“Azərbaycan kimi ölkələrə xüsusi diqqət yetirilməlidir” - Trampın keçmiş vəkili (Müsahibə)

  “Azərbaycan kimi ölkələrə xüsusi diqqət yetirilməlidir” -    Trampın keçmiş vəkili (Müsahibə)
  12 İyul 2022    Oxunub:3622
AzVision.az oxucularına Donald Trampın keçmiş vəkili, Harvard Hüquq Məktəbinin professoru Alan Derşovitsin “Baku Tribune”ə verdiyi müsahibəsini təqdim edir.
- Müasir dünyada antisemitizmin səviyyəsini necə qiymətləndirirsiniz? Dünyada yəhudilərə nifrət necə dəyişdi?
- Bu sizin hansı zaman çərçivəsini nəzərdə tutmağınızdan asılıdır. Yəhudilər Misirdə, Persiyada olandan antisemitizm bizimlədir. Bu barədə “Megillat Ester”də yazılıb. Antisemitizmdən Şemot kitabında da bəhs edilir. Holokostdan sonra moratorium olanda antisemitizmin səviyyəsi aşağı düşdü. Amma hazırda yenidən qızışıb. Bu gün antisemitizm iki mənbədən gəlir: ifrat soldan, bir də anti-sionist və müsəlman qruplardan. Bütün müsəlmanlardan deyil. Müsəlmanların yaşadığı regionun bir çox ölkələrində bir çox müsəlman yəhudilərlə, yəhudilər də onlarla yaxşı anlaşır. Ancaq ABŞ-da, Yaxın Şərqdə o qədər də yox. Düşünürəm ki, gördüyümüz antisemitizmin yeni növüdür, min illər bizimlə olan ənənəvi antisemitizmin əksidir.

- ABŞ-da bu məsələ ilə bağlı vəziyyət necədir? Hazırkı Bayden administrasiyası dövründə antisemitizmin təzahürlərinə qarşı mübarizənin nəticələri sizi qane edirmi?
- Yox. Bilirsiniz ki, yəhudi heç vaxt öz durumundan razı deyil. Biz həmişə daha çox istəyirik. Həmişə tərəqqi, azadlıq uğrunda mübarizə aparırıq. Məncə, ən böyük təhlükə universitet şəhərciklərindədir. Niyə onlarda? Çünki onlar bizim gələcəyimizdir. Dərs verdiyim tələbələr Ali Məhkəmənin hakimləri, ABŞ prezidentləri, Konqres üzvləri, “New York Times” qəzetinin redaktorlarıdır, ancaq bu gün bir çox universitet şəhərçiklərində dəhşətli antisemitizm müşahidə edirik. Bu təkcə ABŞ-da da deyil. Biz bunu Oksford, Kembric, Sorbonna universitetlərində də görürük. Ən çox antisemitizm Hollandiyadadır, ancaq İtaliyada bunu görmürük, bu kifayət qədər maraqlıdır. Cənubi Avropada Şimali Avropada və ABŞ-da olduğu kimi kütləvi deyil. Artıq Avstraliyada da hiss olunmağa başlayıb və deməli, bütün dünyaya yayılır və universitetlərdən başlayır. Universitetlər isə bizim gələcəyimizdir, odur ki, bu çox təhlükəlidir.

- Antisemitizm probleminin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
- Birincisi, İsrail və yəhudilər üçün yaxşı işlər görmək lazımdır. Bu mövzuda çoxlu kitablar yazmışam. İsrail haqqında, sülh haqqında, İsrailin düşmənlərlə mübarizəsi haqqında. “Xutsba” antisemitizmə qarşı ictimai arqument təqdim etməyə çalışır. Bu vacibdir, amma yəhudilər siyasi cəhətdən qruplaşıblar və respublikaçılara, demokratlara səs verirlər. Bəziləri solda, bəziləri sağdadır. Lakin biz antisemitizm problemi ətrafında birləşməliyik. Hər bir yəhudi anti-sionizm və antisemitizmlə mübarizə aparmalıdır. Biz anti-sionizmin antisemitizmin müdafiəsinə çevrilməsinə imkan verməməliyik.

