Azərbaycan dili imtahanından kəsilənlərə ikinci şans veriləcək

Azərbaycan dili imtahanından kəsilənlərə ikinci şans veriləcək
  23 May 2022    Oxunub:2338
Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 31 may saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.
Dövlət İmtahan Mərkəzindən AzVision.az -a verilən xəbərə görə, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Məlumat üçün bildirək ki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün “Azərbaycan dili” imtahanına (ikinci cəhd) qeydiyyat isə yaxın 2 gün ərzində elan ediləcək.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 12 iyun tarixində keçiriləcək.

Xatırladaq ki, 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 8-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti