“Uraqan”ın yeni həyatı: “Bureviya”

// Ədalət Verdiyev YARS-ın qazandığı üstünlükləri təhlil edir

   “Uraqan”ın yeni həyatı:    “Bureviya”
  13 İyul 2022    Oxunub:3847
Ukraynada gedən döyüş əməliyyatları zonasında “Uraqan” yaylım atəşli reaktiv sistemi (YARS) ilk dəfə standart sovet şassisindən fərqli bazada müşahidə edilib. Əvvəllər ənənəvi olaraq ZİL, MAZ, KAMAZ, KrAZ və ya URAL maşınlarının şassisində yerləşdirilən “Uraqan” (BM-27) bu dəfə Qərb istehsalı olan zirehli platformada görüntülənib.
“Uraqan” sisteminin olduqca nadir modifikasiyasının döyüş tətbiqi də qeydə alınıb. Görüntülərdə Ukrayna Ordusunun reaktiv artilleriya bölməsinin şəxsi heyətinin YARS-ı maskalayan budaqların altından döyüş vəziyyətinə gətirməsi və düşmən mövqelərini atəşə tutduqdan sonra maşının əks batareya zərbəsindən qorunmaq üçün ərazidən uzaqlaşdığı əks olunub.

“Uraqan”dan “Bureviya”ya

Araşdırmalar göstərir ki, Ukrayna “Uraqan” sisteminin modernləşdirilməsinə və şassilərinin dəyişdirilməsinə müharibə başlayandan sonra start verib. Əvvəlcə KrAZ platformasından istifadə etmək planlaşdırılırdı, lakin sonradan Qərb tədarükçüsünə üstünlük verilib. Nəticə də “Uraqan” ilk dəfə 8x8 təkər formuluna malik universal T815-7T3RC1 şassisi üzərinə yerləşdirilib.

Çexiyanın “Tatra” şirkətinin taktiki zirehli vasitəsinə yerləşdirilməklə modernləşdirilən “Uraqan” Ukrayna Ordusunun silahlanmasına “Bureviya” adı ilə daxil edilib.

Döyüşlərdə ilk tətbiqi

2021-ci ilin sonunda Ukrayna “Şepetivka Təmir Zavodu” 11 ədəd yeni “Tatra” döyüş maşını əldə edib, lakin onlardan neçəsinin üzərinə silah sisteminin yerləşdirildiyi və qoşunlara təhvil verildiyi dəqiq məlum deyil. Məlum olan təkcə budur ki, Ukrayna Ordusu artıq döyüşlərdə zirehli şassiyə malik “Bureviya” yaylım atəşli reaktiv sistemdən istifadə edir.



Konstruksiyası

220 mm-lik “Bureviya” sistemlərinin daşıyıcısı olan 4 oxlu “Tatra” yük maşını atıcı silahların gülləsindən və minalara qarşı müdafiəni təmin edən ikiqat qapıya malik zirehli ekipaj kabinəsi ilə təchiz edilir. “Bureviya” ilə “Uraqan” arasında əsas fərq bundan və müasir atəşi idarəetmə sistemindən (AİS) ibarətdir. AİS döyüş meydanında məlumat mübadiləsini və atəşin nizamlanmasını rəqəmsal rejimdə təmin etməklə bərabər, kəşfiyyat PUA-ları və digər platformalardan alınan məlumatlarının məhvetmə vasitələrinə onlayn ötürülməsinə imkan yaradır.

Atıcı qurğusu və sursatları

“Bureviya” sovet istehsalı olan 220 mm.-lik BM-27 9P140 “Uraqan” ilə eyni atıcı qurğuya malikdir. Atıcı boruları üç cətgədə yerləşdirilir, iki aşağı cərgənin hər birində altı, üst cərgədə isə dörd boru mövcuddur.

“Bureviya” sistemi “Uraqan”ın bütün 220 mm-lik raketləri, o cümlədən, 9M27F (qəlpəli-fuqas), 9M59 və 9M27K2 (qəlpəli sursatları ilə yüklənən) və 9M27K (idarə olunmayan) sursatları ilə atəş aça bilir. 9M59 raketi tank əleyhinə minalarla təchiz edilən klaster döyüş başlığına malikdir.

9M27K2 idarə olunmayan raketlər isə həm düşmənin ön xəttinin, həm də hərbi texnika hissələrinin cəmləşdiyi ərazinin qarşısında tank əleyhinə mina sahələrinin operativ şəkildə uzaqdan quraşdırılması üçün nəzərdə tutulur.

Mühərriki və taktiki-texniki xüsusiyyətləri

“Tatra T815-7T3RC1” maşınları hərbi yük maşınlarının ən son nəslinə aiddir. Maşın hava ilə soyudulan, V tipli, 4 taktlı, turbo və birbaşa yanacaq püskürtməli dizel mühərriki ilə təchiz edilir. Sürətlər qutusu isə yarımavtomatik və mexanikidir. 14 irəli və 2 geri pilləli sürət qutusu ilə birlikdə çalışan mühərrik ağır qurğunu maksimum 700 km məsafəyə apara bilir. Şossedə 105 km/saat maksimum sürətlə hərəkət mümkündür.

“BM-27” tərəfindən buraxılan raketlər 35-40 km, “Bureviya” isə 35-65 km atəş məsafəsinə malikdir.

Nəticə

Hazırda Ukrayna cəbhəsində kifayət qədər gərgin əməliyyat şəraiti davam edir. Ümumilikdə Rusiya ordusu taktiki, Ukrayna qoşunları mənəvi-psixoloji üstünlüyə malikdirlər. Hər iki tərəf riskli və inqilabi addımlardan çəkinir. Rusiya resurslarını və ehtiyatlarını qorumaq, Ukrayna isə zəruri silah sistemlərinin çatışmazlığı səbəbindən belə bir taktika seçilib.

Bütün bunları nəzərə alsaq, o zaman hətta alınan şassilərinin hamısının üzərinə atıcı qurğular yerləşdirib, 11 ədəd “Bureviya” sisteminin Ukrayna Ordusuna çatdırılması 2500 km. enində olan cəbhədə vəziyyəti ciddi şəkildə dəyişmək mümkün deyil. Maksimum atəş məsafəsi 65 km. olan YARS-ları cəbhə boyu 230 km. məsafə ilə paylanması dayanıqlı müdafiəni təmin edə bilməz. Halbuki 11 ədəd maşının hamısının hazırlanması və təhvil verilməsi də dəqiq məlum deyil. Bizim gördüyümüz sadəcə 1 ədəd “Bureviya” sistemidir.

Qərbdən barmaqla sayılacaq miqdarda gələn analoji reaktiv sistemləri də hipotetik 11 rəqəminin üzərinə gəlsək, o zaman mövcud qüvvələr nisbəti ilə Ukrayna Ordusunun Rusiya hücumlarını ləngidə, rusların şəxsi heyət və texnika itkilərinin arta biləcəyini, lakin geniş miqyasda əks hücumlar həyata keçirə bilməyəcəyini ehtimal edə bilərik.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Müharibə   Ukrayna   Silah   YARS  





Xəbər lenti