Bakı, Daşkənd və Nur-Sultan: Güc üçlükdədir – Qazax ekspertin şərhi

   Bakı, Daşkənd və Nur-Sultan:    Güc üçlükdədir – Qazax ekspertin şərhi
  26 İyul 2022    Oxunub:3845
“Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın perspektivlərini çox müsbət qiymətləndirirəm. Hər üç ölkənin MDB məkanında, xüsusən də türk dünyasında potensialı kifayət qədər yaxşı bilinir. Onların sənaye və insan resursları, birgə investisiya layihələrinə açıqlığı pandemiyadan çox-çox əvvəl müzakirə olunub”.
Bu sözləri AzVision.az -a qazaxıstanlı politoloq, Xalq Təsərrüfatı Universiteti Beynəlxalq Münasibətlər və İdarəetmə kafedrasının professoru Saken Mukan deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin gərgin iş qrafikində vaxt tapıb ikitərəfli əməkdaşlığı dərinləşdirmək və hazırkı geosiyasi çağırışları nəzərə alaraq, münasibətləri yeni mərhələyə keçirmək üçün Daşkəndə rəsmi səfər etməsi simvolik idi: “Fakt budur ki, Özbəkistan da Azərbaycan kimi və Qazaxıstandan fərqli olaraq, Ermənistanın üzv olduğu heç bir bloka daxil deyil. Buna görə də Bakı Mərkəzi Asiya istiqamətində prioriteti bütün qarşılıqlı faydalı əməkdaşlıq sahələrində əsas aktor kimi Özbəkistana yönəldib. Bu, başadüşüləndir. Özbəkistanın iqtisadi potensialı ona iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq etməyə imkan yaradır. Özbəkistan üçün mühüm prioritet kənd təsərrüfatı məhsullarının Avropaya satışıdır və bu gün logistika xərcləri ilə əlaqədar olaraq Azərbaycanı öz məqsədinə çatmaq üçün körpü hesab edir”.

Qazaxıstanın da daxil olduğu üçtərəfli iş birliyinə gəlincə, ekspert hesab edir ki, üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsi birgə layihələrdə ümumi əsasların tapılmasına və Rusiya Federasiyasına tətbiq olunan sanksiyaların nəticələri ilə bağlı ortaya çıxan xərclərin təsirini minimuma endirməyə yönəlib.

“İndiki halda Qazaxıstan Azərbaycan və Özbəkistan arasında ticarətin artırılmasında bir növ logistik birləşdirici halqa ola bilər. Qazaxıstan, şübhəsiz ki, AİB və ÜTT üzvü kimi təşkilatların şərtlərinə əməl edir və bu da öz növbəsində digər iki ölkə üçün azad ticarətdə böyük maneə ola bilər, çünki onlar hər iki iqtisadi qurumun üzvü deyillər. Amma MDB azad ticarət zonası çərçivəsində hələ də bir sıra üstünlüklər mövcuddur. Hesab edirəm ki, burada enerji resurslarının və kənd təsərrüfatı məhsullarının tədarükü üçün nəqliyyat marşrutlarının şaxələndirilməsi üçtərəfli əməkdaşlıqda əsas rol oynaya bilər. Yaxın vaxtlara qədər Özbəkistan qazının ixracında əsas tərəfdaş Çin idi. Amma özbək qazının ÇXR-ə tədarükü müxtəlif səbəblərdən və enerji sektorunda əməkdaşlığın səciyyəvi xüsusiyyətlərinin mövsümi xarakterinə görə, həmişə tam həcmdə həyata keçirilmir. Nəticə etibarı ilə Özbəkistan da indiki mərhələdə Qazaxıstanın öz enerjidaşıyıcılarını Rusiya Federasiyasından yan keçən nəqliyyat marşrutları ilə göndərməsindən istifadə edə bilər. Lakin Özbəkistan müstəqillik əldə etdikdən sonra xarici siyasətdə ikitərəfli münasibətlərə daha çox üstünlük verir. Orada hələ də xarici valyutanın konvertasiyası ilə bağlı problemlər var və bu da üçtərəfli əməkdaşlıq şəraitində onun ümumi ixrac potensialına mənfi təsir göstərə bilər”,- S.Mukan bildirib.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az



Teqlər:





Xəbər lenti