- Azərbaycanda böyük bir yəhudi icması, ilk növbədə dağ yəhudiləri icması yaşayır. Dünyada ilk və yeganə Dağ Yəhudiləri Muzeyi Azərbaycanda tikilib. Muzey Krasnaya Sloboda kəndindədir. Ora çox unikal bir yerdir, İsrail istisna olmaqla, planetdə yəhudilərin kompakt yaşadığı yeganə yaşayış məntəqəsidir. Azərbaycandakı yəhudi icması haqqında nə bilirsiniz? Dağ yəhudilərinin tarixən və hazırda yaşadıqları ölkələrdə bu cür muzeylərin yaradılması nə dərəcədə vacibdir?
- Məncə, çox vacibdir. Mən hətta bu muzeyin fəaliyyətini çox vacib saydığım üçün onun inkişafına ianə etmək istəyirəm. Azərbaycan haqqında ilk dəfə rəfiqəmdən eşitmişəm. Onun ailəsi Holokostdan qurtulmaq üçün Polşadan qaçıb. O zaman o, təzəcə doğulubmuş. Ailəsi Azərbaycana gəlib. Azərbaycanın yəhudi icması onları qarşılayıb və yaşamağa başlayıblar. Orada Holokostdan sağ çıxan başqaları da olub və onlar bir-birinə qovuşublar. Aşkenaz yəhudiləri də olub. Orada indi də müxtəlif yerlərdən yəhudilər var və təbii ki, Azərbaycan yəhudiləri əsrlərdir orada yaşayırlar. Deməli, orada gözəl yəhudi icması var. Bilirəm ki, sizin orada “Xabad” təşkilatınız var və mən bu təşkilatın fəal üzvlərindənəm. 1952-ci ildən “Xabad”da fəaliyyət göstərirəm. 70 il əvvəl mən Lubavitçer Rebbe ilə tanış oldum, onda Sovet İttifaqı hələ mövcud idi, Azərbaycan da onun tərkibindəydi. Mən “Xabad” ilə birlikdə sovet yəhudilərinin azadlığı uğrunda çalışmışam və indi də davam edirəm. Haçansa Azərbaycana gəlib, Azərbaycan sinaqoqunda dua etmək istərdim.

- İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-İsrail münasibətləri daha da gücləndi, qarşılıqlı münasibətlərin dərinləşməsində hər iki tərəf maraqlıdır. Bu gün Azərbaycanla İsrail arasında münasibətləri necə görürsünüz? Sizcə, ikitərəfli əməkdaşlığı genişləndirmək üçün daha nə etmək lazımdır?
- İsrailin texnoloji, elmi, iqtisadi və hərbi sahələrin inkişafına böyük töhfəsi hamıya məlumdur. Buna görə də, bir çox xristian və müsəlman ölkələri İsraillə dost olmaq istəyir. Pakistanın İsraillə daha sıx əlaqələr qura biləcəyi ilə bağlı danışıqlar gedir. Mərakeş İsraillə dostdur, Misir və İordaniya da öz yerində. Hesab edirəm ki, İsrailin əlaqələrinin genişləndirilməsi prosesində yəhudi icmasının yaşadığı Azərbaycan kimi ölkələrə xüsusi diqqət yetirilməlidir. Yəhudi icmaları üçün İsraillə onların ölkələri arasında yaxşı münasibətlərin olması çox vacibdir.

- Mən Azərbaycan Respublikasında keçirilən 25-ci Gənclər Forumunun iştirakçısıyam, dağ yəhudiləri icmasını təmsil etmişəm. Azərbaycan Respublikasının Prezidentindən Azərbaycan xalqının tolerantlığı necə qoruyub saxlamalı olduğunu soruşmaq şərəfinə nail oldum. Cənab Prezident qeyd etdi ki, Azərbaycan xalqının gücü etnik mədəniyyətlərin müxtəlifliyindədir. Sualım belədir: ABŞ tolerantlığı qorumağa necə yanaşır?
- O qədər də yaxşı yanaşmır. Biz müxtəlifliyi yalnız dəri rəngi baxımından dəyərləndiririk. Yəhudi xalqı dünyanın ən rəngarəng xalqlarından biridir. Çoxlarının fikrincə, bütün yəhudilər Varşavadan, Krakovdan və ya Kiyevdəndirlər. Amma elə deyil. Yəhudilər dünyanın hər yerindən, Çindən, Avstraliyadan, Azərbaycandan, başqa bölgələrdən gəlirlər. Bu səbəbdən İsrail dünyanın ən rəngarəng ölkələrindən biridir. 20% müsəlman və bir neçə faiz də xristian əhalinin nəzərə almasaq, İsrailin yəhudi əhalisi öz nailiyyətlərində, baxışlarında inanılmaz dərəcədə müxtəlifdir. Biz müəyyən məsələlərdə bir xalqıq, amma bəzi məsələlərə, davranışlara gəldikdə fərqli insanlarıq. Bütün dünyada sinaqoqa gedəndə hamı “Şema İsrael” deyir, amma hamı hər şeyi eyni ardıcıllıqla söyləmir. Deməli, biz eyni zamanda həm birliyimizi, həm də müxtəlifliyimizi qorumalıyıq. Bu asan deyil.

Bilirsiniz, Amerikanın simvolunda yazılıb: "E Pluribus Unum". Latınca o deməkdir ki, "birdən, çox, yaxud çoxlar əmələ gəlir". Bu, yəhudi icmasının da simvolu olmalıdır. Biz müxtəlifliyimizi, dağ yəhudilərinə, şəhər yəhudilərinə, dünyanın hər yerindən olan yəhudilərə məhəbbətimizi qoruyub saxlamalı və eyni zamanda bir xalq olduğumuzu unutmamalı və hamımız güclü şəkildə İsraili dəstəkləməliyik.

Müsahibəni Rolan Yusufov hazırlayıb


Teqlər:





Xəbər lenti