Yay depressiyası

   Yay depressiyası
  01 İyul 2022    Oxunub:3258
Bəziləri il boyu yaşanan gərginliyi isti yay günlərində aradan qaldırmağı düşünür. Hətta həmin aylarda sərin və gözəl məkanlar seçib istirahət günlərinin xəyallarından motivasiya alanlar da var.
Bəzən də bu və ya digər səbəbdən düşünülən kimi alınmır. Müxtəlif səbəblərdən ya tətilə gecikmə baş verir, ya da hansısa səbəbdən həmin məkanlara getmək baş tutmur. Belə olan halda depressiyaya düşmə halı baş verir. Mütəxəssislər bunu yay depressiyası adlandırırlar.

Psixoloq Kamilə Kazımova deyib: “Yaşından asılı olmayaraq hər kəs depressiya yaşaya bilər. Yeniyetmələr daha çox dostları ilə ünsiyyət saxlayırlar. Onlar sosial şəbəkələrdə öz tay-tuşlarını izləyir, kiminsə harada olmasına, şəkil paylaşmasına baxaraq özlərinin həmin məkanlarda ola bilməməsindən təəssüflənərək depressiyaya düşə bilər. Onlar həmin məkanlarda ola bilməmələrini və yaxud hardasa istirahətə getmək arzusunun baş tutmamasını özünə dərd edir və belə hallar onda narahatlıq yaradır”.

Psixoloq bildirib ki, belə hallar daha çox avqust ayında müşahidə olunur: ”Çünki əksər halda sentyabr ayında yeni mövsüm, yeni qayğılar başlayır. Yay günləri keçdikcə, sentyabr ayı, yeni iş mövsümü yaxınlaşdıqca ürəyində tutduğu planları, il ərzində düşündüyü xəyalları gerçəkləşdirə bilməyənlər həyatda hər şeyin ötüb keçdiyini düşünür və narahatlıq artmağa başlayır. İyun, iyul aylarında hələ hər şeyin irəlidə olduğunu, arzularını həyata keçirmək üçün qarşıda müəyyən vaxt olduğunu düşünənlər avqust ayının günləri arxada qaldıqca artıq həmin depressiyanı yaşayırlar”.

Depressiya ilə üzləşərkən mütləq mütəxəssisə müraciət etmək lazımdır, çünki yay aylarında yaranan depressiya vaxtında aradan götürülmədikdə iş qabiliyyəti il boyu aşağı düşür, zaman keçdikcə özünü qiymətləndirmə azalır və bütün bunlar şübhəsiz ki, sağlamlığa da mənfi təsir göstərir.

AzVision.az



Teqlər:





Xəbər lenti