Belarus müharibəyə qoşulacaqmı? – Ukraynalı ekspert

// "Lukaşenko çətin seçim qarşısında qalıb"

   Belarus müharibəyə qoşulacaqmı? –    Ukraynalı ekspert
  13 İyun 2022    Oxunub:2517
İyunun 22-dən iyulun 1-dək Belarusun Ukrayna ilə həmsərhəd Qomel vilayətində səfərbərlik təlimləri keçiriləcək. Bir müddət əvvəl isə prezident Aleksandr Lukaşenko Belarus ordusunun raket sistemləri ilə gücləndirilməsinin vacibliyini bəyan edib. Belarus həm özünün raket sistemlərini yaratmaq, həm də onları Rusiyadan almaq istəyir. Bu, Belarusun hələ də Rusiya tərəfində müharibəyə girməyə hazırlaşdığı anlamına gələ bilərmi?
Məsələni AzVision.az -a şərh edən ukraynalı hərbi ekspert Mixail Jiroxov bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Belarusun vəziyyəti heç də sadə deyil. Bir tərəfdən Lukaşenko daim Minskin müharibədə iştirak etmədiyini bəyan edir, digər tərəfdən isə işğalın əvvəlindən mayın 14-dək Ukrayna ərazisinə Belarusdan 633 raket atılıb; həm yerdən (“İskəndər” və “Toçka-U”), həm də havadan (Qomel vilayətinin Mozır rayonundan) aviasiya vasitəsilə. İlk atəş fevralın 24-də qeydə alınıb, aktivlik martda artıb və 56 atəşin qeydə alındığı aprelin 1-də pik həddə çatıb. Rusiya qoşunları Ukraynaya Belarus ərazisindən soxulub və Çernobıl AES-i məhz oradan işğal ediblər.

Eyni zamanda, Belarus hərbçilərinin döyüşlərdə iştirak etdiyi barədə vaxtaşırı ortaya çıxan məlumatlara baxmayaraq, hələ də bunların təsdiqi yoxdur. Lakin Lukaşenko daim bəyan edir ki, onun ordusu müttəfiqi Rusiyanı dəstəkləməyə hazırdır.

O da aydındır ki, Belarus ordusu yalnız heç bir döyüş təcrübəsi və əslində döyüş hazırlığı olmayan (hətta BMT-nin sülhməramlı əməliyyatında iştirak formasında) 17.000 əsgəri, 300 tankı, köhnəlmiş sovet modelləri olan texnika və silahları meydana çıxara bilər. Bununla belə, Ukrayna ordusu istənilən halda digər ərazilərdə çox faydalı ola biləcək bir neçə döyüş briqadasını sərhədyanı bölgələrdə saxlamağa məcburdu.

M.Jiroxov Lukaşenkonun həqiqətən də Ukrayna ilə müharibəyə başlayıb-başlamayacağının mürəkkəb məsələ olduğunu bildirib. Bir tərəfdən ölkənin hazırkı rəhbəri başa düşür ki, onun ordusu Ukrayna ordusuna müqavimət göstərə bilməyəcək, ağır itkilər verəcək, bu, şübhəsiz ki, ölkədə daxili gərginlik dərəcəsini yüksəldəcək və hətta iğtişaşlara səbəb ola bilər. Digər tərəfdən, Qərblə əlaqələri tam kəsdikdən sonra Belarus iqtisadiyyatı yalnız Moskvanın maliyyə köçürmələri ilə dəstəklənir və bunun haqqı gec-tez ödənməlidir. Bu, Belarus silahlı qüvvələrinin Ukraynaya avantürasında iştirakı formasında da ola bilər.

“Lukaşenkonun nəyi seçəcəyi və həmişə olduğu kimi, situasiyadan çıxa bilib-bilməyəcəyi sualının cavabını yaxın həftələrdə öyrənəcəyik. Məsələ burasındadır ki, əksər Qərb analitikləri Putinlə Lukaşenkonun son görüşündə Belarus prezidentinin müharibəyə girmək məsələsini Donbasdakı müharibənin gedişindən, yəni Rusiya qoşunlarının yaxın gələcəkdə Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çata bilməsindən asılı olduğunu söylədiyini iddia edirlər. Yalnız o zaman Belarus ordusunun Polissya və Çerniqov istiqamətlərində döyüş əməliyyatlarına başlamasından danışmaq olar. Bunun doğru olub-olmadığını söyləmək çətindir, lakin Belarus ordusu intensiv şəkildə sərhəd bölgəsində yerləşdirilir.

Eyni dərəcədə aydındır ki, Belarusun müharibəyə girməsi ümumi vəziyyəti xeyli çətinləşdirəcək, lakin bu, Ukrayna üçün fəlakətli olmayacaq, çünki o halda Kiyevin düşmən ölkə ərazisinə qabaqlayıcı zərbələr endirməyə tam hüququ olacaq. Bu isə çox-çox ağrılı ola bilər”,- politoloq bildirib.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər: Müharibə   Ukrayna   Belarus  





Xəbər lenti