Xalqı Polada çevirən günlər
// Tovuz döyüşləri Azərbaycanın ən yeni tarixində hansı rolu oynadı
İyulun 12-də başlayan Tovuz döyüşləri zamanı Ordumuz düşmənə qarşı böyük qətiyyətlə mübarizə apardı. Amma bunu sərhədlərimiz daxilində həyata keçirdik, çünki Azərbaycan Ordusunun Ermənistan ərazisində heç bir hərbi hədəfləri olmayıb. Bunu həm Aprel və Tovuz döyüşləri, həm Günnüt zəfəri, həm də Vətən Müharibəsi aşkar şəkildə nümayiş etdirdi. Əgər Azərbaycanın belə hədəfləri olsaydı, Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa ərazisindən keçən hissəsinin mühafizəsi 2018-ci ildən etibarən Müdafiə Nazirliyindən alınaraq, Dövlət Sərhəd Xidmətinə həvalə edilməzdi. Və ya Vətən Müharibəsi zamanı Gəncədə yuxuda olan 2 yaşlı uşağı qətlə yetirən taktiki raketlərin atıldığı Ermənistan ərazisindəki hərbi hissələri yer üzündən silə bilərdik. Bunu etmədik, çünki hədəflərimiz və prioritetlərimiz münaqişənin coğrafiyasını genişləndirmək deyildi. Bunu etsəydik, Ermənistan istədiyinə - Rusiyanı və KTMT-ni münaqişəyə cəlb etmək məqsədinə çatmış olardı.
Azərbaycan işğalçı Ermənistanı həm sərhəddə, həm də Qarabağ və Zəngəzurda daha ciddi şəkildə cəzalandırmaq üçün hərbi potensiala malik olduğunu dəfələrlə nümayiş etdirmişdi və bunun üçün bütün hüquqi əsaslara malik idi. Amma Ali Baş Komandan İlham Əliyev siyasi uzaqgörənlik nümayiş etdirərək, bu cəzalandırma əməliyyatını Qarabağda növbəti erməni təxribatlarına qədər ertələdi. Bu çox doğru qərar idi, çünki beynəlxalq ictimaiyyət də Azərbaycanın yalnız işğal altında olan ərazilərinin azad edilməsindən başqa hədəfinin olmadığına bir daha yəqinlik hasil etdi.
Əsasən 12-17 iyul aralığında gedən döyüşlər və sonrakı günlərdə müşahidə edilən atəşkəs pozuntuları nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacallı kəndləri ağır artilleriya silahlarından atəşə tutuldu, çoxlu dağıntılar oldu, habelə Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə də ciddi ziyan dəydi. Hərbi və mülki şəxslərin arasından şəhid verdik, yaralananlar oldu, infrastruktura (qaz, elektrik xətləri, yollar) ziyan dəydi, dinc əhalinin şəxsi evləri, mülkləri dağıntıya uğradı. Qısa müddətdə təkcə Ağdam kəndinə 20-dək top mərmisi düşmüşdü.
İyulun 17-si axşam saatlarınadək davam edən döyüşlər zamanı Azərbaycan tərəfi hər hansı ərazi itkisinə yol vermədi. Düşmən hücumunun qarşısını alarkən 12 hərbi qulluqçumuz - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhid oldu. Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində rayonun Ağdam kənd sakini 76 yaşlı Əzizov Əziz İzzət oğlu həlak oldu.
Polad Həşimov Azərbaycan Ordusunun şəhadətə ucalan ilk generalı idi. O, ölkədə əsl vətənpərvər zabit, qəhrəman döyüşçü və ədalətli komandir obrazının təcəssümünə çevrildi. Onun erməni təxribatlarının qarşısının alınması zamanı şəhid olması Azərbaycan xalqının səbr kasasını daşırdı. Ordumuza dəstək üçün ayağa qalxan xalqımız erməni silahlılarının təcili cəzalandırılmasını və işğal altındakı torpaqların azad olunmasını tələb etdi.
Tovuz döyüşləri Azərbaycan Əsgərinin real imkanlarını, qələbə ruhunu və vətənpərvərliyini bir daha dünyaya nümayiş etdirdi. Növbəti dəfə göstərdi ki, 28 il davam edən sülh danışıqları nəinki Ermənistanı dayandıra bilmir, əksinə, bu uzun və mənasız proses işğalçı ölkəni hər dəfə yeni təxribatlar törətməyə sövq edir.
Polad Həşimovun nurlu siması ordumuzu qələbəyə aparan müqəddəs savaşın rəmzlərindən birinə çevrildi. Qərhəman Ordumuz nə Xocalının, nə Poladın, nə digər şəhidlərimizin qanını yerdə qoydu. 44 günlük Vətən Müharibəsi Tovuz döyüşlərində xalqımızın, ordumuzun və Ali Baş Komandanın kökləndiyi yüksək inamın, milli qürurumuzun və ədalətli intiqam hissimizin nəticəsini də hamıya nümayiş etdirdi.
Tovuz döyüşlərindən sonra da düşmənin təxribatları müəyyən fasilərlə davam etdi. Onlar gah atəşkəs pozdular, gah ərazimizə kəşfiyyat-diversiya qrupu göndərdilər. Sanki Azərbaycanı qəti addımlar atmağa vadar etmək üçün əllərindən gələni edirdilər, sonda isə istəklərinə nail oldular.
Tovuz hadisələrindən 75 gün sonra Qarabağda baş verən növbəti erməni təxribatına Azərbaycan ermənilərin uzun əsrlər boyu yaddan çıxarmayacaqları “Dəmir Yumruğ”un zərbəsilə cavab verdi. Cəmii 44 günə Ali Baş Komandan İlham Əliyevin mükəmməl rəhbərliyi altında Silahlı Qüvvələrimizin şəxsi heyəti qanı və canı bahasına Azərbaycan Bayrağını Lələtəpədən Şuşaya qədər daşıdı. Şimal istiqamətində də ciddi uğurlar əldə edildi. Düşmən yenildi və nəticədə Vətən üçün canından keçən oğullarımız sayəsində bu gün biz artıq 2 ilə yaxındır ki, alnı açıq, üzu ağ və qalib bir xalq kimi yaşayırıq. Buna görə də Vətənimiz, Dövlətimiz və Bayrağımız uğrunda canınından keçənləri heç vaxt unuda bilmərik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, əlillərimizə, yaralılarımıza və veteranlarımıza isə şəfa versin.
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün
Teqlər: Tovuz-hadisələri