Referendum "feyk"i: Qız evində toydur, oğlan evinin xəbəri yox...

 Referendum "feyk"i:  Qız evində toydur, oğlan evinin xəbəri yox...
  28 May 2022    Oxunub:2861
Saxta informasiyalar yaymaqla hərc-mərclik yaratmaq metodologiyası bəzi qüvvələrin əlində əsas alətə çevrilib. Bu yöndə Azərbaycana qarşı aparılan oyunlar dəfələrlə iflasa uğrasa da, vaxtaşırı yenə belə cəhdlərin şahidi oluruq.
Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən “BBC News Azərbaycanca” agentliyi "Facebook"da ölkəmizin Konstitusiyasına dəyişikliklər edilməsini nəzərdə tutan referendum keçiriləcəyi barədə saxta reklam yerləşdirib. Belə ağ yalanın inandırıcı görünməsi üçün agentlik guya vaxtilə müxtəlif seçkilərdə iştirak etmiş bəzi məntəqə-seçki komissiyalarının keçmiş üzvlərinin də referenduma “gizli hazırlıqla” bağlı məlumatı təsdiqlədiklərini, amma bununla bərabər adlarının çəkilməsinin istəmədiklərini bildiriblər.

İddiaya görə, paytaxt Bakıda və bir sıra şəhərlərdə yerli icra orqanları bu məlumatları verən mənbələri yenidən çağıraraq, referendumda məntəqə sədri və ya sədr köməkçiləri olmaq üçün “adlarına bank kartı açdırmağı” tapşırıb. Buna əsas səbəb isə seçki öncəsi üç aylıq hazırlıq mərhələsində onlara “rəsmi qaydada aylıq məvacibin” ödənilməsidir. Saytın əməkdaşlarının hətta adına bank hesabı açılan bəzi üzvlərin yeni bank kartlarını gördükləri də bildirilir.

Təəssüf ki, daha çox bu qəbildən olan “sensasion” xəbərlər ovuna çıxan saytlar isə, əlavə araşdırma aparmadan, sadəlöhvcəsinə öz həmkarlarının hördükləri tora düşüblər. Hətta əlüstü bəzi deputatlardan, partiya rəhbərlərindən və ekspertlərdən “referendum”un hipotetik məzmunu barədə açıqlamalar da alıblar. Hərçənd BBC-nin Azərbaycana qarşı qərəzli mövqeyini əksa etdirən analoji “xəbərlər”in dəfələrlə canlı şahidi olublar.

Amma bu əssasız iddialara operativ qaydada verilən rəsmi açıqlama “sensasion” xəbər yayımçılarını pat vəziyyətinə salıb.

“Report” informasiya agentliyinə hökumətdəki mənbələrdən verilən məlumata görə, Azərbaycan Konstitusiyasına heç bir dəyişiklik nəzərdə tutulmur. Hazırda belə bir planın olmadığı və bununla bağlı heç bir müzakirənin aparılmadığı, bu cür əsassız məlumatların yayılmasının isə həqiqəti əks etdirmədiyi bildirilib. Məhz bu baxımdan, indiki həssas dönəmdə KİV-lər ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış məlumatların tirajlanmasına yol verməməyə çağırılıb.

Hökumətdəki mənbələr onu da vurğulayıblar ki, ölkədə seçici siyahılarının dəqiqləşdirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş və mütəmadi aparılan proses bu şayiənin yayılmasına əsas kimi götürülüb. Bu il seçici siyahılarının dəqiqləşdirilməsi isə həmçinin koronavirus pandemiyası şəraitində, habelə Rusiya-Ukrayna müharibəsi fonunda miqrasiya hallarının baş verməsi, Vətən müharibəsi dövründə və ondan sonra daxili miqrasiya proseslərinin təsirini öyrənməyə şərait yaradacaq.

Bu cür sadə həqiqətdə, obrazlı desək, bir neçə nöqtə-vergülün və vurğunun yerini dəyişmək kifayət edir ki, texniki bir məsələ taleyüklü siyasi iddiaya, yəni “sensasiaon” məlumata çevrilsin. Qarışqadan fil düzəltməyə və qaşınmayan yerdən qan çıxarmağa çalışan qüvvələr isə gündəmi dəyişmək və Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməklə ölkədaxili siyasi prosesləri süni yolla aktivləşdirmək şansı qazansınlar.

Bəs həmin qüvvələri buna sövq edən səbəblər hansılardır?


Strateji kontekstdə, Azərbaycan hökumətinin müstəqil daxili və xarici siyasəti, habelə dölətçiliyimiz üçün bütün taleyüklü məsələlərdə nümayiş etdirilən sarsılmaz xalq-iqtidar birliyi.

Taktiki gedişlər prizmasından baxsaq, Azərbaycanın bir sıra çox mühüm məsələlərdə uğurlar qazandığı vaxtda və ölkəmizdə keçirilən bir mötəbər tədbirlər ərəfəsində məhz belə addımların atıldığı dəfələrlə sübuta yetib.

Faktlara müraciət edək.

Əvvəla, Ermənistanın və onun havadarlarının bütün ciddi-cəhdlərinə baxmayaraq, postmünaqişə dövründə regionda münasibətlərin tənzimlənməsi prosesinin gündəliyini müəyyənləşdirən Azərbaycan, həm də Cənubi Qafqazda yaradılmış yeni geosiyasi konfiqurasiyanın arxitektorlarından biridir.

İkincisi, artıq 3 gündür ki, Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir. Bu tədbirdə Azərbaycan və Türkiyə pilotlarının səmada nümayiş etdirdikləri avio-şoular Azərbaycan-Türkiyə hərbi qüdrətini qısqanclıqla qarşılayan qüvvələri hərəkətə gətirir.

Üçüncüsü, bir həftədən artıqdır ki, dünyanın aparıcı dövlətlərindən və əksər ölkələrindən Müstəqillik Günümüz münasibətilə Prezident İlham Əliyevin ünvanına gələn təbrik məktublarında Azərbaycanın misilsiz inkişafı və beynəlxalq aləmdə nüfuzunun artması vurğulanır ki, bu da bəziləri tərəfindən həzm olunmur.

Dördüncüsü, Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 68-ci əfv sərəncamına əsasən, 213 məhbus azadlığa buraxılıb və ya cəzasının qalan hissəsinin müddəti azaldılıb, 1 nəfər isə ömürlük məhkumluqdan azad olunub. Marqlıdır ki, Azərbaycan hakimiyyətinin növbəti humanist addımı fonunda bu gün Ermənistanda siyasi həbslər dalğası çərçivəsində artıq 5 nəfər həbs edilib. Konstitusiyaya dəyişikliklər üçün referendum barədə saxta xəbər yayımçılarının əsas məqsədlərindən biri də Azərbaycan hökumətinin humanist dəyərlərə söykənən siyasətinin üzərinə gölgə salmaqla yanaşı, Ermənistan hakimiyyətinin repressiya siyasətindən də diqqəti yayındırmaqdır.

Məhz bu həqiqətlər toy çalan qız evinin əvvəlcə bir oğlan evinin də fikrini öyrənməsini zəruri edir.

Sahil İsgəndərov, politoloq
AzVision.az





Teqlər: Referendum   yalan  





Xəbər lenti