Türkün qanadlanmaq dövrü – Ədalət Verdiyevin şərhi

// TEKNOFEST həm də bəzilərinə çox vacib mesajlar verir

   Türkün qanadlanmaq dövrü –    Ədalət Verdiyevin şərhi
  26 May 2022    Oxunub:4512
Türkiyə sərhədlərini aşaraq beynəlxalq səviyyəyə yüksələn, dünyanın ən böyük Aeronavtika, Kosmos və Texnologiya Festivalı olan TEKNOFEST Bakıda işinə başlayıb. İlk dəfə 2018-ci ildə təşkil edilən və “Milli texnologiya hücumu” devizi ilə yoluna davam edən TEKNOFEST ölkəmizdə bir neçə müsabiqə üzrə həyata keçirilir.
Vətən Müharibəsində qardaş Türkiyənin mənəvi dəstəyi ilə əldə edilən Qələbədən sonra TEKNOFEST-in həyəcan, dostluq və qardaşlıq duyğularıyla dolu bir festival olacağı əvvəlcədən şübhə doğurmurdu.

Təşkilatçı və tərəfdaşlar

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azintelecom MMC, AzərKosmos ASC, Təhsil Nazirliyi, Aviasiya Akademiyası, ADA universiteti, Azərbaycan Kiber İdman Federasiyası, Beynəlxalq Bank, Kiçik və Orta biznesin inkişafı Agentliyi və Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi tərəfdaş qismində dəstək verdilər.


Bu müsabiqədə Azərbaycan gəncləri kütləvi şəkildə təmsil olunur. Müdafiə Nazirliyinin və digər güc strukturlarının tabeliyində olan ali və orta təhsil müəssisələrinin festivalda yaxından iştirakını, nailiyyətlərini ictimaiyyətə nümayiş etdirəcəklərini gözləsəm də, əsasən mülki ali təhsil müəssisələrinin komandalarını müşahidə etdik. “TEKNOFEST Azərbaycan” festivalının “Həvəskar peyk modelləşdirilməsi” və “Pilotsuz uçuş aparatları” müsabiqələri “Azərkosmos”un tərəfdaşlığı və təşkilatçılığı ilə keçirilir.

Müsabiqələr

Azərbaycanda keçirilən TEKHOFEST 9 müsabiqədən ibarətdir:

1.
“Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Onun təsiri kosmik sənayedən tibbi cihazlara qədər hər bir sahədə görünür. 3D çapındakı irəliləyişlər texnologiyanı daha əlçatan və münasib qiymətli edərək, təhsil sahəsində məşhurluğunun artmasına səbəb olub.


2. “Ağıllı Qarabağ Hakaton” müsabiqəsi “Bir şəhəri nə ağıllı edə bilər?” sualına müxtəlif yanaşmalar və müxtəlif cavablar axtarır. Ümumilikdə “ağıllı şəhər” daxilində olan əməliyyatları daha yaxşı başa düşmək, idarə edə bilmək və məhdud resursların optimallaşdırılması kimi şərh edilir. Digər bir yanaşmada isə “ağıllı şəhər” əməliyyat səmərəliliyini artırmaq, məlumatı ictimaiyyətlə bölüşmək və daha keyfiyyətli dövlət xidmətləri və vətəndaşların rifahını təmin etmək üçün informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsi kimi qiymətləndirilir.


3. “Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi tələbələr arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə bir sıra ölkələrdə təşkil edilir. Bu müsabiqədə qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır. Əlavə olaraq, iştirakçılar komandada işləmə, təqdimat və planlaşdırma kimi faydalı bacarıqlarını nümayiş etdirirlər.

4. “Sosial Yönümlü Texnologiyalar” müsabiqəsi Sosial innovasiya, GovTech, Sağlamlıq və ilk yardım kateqoriyalarını əhatə edir. Bu sahələrdə innovasiya və texnologiyaları orijinal və milli resurslarla həyata keçirmək əsas hədəfdir. Müsabiqə fərdlərin sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək, cəmiyyət üçün faydalı layihələri ərsəyə gətirmələrinə dəstək olmaq məqsədi daşıyır. Müsabiqədə insan həyatına təsir edən və bir çox sahələrdə tətbiq olunan innovasiyalar, texnoloji yeniliklər təqdim edilir.


