Ukrayna ssenarisinin Güney Qafqazda təkrarlanması riski varmı? - MÜSAHİBƏ

   Ukrayna ssenarisinin Güney Qafqazda təkrarlanması riski varmı? -    MÜSAHİBƏ
  20 İyun 2022    Oxunub:3650
Ukraynadakı müharibə artıq yorğunluqla müşayiət olunur. Toqquşmalarda tərəflərdən heç biri üstünlük qazana bilmir. Ordular fəaldır, təbliğat tüğyan edir, infrastruktur dağılır, insanlar ölür, “nəticələr” isə... cüzidir. Belə hallarda digər “cəbhələrın” - daxili və xarici siyasətin rolu artır, ilkin məqsədlər dəyişir.
Hadisələrin indiki vəziyyətdə nəyə doğru getməsilə bağlı AzVision.az rusiyalı politoloq Aleksandr Jukovski ilə söhbətləşib.

- Rusiyanın ictimaiyyətə elan olunan məqsədləri lap əvvəldən bulanıq idi: Ukrayna hökumətinin devrilməsindən, demilitarizasiyadan, denasifikasiyadan tutmuş hazırda daha çox Donbasın tam “azad edilməsi” və Krıma gedən quru dəhlizinin qorunmasına qədər. Xarici, qeyri-müəyyən şəkildə inkişaf edən şərtlər fonunda daxili ziddiyyətlər Rusiyadakı mühiti çətinləşdirir. Uzun illərdir ki, daxili siyasətin prinsipləri hələ də formalaşmayıb və durmadan təkrarlanan pafoslu bəyanatlar, deklorativ layihələr, bürokratik demaqogiya ilə əvəzlənib. Əhalinin həyat səviyyəsi aşağı düşür, texnoloji geriləmə və asılılıq davam edir. Qərarlara demoqrafik amil (prezidentin və ətrafının yaşlanması), eyni ictimai xadimlərin çeynənmiş ritorikadan və təbliğatdan yorulması və yeni ideyaların olmaması təsir edir. Hər halda, Rusiyanın problemlərinin həllinə dair ideyalar iqtisadiyyat, siyasət və infrastrukturdan daha böyük böhran içindədir. İqtidar kreativlik, analiz nümayiş etdirmir, özünə qapanıb. Nəticələr pis proqnozlaşdırılır.

- Sizcə, Rusiya-Ukrayna müharibəsinə son qoymağa nə kömək edə bilər?
- Artıq hərbi toqquşmanın mənasızlığı dərk olunur. Hərbi vasitələr və üsullar öz faydasızlığını göstərdi... İlkin mərhələdə münaqişə iki tərəfin – Ukrayna və Rusiyanın qarşıdurması idi. Rusiya Federasiyasının keçmiş müttəfiqinə qarşı siyasi iddiaları, ideoloji fikir ayrılıqları, eləcə də nümayiş motivləri dünyaya, ABŞ-a, Avropaya Rusiyanın gücünü, qətiyyətini, müstəqilliyini göstərmək üçün idi. Hazırda iddialar bir tərəfdən konkretləşib (materiallaşdırılıb), digər tərəfdənsə qarışıb və başqa üfüqlərə “gedib”, müxtəlif ölkələrlə yeni və fərqli münasibətlərin, iqtisadiyyatların, perspektivlərin, aktorların, maraqların yenidən qruplaşdırılmasında təzahür edir. Beləliklə, münaqişə çoxtərəfli xarakter qazanıb və çoxlu həll yolları ortaya çıxıb. Ümumi vektorların axtarışına yenicə başlanıb. Qaliblər olmayacaq...

- Bəşəriyyətin nüvə müharibəsi astanasında olması ilə bağlı kifayət qədər fikir var. Siz bu barədə nə düşünürsünüz?
- Nüvə silahından istifadənin obyektiv səbəbləri yoxdur, heç vaxt olmayıb və olmayacaq. “Fikir” həqiqətən də ictimai sferada geniş şərh olunur, lakin ictimai əsası yoxdur. Qeyri-müəyyənlik yaradan çox sayda qeyri-mütənasiblik mövcuddur: bəzilərinin qətiyyətsizliyi, digərlərinin əminliyi, hətta dövrün dəyişməsi, idarəçilikdə sınanmış və yoxlanmış qərarların yoxluğu. Hər bir ölkə özünəməxsus dəyişikliklər yaşayır, amma ümumi bir şey var: idarəçilərin çaşqınlığı, tüğyan edən subyektivlik, qorxular, təhdidlər. Təkcə pandemiya bir neçə nəsil üçün qorxuya səbəb oldu. Hərbi toqquşmaların meydana çıxması aqressiv təzahürlərin “məntiqi” reallaşmasıdır.

