“3+3 problemli formatdır” - Gürcüstanın Baş Qərargah rəisinin keçmiş müavini (Eksklüziv+Video)
Beridze qeyd edib ki, Azərbaycan Prezidenti Qarabağla bağlı çox müdrik və uzaqgörən siyasət aparır, harada pauza verməli, harada güclü siyasi iradəsini, qətiyyətini nümayiş etdirməli olduğunu bilir. “Bu, çox vacib məqamdır. Əgər bir şəhərin azad edilməsi mülki itkilərlə müşayiət olunursa, istər-istəməz dünya ictimaiyyətinin son dərəcə mənfi reaksiyasına səbəb olacaq. Biz 21-ci əsrdə yaşayırıq. Azərbaycan harada dayanmalı olduğunu bildi və düzgün addım atdı. Növbəti vəzifə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, regiona sərmayələrin cəlb edilməsi və s. addımlar atılması olmalıdır”,- ekspert vurğulayıb.
Gürcü ekspert bildirib ki, Rusiya Ukrayna ilə müharibədə zəifləsə, Cənubi Qafqazdakı rusiyayönlü qüvvələrə artıq açıq şəkildə dəstək verə bilməyəcək: “Qarabağ münaqişəsi artıq keçmişdə qaldığı üçün “Azərbaycan-Gürcüstan-Ermənistan” üçtərəfli formatının yaradılması yaxşı olardı. Bakı, İrəvan və Tiflis öz məsələlərini Rusiyanın və digər xarici oyunçuların müdaxiləsi olmadan özləri həll etməlidirlər. Biz regionda infrastruktur layihələrini üçlükdə təşviq etməli və həyata keçirməliyik. Düşünürəm ki, belə bir format yaratmaqla təkərlərimizə çomaq soxmağa çalışan Rusiya və digər oyunçuların təsirini cilovlamaq olar. Nümunə olaraq Baltikyanı ölkələri – Litva, Latviya və Estoniyanı misal çəkə bilərəm ki, onlar birgə səylərlə çox şeyə nail olublar. Mənə elə gəlir ki, ölkələrimiz regionumuzda yekun sülh və sabitliyə nail olmaq üçün çox çalışmalıdırlar ki, aramızda ərazi və sərhəd mübahisələri olmasın”.
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Gürcüstan-Azərbaycan münasibətlərindən xüsusi danışaraq qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətləri sərhədlərimizdə heç bir keçid məntəqəsinin olmayacağı səviyyəyə çatmalıdır.
“Ölkələrimiz bu istiqamətdə sıx əməkdaşlıq etməlidir. Son zamanlar Gürcüstanda gürcü xalqının həssas yanaşdığı hadisələr baş verir. Məncə, bunlar Rusiyadan, yaxud Gürcüstanda Rusiyanın nəzarətində olan qüvvələrdən gəlir. David Qareci monastır kompleksi ilə bağlı hadisəni xatırlamaq kifayətdir. Ölkələrimiz bu məsələni dostluq və qardaşlıq müstəvisində, ikitərəfli maraqları nəzərə almaqla həll etməlidir. Bu həll edilə bilən məsələdir. Düşünürəm ki, bizi narahat edən məsələləri Rusiya və digər dövlətlərin iştirakı olmadan özümüz yoluna qoya bilərik. Üstəlik, həm Azərbaycan, həm də Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir”, - həmsöhbətimiz qeyd edib.
3+3 formatının inkişaf perspektivlərinə toxunan L. Beridze bildirib ki, Gürcüstan bu formatda iştirak etməyəcək və etməməlidir: “Bu, problemli formatdır və problem Rusiyadır. Düşünürəm ki, Rusiyanın iştirak edəcəyi istənilən formatda ölkəmiz üçün qəbuledilməz şərtlər yaranacaq. Ona görə də, belə formatdan çəkinməyimiz daha yaxşıdır, biz Azərbaycanla Rusiyasız formatın tərəfdarıyıq”, - Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini deyib.
Seymur Məmmədov hazırladı,
Nadir Quliyev çevirdi
AzVision.az
Teqlər: Gürcüstan