5. Beynəlxalq “Pilotsuz Uçuş Aparatları” (PUA) müsabiqəsi tələbələr arasında aerokosmik sahəyə, pilotsuz uçuş aparatlarına marağın artırılması və bu sahədə fundamental uçuş bilik və bacarıqları formalaşdırmaq məqsədilə bir sıra ölkələrdə təşkil edilib. Azərbaycan və Türkiyə Respublikası vətəndaşları olan ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan bu müsabiqədə qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır. Komandalara dizayn etdikləri PUA-ların imkanlarını sərgiləmək şansı verilir.

6. “Planer” müsabiqəsi gənclərin təyyarə modeli hazırlamasına və təyyarə konstruktoru qabiliyyətinin inkişafına yönəldilib. İştirakçılara əfsanəvi ASW 28 və “Walker Sky X8” planerinin dəqiq surətinin yığılması, ona elektron sistemlərin, naviqasiya sistemlərinin, xüsusi kamera və qurğuların quraşdırılması təklif olunur. İştirakçılar təyyarəyə dizayn verməyi, proqramlaşdırmağı və avtonom uçuş yaratmağı, müxtəlif sensorlar və kameralar vasitəsilə uçuş zamanı ərazi məlumatlarını toplamağı bacarmalıdırlar.


7. “Aqrar Texnologiyalar” müsabiqəsi kənd təsərrüfatının ətraf mühitə, iqtisadiyyata və sağlamlığa təsir edən böyük problemlərinin həllinə yönəlib. Ərzaq tələbatı dünya əhalisinin çoxalması ilə mütənasib artır. Müsabiqə yararsız torpaqların istifadəyə uyğunlaşdırılmasını, bitki örtüyünün qorunmasını, gübrələrdən istifadə və iqlim dəyişikliyinin məhsuldarlığa təsirinin azaldılmasında yüksək texnoloji həllərin tətbiqini nəzərdə tutur.

8. “Robototexnika” müsabiqəsində insana gündəlik həyatda, kosmosda faydalı ola bilən, hər hansı bir işi sadələşdirən robotlar təqdim edilir. Müsabiqədə müxtəlif növ mexaniki və ya pnevmatik əməliyyatları yerinə yetirmək üçün dizayn edilən, həmçinin materialın kinetik xüsusiyyətlərinə əsaslanan, öncədən proqramlaşdırılmış tapşırıqlar əsasında fəaliyyət göstərən və ya süni intellekt tərəfindən idarə olunan, müxtəlif bort sensorları ilə yönləndirilən istənilən avtomatik robotlar görə bilərik.


9. “Yaşıl Texnologiyalar” müsabiqəsi resursların qorunmasına yönəlib. Müsabiqədə sənaye sahəsində enerji səmərəliliyini artırmaq, bərpa olunan enerji mənbələrindən istifadə etmək, onların effektivliyini yüksəltmək yönündə texnologiyalar təqdim edilir.

Hazırlıq mərhələsi və sınaqlar

TEKNOFEST-ə hazırlıq çərçivəsində 22 may tarixində “Planer” müsabiqəsi üzrə 19 komanda Hacıqabul aerodromunda sınaq uçuşları keçirib. Müsabiqədə Milli Aviasiya Akademiyasından 12, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 3, Xəzər Universitetindən 2, Bakı Ali Neft Məktəbindən 1 və Azərbaycan Texniki Universitetindən 1 komanda iştirak edib. Komandalar təlim meydançasında əfsanəvi ASW 28 və “Walker Sky X8” modelləri əsnasında hazırlanmış planerlərin uçuşunu həyata keçiriblər.


Festivaldan öncə keçirilən sınaq uçuşları komandalar üçün olduqca kritik əhəmiyyət daşıyıb. Münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən “TEKNOFEST Azərbaycan” festivalının finalçıları əvvəlcədən müəyyənləşdirilib. Hər iki müsabiqənin finalçıları “TEKNOFEST Azərbaycan” layihəsinin seçim meyarlarına uyğun müəyyən edilib.

“Həvəskar peyk modelləşdirilməsi” və “Pilotsuz uçuş aparatları” yarışları üzrə finala vəsiqə qazananan komandalar 23 və 24 mayda Hacıqabul rayonu ərazisindəki aerodromda uçuşlar həyata keçiriblər. Uçuşları uğurla bitirən komandalar mayın 28-də “Baku Crystal Hall”da baş tutacaq mükafatlandırma mərasimində iştirak edəcəklər.


