Belarus müharibəyə qoşulacaqmı? – Ukraynalı ekspert
// "Lukaşenko çətin seçim qarşısında qalıb"
Eyni zamanda, Belarus hərbçilərinin döyüşlərdə iştirak etdiyi barədə vaxtaşırı ortaya çıxan məlumatlara baxmayaraq, hələ də bunların təsdiqi yoxdur. Lakin Lukaşenko daim bəyan edir ki, onun ordusu müttəfiqi Rusiyanı dəstəkləməyə hazırdır.
O da aydındır ki, Belarus ordusu yalnız heç bir döyüş təcrübəsi və əslində döyüş hazırlığı olmayan (hətta BMT-nin sülhməramlı əməliyyatında iştirak formasında) 17.000 əsgəri, 300 tankı, köhnəlmiş sovet modelləri olan texnika və silahları meydana çıxara bilər. Bununla belə, Ukrayna ordusu istənilən halda digər ərazilərdə çox faydalı ola biləcək bir neçə döyüş briqadasını sərhədyanı bölgələrdə saxlamağa məcburdu.
M.Jiroxov Lukaşenkonun həqiqətən də Ukrayna ilə müharibəyə başlayıb-başlamayacağının mürəkkəb məsələ olduğunu bildirib. Bir tərəfdən ölkənin hazırkı rəhbəri başa düşür ki, onun ordusu Ukrayna ordusuna müqavimət göstərə bilməyəcək, ağır itkilər verəcək, bu, şübhəsiz ki, ölkədə daxili gərginlik dərəcəsini yüksəldəcək və hətta iğtişaşlara səbəb ola bilər. Digər tərəfdən, Qərblə əlaqələri tam kəsdikdən sonra Belarus iqtisadiyyatı yalnız Moskvanın maliyyə köçürmələri ilə dəstəklənir və bunun haqqı gec-tez ödənməlidir. Bu, Belarus silahlı qüvvələrinin Ukraynaya avantürasında iştirakı formasında da ola bilər.
“Lukaşenkonun nəyi seçəcəyi və həmişə olduğu kimi, situasiyadan çıxa bilib-bilməyəcəyi sualının cavabını yaxın həftələrdə öyrənəcəyik. Məsələ burasındadır ki, əksər Qərb analitikləri Putinlə Lukaşenkonun son görüşündə Belarus prezidentinin müharibəyə girmək məsələsini Donbasdakı müharibənin gedişindən, yəni Rusiya qoşunlarının yaxın gələcəkdə Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çata bilməsindən asılı olduğunu söylədiyini iddia edirlər. Yalnız o zaman Belarus ordusunun Polissya və Çerniqov istiqamətlərində döyüş əməliyyatlarına başlamasından danışmaq olar. Bunun doğru olub-olmadığını söyləmək çətindir, lakin Belarus ordusu intensiv şəkildə sərhəd bölgəsində yerləşdirilir.
Eyni dərəcədə aydındır ki, Belarusun müharibəyə girməsi ümumi vəziyyəti xeyli çətinləşdirəcək, lakin bu, Ukrayna üçün fəlakətli olmayacaq, çünki o halda Kiyevin düşmən ölkə ərazisinə qabaqlayıcı zərbələr endirməyə tam hüququ olacaq. Bu isə çox-çox ağrılı ola bilər”,- politoloq bildirib.
Samir Vəliyev
Nadir Quliyev
AzVision.az
Teqlər: Müharibə Ukrayna Belarus