Abituriyentlər məktəb proqramının 27-58 faizini mənimsəyir- DİM

   Abituriyentlər məktəb proqramının 27-58 faizini mənimsəyir-    DİM
  10 İyun 2022    Oxunub:1273
Ötən il ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda ortastatistik portreti müəyyənləşdirilib. Ortastatistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 27-58 faizini mənimsəyir. AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında qeyd edilib.
Belə ki, Azərbaycan bölməsində ortastatistik abituriyent I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 50.83, riyaziyyatdan 32.10, ingilis dilindən 43.53%-nə, II mərhələdə ana dilindən 51.42, ədəbiyyatdan 55.39, riyaziyyatdan 26.58, fizikadan 32.67, kimyadan 35.11, biologiyadan 49.44, tarixdən 40.32, coğrafiyadan 30.59%-inə düzgün cavab verib.

Rus bölməsində ortastatistik abituriyent isə I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 56.87, riyaziyyatdan 34.25, ingilis dilindən 57.93%-nə, II mərhələdə ana dilindən 51.80, ədəbiyyatdan 53.46, riyaziyyatdan 27.86, fizikadan 32.30, kimyadan 35.49, biologiyadan 42.03, tarixdən 33.64, coğrafiyadan 28.06%-inə düzgün cavablandırıb. Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, ortastatistik abituriyent fənlər üzrə testlərin yalnız 27-58 faizinə düzgün cavab verib.

Test tapşırıqlarının məktəb proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun məktəb proqramının 42–73%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik vəbacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır.

Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır.

Aytən Zəhra


Teqlər:





Xəbər lenti