AKINCI-Bayraktar dueti: Hərbi aviasiyada yeni "mahnı" – TƏHLİL

      AKINCI-Bayraktar dueti:    Hərbi aviasiyada yeni "mahnı" –    TƏHLİL
  20 İyul 2022    Oxunub:3584
Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi altında həyata keçirilən AKINCI layihəsi çərçivəsində yerli sursatların inteqrasiya prosesi davam etməkdədir. ASELSAN-ın hazırladığı və lazerlə tuşlanan “LGK-82” sursatı ilə 1 iyul 2022-ci ildə həyata keçirilən sınaq atışı uğurla tamamlanmışdı. Çorlu Hava Limanından qalxan və sınaq boyunca orta hesabla 30 min fut (9144 m) yüksəklikdə uçan AKINCI tərəfindən buraxılan “LGK-82” raketi nisbətən aşağıda uçan “Bayraktar” TB2 tərəfindən lazerlə işarələnən hədəfi məhv edib.
Bu uçuş “Baykar” istehsalı PUA-ların ilk dəfə qarşılıqlı əlaqədə lazer sursatından istifadə etməklə fərqli döyüş tətbiqi kimi yadda qaldı. İyunun 15-də isə AKINCI 340 kiloqramlıq raket ilə ilk dəfə 30 km məsafədə yerləşən hədəfi məhv etmişdi.



Eyni qanad altında

LGK (Lazer Güdüm Kiti) ümumi təyinatlı bombaları lazer işarələnməsi sayəsində kilometrlərlə uzaqdan hədəfini dəqiq məhv etməyə qadir “ağıllı sursat”a çevirir. “AKINCI” PUA-sı LGK-82 bombası ilə sınaq uçuşu zamanı TÜBİTAK SAGE tərəfindən hazırlanan və inteqrasiya işləri davam edən GÖZDE tuşlama modulunu da qanadlarının altında daşıyıb.


Türkiyə Silahlı Qüvvələrinin inventarına 29 avqust 2021-ci ildə daxil edilən “AKINCI” iyun ayında İzmirin Seferihisar rayonunda keçirilən “EFES-2022” birgə döyüş atışlı təlimində də iştirak etdi. Batmanda yerləşdiyi bazadan havaya qalxaraq, Seferihisardakı Doğanbey poliqonunda müəyyən edilən hədəflərə digər sursatlarla uğurla atəş açdıqdan sonra Batmandakı bazasına geri dönmüşdü.

29 iyunda başa çatan “Anadolu Qartalı-2022” təlimlərində Türkiyə ilə bərabər Azərbaycan, Britaniya, İordaniya, Pakistan və NATO elementləri iştirak edirdi. Bu təlimlərə qatılan “AKINCI” iştirakçılar və müşahidəçilər qarşısında real döyüş şəraitində verilən tapşırıqları uğurla yerinə yetirdi. “Anadolu Qartalı-2022” Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən “AKINCI”nın “LGK-82” sursatının tətbiqi ilə həyata keçirilən ilk beynəlxalq təlim oldu.


Bu ilin may ayının 26-dan 29-na qədər Türkiyənin “AKINCI” və “TB2” PUA-ları Bakıda keçirilən TEKNOFEST festivalında qırıcı və hücum aviasiya vasitələri ilə birgə uçuş imkanlarını nümayiş etdirmişdi.

İxracı

Dünyada işğalçıların, separatçıların və terror qruplaşmalarının qorxulu kabusuna çevrilən PUA-ları əldə etmək istəyən ölkələrin sayı hər ay artmaqdadır. PUA-ların Türkiyə yerli istehsalı olan gecә vә gündüz elektron optik kameralar, lazer tuşlayıcılar, lazer mәsafәölçәnlər, idarəolunan raketlər vә s. kimi faydalı yüklәrlə təchiz edilməsi onlara təlabatı kifayət qədər artırıb.