- Rusların əksəriyyəti Rusiyanın Ukrayna ilə müharibəsini dəstəkləyirmi? Rəy sorğuları nə göstərir?
- İctimai əhval-ruhiyyənin əsas nəticəsi ruh düşkünlüyüdür. Özünü itirmiş insanlardan nəsə soruşmaq peşəkarlıqdan əlavə, etik də görünmür. Rusiyada aktuallıq, texnologiyalar və əks əlaqə vasitələri inkişaf etdirilmir, sadəcə olaraq, deklarativ şəkildə fəal təbliğ olunur. Bu hal siyasi əhval-ruhiyyəni, münasibətlər daxilindəki anlaşmanı ciddi şəkildə pozur və “xüsusi əməliyyatın” keçirilməsində öz mənfi rolunu oynayıb. Rusiya hakimiyyəti təbliğatçıların, dəvətli “ekspertlərin”, xüsusi xidmət orqanlarının bəzi inzibatçılarının təsiri altına düşdü və elə bildi ki, ukraynalıların əksəriyyəti Rusiyanın onların ölkəsinə hərbi müdaxiləsini dəstəkləyəcək və qəbul edəcəklər. Ancaq çox kobud səhvə yol verdilər.
Ukraynada dövlət idarəçiliyində Avropa standartlarına riayət, alternativ informasiya mənbələrindən istifadə etməklə sorğular keçirilir və dərc olunur. Əhalinin ekstremal durumu, əlbəttə, rəylərə təsir edir, ancaq nəticələrə diqqət yetirmək olar. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusuna əsasən, mayın ortalarında ukraynalıların 82%-i heç bir ərazi güzəştinə hazır deyildi. Hazırda şiddətli döyüşlərin getdiyi Ukraynanın şərqində sakinlərin 68%-i buna qarşı çıxıb.

- Cənubi Qafqazda Ukrayna ssenarisinin təkrarlanması riski varmı?
- Yerində verilmiş sualdır. Rusiya bəzi yersiz assosiasiyalara, alqoritmlərə, yerli-yersiz yaranan inersiyalara sadiqliyini durmadan nümayiş etdirir. Postsovet məkanında ideyaların olmadığı bir şəraitdə keçmişin məlum alqoritmləri və nostalji xatirələri öz süst fəaliyyətini davam etdirir. Bunu Rusiyanın yaxın keçmişinin ayrı-ayrı fraqmentlərinin - SSRİ təcrübəsinin, o cümlədən ümumi qəhrəmanlıq tarixinin “xoşbəxt” lövhələrinin qaytarılmasına yöndəmsiz cəhdlər açıq-aşkar sübut edir. Qəribədir ki, Rusiya hakimiyyətində digər ölkələrin və ərazilərin gələcəyinə resurslar yatırmaq “istəkləri” israrla qorunub saxlanılır, lakin daxili ehtiyac və perspektivlərə qətiyyən məhəl qoyulmur.

2022-ci ilin aprel ayına olan məlumata görə, “xüsusi əməliyyat”a artıq 1,681 trilyon rubl xərclənib. Bu, federal büdcənin təhsilə qoyduğu bir neçə illik vəsaitdir və yeri doldurula bilən itkidir. Lakin İndiyə qədər heç kim yeri doldurulmayan xərcləri hesablamayıb, halbuki onlar daha çoxdur. Rusiya ciddi maddi və reputasiya itkilərinə məruz qalır, rejim nümayəndələri isə sürətlə qocalır və potensiallarını itirirlər. Ölkə özünü səhv, hətta başqalarından daha pis anlamaqda davam edir, iqtidar səhvlər buraxır və fasilədə maraqlıdır. Ukrayna “dərsi” ən azı pauza yaradacaq. Rusiya Federasiyası emosional baxımdan öz obyektiv problemlərindən yayındıran vəziyyətlərə cəlb edilə bilər, ancaq çox güman ki, təşəbbüskar deyil, cəlb edilmiş iştirakçı kimi.

Murad Cavadov
Nadir Quliyev

AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Müharibə  





Xəbər lenti