordusunun hərəkətliliyində böyük rol oynadı. Amerikalıların qısa müddət ərzində İranda iki avtomobil zavodu inşa etməsi, SSRİ-yə göndərilən avtomobillərin 184 mininin bu zavodlarda istehsal olunması də rus rəsmilər tərəfindən unudulub.

SSRİ-nin bütün nəqliyyat aviasiyası Amerikanın “Duqlas” təyyarələrindən ibarət idi. 2 min lokomotivin hamısı Amerikada düzəldilmişdi. 7 mindən çox tank, 50 min yük maşını da ABŞ-dan gəlmişdi. İkinci Dünya Müharibəsinin ən uğurlu aviasiya zabiti sayılan ukraynalı pilot İvan Kojedub ABŞ-ın “Aerokobra” təyyarəsində döyüşürdü.


SSRİ-nin “Lend-Liz”ə görə ümumi borcu 10.7 milyard dollar (bugünün qiymətləri ilə 160 milyard dollar) olub. 1948-ci ildən başlayan “Lend-Liz” üzrə borc barədə 24 illik danışıqlardan sonra, nəhayət 1972-ci ildə razılıq əldə olundu. SSRİ 2001-ci ilə qədər 722 milyon dollar ödəməyi öhdəsinə götürdü. 1973-cü ildə cəmi 48 milyon dollar olan üç ödəniş həyata keçirildi. Lakin ABŞ konqresinin insan hüquqlarını pozan dövlətlərə qarşı yönəlmiş “Cekson-Venik” qanununu qəbul etməsindən sonra Moskva ödənişləri dayandırdı.

SSRİ/Rusiya indiyə qədər bu təchizata görə ABŞ-a söz verdiyi borcunun 6 faizini ödəyib. Əslində isə real borcun 160 milyard olduğunu nəzərə alsaq, onu ödənilən 48 milyon dollar ilə müqayisə etməyə dəyməz. Nə SSRİ, nə də Rusiya verdiyi sözü tutmaqda heç zaman fərqlənməyiblər.

Əgər 80 ildən sonrakı ikinci “Lend-Liz” miqyasını təkrarlayaraq, Ukraynaya aviasyia və yüksək hündürlükdə fəaliyyət göstərən HHM sistemlərinin verilməsini təmin edərsə, o zaman iyun ayı ərzində Ukrayna qoşunlarının əks-hücumlarının miqyası genişlənəcək və bu, Rusiya üçün ciddi sınaq olacaq. “Lend-Liz” və Qərbdən tədarük edilən digər silahların sayəsində Ukrayna Rusiyanın hücumlarına daha ciddi müqavimət göstərəcək. Əlverişli ssenari halında isə hətta işğal olunmuş ərazilərin bir hissəsini geri qaytaracağı da mümkündür.

“Lend-Liz” ilə eyni vaxtda Rusiyanın Xersonda tələsik qondarma respublika yaratmaq niyyəti də ortaya çıxdı. Kreml Donetsk və Luqansk “respublikalarını”, hətta hazırda Ukraynanın nəzarətində olan bəzi əraziləri özünə “birləşdirmək” və imkan yaranarsa, Moldovanın Ukrayna ilə sərhədyanı ərazisində hərbi fəaliyyətlərə başlamaq niyyətindədir.

Bir çox bölmələrinin döyüş qabiliyyətini itirməsinə, bəzilərinin isə ciddi itki ilə qarşılaşmasına və Qərbin sərt sanksiyalarına baxmayaraq, Rusiya hələ də Ukraynada uzunmüddətli müharibə apara bilər. Amma bunun üçün yenidən qruplaşma və komandanlıqda dəyişiklik əsas şərtdir. İlk növbədə müdafiə naziri Sergey Şoyqu və yarıtmaz müavinləri vəzifədən getməlidirlər, çünki onlar Ukrayna xalqının ruslara qarşı yüksək mübarizə əhval-ruhiyyəsini, Ukrayna ordusunun yaradıcı və adaptiv döyüş strategiyasını, NATO-nun Ukraynaya verdiyi dəstəyi nəzərə almayacaq qədər savadsız kadrlardırlar.

Ukraynanın birbaşa sənədləşdirilmiş infrastruktur itkilərinin məbləği 88 milyard dollardır. Ukrayna iqtisadiyyatının ümumi itkiləri isə təxminən 600 milyard dollar təşkil edir. Bu itkilərin Rusiyanın sanksiya altına düşən vəsaitləri hesabına kompensasiya edilməsi Kremlin Ukraynaya vurduğu ziyanı özünün ödəyəcəyi deməkdir. Bu isə rus oliqarxlarını daha çox narahat etməyə başlayıb. Görünən budur ki, Rusiya nə öz vətəndaşına adam kimi yaşamağa imkan verir, nə də ətrafını rahat buraxır.

Ukrayna ABŞ və digər müttəfiqlərinin silahları və kəşfiyyat məlumatları sayəsində döyüş və müqavimət potensialını artırır. Bu təchizatın Rusiyanı çıxılmaz vəziyyətə saldığı təqdirdə isə Kremlin taktiki nüvə silahından istifadə barədə qəti qərar verə biləcəyini də nəzərdə saxlamalıyıq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Müharibə   Lend-liz   ABŞ   Rusiya  





Xəbər lenti