Hazırda “Baykar” AKINCI üçün 4 ölkə ilə, “Bayraktar” TB2 üçün 22 ölkə ilə ixrac müqaviləsi imzalanıb. Müqavilələr çərçivəsində “Bayraktar” TB2-nin tədarükü davam edir, AKINCI və onun yerüstü idarəetmə sistemlərinin isə 2023-cü ildən etibarən ixrac ediləcəyi gözlənilir.

2021-ci ildə xaricə 664 milyon dollarlıq müxtəlif təyinatlı PUA sistemləri satan “Baykar” Türkiyə İxracatçılar Məclisinin açıqladığı məlumatlara görə, müdafiə və aerokosmik sahədə ən çox məhsul ixrac edən şirkətdir. AKINCI və TB2 PUA-ları ilə maraqlanan bir çox ölkə ilə danışıqlar davam etməkdədir.

Nəticə

İraqda, Suriyada, Liviyada, Azərbaycanda və Ukraynada döyüş əməliyyatlarında uğurla tətbiq edilən Türkiyə PUA-ları dünya müdafiə sənayesini heyrətləndirməkdə davam edir. Vətən Müharibəsində Ermənistana 1 milyard dollardan çox ziyan vuran TB2 PUA-larının uğurlu tətbiqinin nəticələri bir çox ölkələrinin hərbi doktrinalarında konseptual dəyişikliklər edilməsi zərurətini yaradıb. Hazırda zenit-raket komplekslərinə qarşı effektiv silahlı mübarizə metodlarının müəllifləri sıyahısında cəmi 3 ölkə - Türkiyə, İsrail və Azərbaycan var. Real döyüş əməliyyatlarında pilotsuz vasitənin pilotlu vasitəyə hədəf göstərməsini hərb tarixində ilk dəfə Türkiyə, ardınca isə Azərbaycan tətbiq edib. 1 iyulda isə ilk dəfə olaraq Türkiyədə bir PUA-nın digərinə lazerlə hədəf göstərməsilə dəqiq zərbə endirilib.

Hazırda peyk idarəetmə sistemi Türkiyə PUA-larına daha uzaq məsəfələrdə vəzifələrini icra etməyə imkan verir. PUA-nın müxtəlif növ kilidlənən və idarəolunan sursatlardan istifadəsi AFAR radarı tərəfindən dəstəklənir. Türkiyə PUA-larının adı çəkilən sursatlarla döyüşlərdə uğurlu tətbiqi ilə bağlı çoxsaylı videokadrların olması ciddi piar kampaniyasının həyata keçirilməsinə də müsbət təsir göstərdi. Hazırda dünyada türk silah və PUA-ları ilə tanış olmayan nəinki mütəxəssis, hətta mülki insan tapmaq çətindir.


Əməliyyatlar gedən ərazilərdə HHM sistemləri Türkiyənin kütləvi PUA hücumları qarşısında aciz qalırsa, pilotsuz vasitələr artıq “hava-hava”, “hava-yer” və qanadlı raketlərlə hücum potensialına malikdirlərsə, həm avtonom, həm də sürü şəklində hücum edə bilirsə, o zaman “PUA, pilotlu aviasiya yoxsa ZRK?” sualı ətrafında müzakirələrin miqyası minimuma qədər daralır.

Türkiyə demək olar ki, fasiləsiz olaraq yeni-yeni nailiyyətlərə imza atır və bu unikal nailiyyətlərini də ictimaiyyətdən gizli saxlamır. Hər həftə yeni sınaqlar barədə real görüntülər əldə edirik. Belə olan halda əminliklə deyə bilərik ki, Türkiyə hərbi sənayesi istehsal etdiyi PUA-lar və onların idarəolunan sursatları ilə hərbi əməliyyatlar teatrının əsas və ehtiyat oyunçularını təyin etməkdə israrlıdır. Bizə isə 21-ci əsrdə dünyanın silah bazarında layiqli yer tutaraq, özünün ədalətli şərtlərini diqtə edən Türkiyəmizin uğurlara sevinmək, onun müdafiə sənayesi mütəxəssislərinə müvəfəqiyyətlər arzulamaq qalır.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: AKİNCİ   Bayraktar  





Xəbər lenti