Azərbaycanda ilk dəfə keçirilən TEKNOFEST gənclərin süni intellekt, proqram təminatı, robotların və PUA-ların hazırlanması, standart planer modelində sınaqların keçirilməsi, uçuşun proqramlaşdırması və məlumatların toplanması, idarəetmə sistemlərinin layihələndirilməsi və inşası üzrə bacarıqlarını geniş şəkildə ictimaiyyətə təqdim edilməsi üçün unikal imkanlar yaradır. Beynəlxalq iştiraka açıq olan pilotsuz uçuş aparatları müsabiqəsində sabit qanad, dönən qanad, hibrid və hərəkətli qanad kimi kateqoriyalarda yarışların keçirilməsi Azərbaycan gəncləri üçün mühüm əhəmiyyət daşıyır. Tələbələr və gənclər arasında kosmik sahəyə marağın artırılması yerli kadrların yetişdirilməsi baxımından çox vacibdir.

Gerçəkləşən xəyallar

Festival bir neçə mühüm hadisə ilə yadda qaldı. Bunlardan birincisi Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxaraq, 2000 km qət edən «AKINCI» PUA-larının Bakı Beynəlxalq hava limanına enməsi idi. Dünyaya çox yaxşı tanış olan “Baykar Makina” şirkətinin “Uçan Balina” adlanan ağır PUA-sı 3 ölkə ərazisindən birbaşa uçaraq Azərbaycana gəldi. Ermənistan sərhədlərini müşahidə edərək Bakıya gələn Türkiyə qırıcıları və PUA-ları Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı.


TEKNOFEST-də 4 saat iştirak etdim. Möhtəşəm təşkilatçılıq və yüksək təhlükəsizlik sayəsində vətəndaşlarımız problemsiz şəkildə festivala qatılmışdılar. Dünyanın ilk 100 böyük müdafiə şirkətləri siyahısına daxil olan kompaniyaların Bakıda hərbi təyinatlı məhsullarını təqdim etməsi qürurverici hadisədir. Eksponatların, pavilyon və iştirakçıların sayı gözlədiyimdən qat-qat artıq idi.

Türkiyə və Azərbaycanın döyüşlərdə tətbiq etdikləri çox sayda silah və texnikaların nümayiş etdirilməsi tədbiri festivaldan çox Azərbaycan və Türkiyənin birlik, bərabərlik, dostluq, qardaşlıq bayramı kimi təsnifatlandırmağa imkan verir.

Festivalda ziyarətçilərə açıq ərazidə təqdim edilən AKINCI PUA-sının quyruq hissəsində türk bayrağı görünürdü. Havada uçanların üzərindəki bayraq isə təbii ki, seçilmirdi. Amma havada olan 2 ədəd AKINCI PUA-sının Azərbaycanda qalması və gələcəkdə onların yerli müəssisələrdə istehsal edilməsi ehtimalı çox böyükdür.


Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, TEKNOFEST Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və digər rəsmi şəxslərin festivalın açılış mərasimində iştirak etməsi, 28 May Müstəqillik Günümüz ərəfəsində keçirilən tədbir çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının ardıcıl olaraq bir neçə gün Bakı səmasında yüksək pilotaj nümayiş etdirmələri bir daha iki qardaş ölkə ilə düşmənçilik etməyə cəhd göstərən qüvvələrə Vətən Müharibəsindən nəticə çıxarmaları üçün ciddi xəbərdarlıq hesab oluna bilər.

Pilotlu və pilotsuz aviasiyanın qarşılıqlı əlaqədə döyüş vəzifələrini yerinə yetirməsi üzrə üçuşlar əksər inkişaf etmiş ölkələrin hərbi hava qüvvələrinin yalnız xəyallarında mövcuddur. Azərbaycan və Türkiyənin qəhrəman şahinləri isə bu fəaliyyətləri 2015-ci ildən icra edirlər. Odur ki, türk birliyinin və bərabərliyinin rəmzi olan TEKNOFEST festivalı çərçivəsində aviasiya vasitələrinin göstərdiyi nümunəvi uçuşlar həm də regionun təhlükəsizliyi və sülhün təminatı baxımından böyük əhəmiyyətə malikdir.

Bu festivalda nümayiş etdirilən hava, dəniz və yerüstü vasitələr, onların döyüş imkanları və texniki xüsusiyyətləri, revanş barədə ermənilərə 30 ildir yalan vədlər verən köçəryanlara və onları dəstəkləyənlərə kifayət qədər aydın siqnaldır. Müharibədə qırıcılarını havaya qaldıra bilməyən tükənmiş Ermənistanın keçmiş prezidentləri Bakı səmasında başa verənləri “iki qardaşın növbəti yumruq nümayişi” də hesab edə bilərlər.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Texnofest  





Xəbər lenti