“Üçlükdə görəcəyimiz çox işlər var” – Özbək politoloq

   “Üçlükdə görəcəyimiz çox işlər var” –    Özbək politoloq
  26 İyul 2022    Oxunub:4521
“Azərbaycan, Qazaxıstan və Özbəkistan iqtisadi, siyasi, sosial və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük potensiala malikdirlər. Hazırda bu ölkələr arasında siyasi və iqtisadi sahələrdə qarşılıqlı fəaliyyətin fəal surətdə genişlənməsi müşahidə olunur. Bu, ciddi məsələdir və uzunmüddətli olacaq”.
Bu sözləri AzVision.az -a Özbəkistanın “Mano” (Məna) Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Bəxtiyar Erqaşev söyləyib. Onun fikrincə, üç ölkənin potensialının birləşdirilməsinə əsas məqsədi Xəzər dənizinin şərq və qərb sahillərini birləşdirəcək transxəzər nəqliyyat dəhlizinin formalaşdırılması olan nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi kömək edə bilər.

“Xəzər dənizi ölkələri birləşdirən məkana çevrilməli, birgə inkişaf və tərəqqi üçün yeni imkanlar yaratmalıdır. Artıq aydındır ki, transit potensialının, transxəzər nəqliyyat dəhlizinin inkişafı strategiyası Ukrayna ətrafında baş verən geosiyasi dəyişikliklər fonunda getdikcə daha çox aktuallaşır. Azərbaycanın Cənubi Qafqaz Dəmir Yolu Dəhlizi (Bakı-Tbilisi-Qars dəmir yolu) ilə bağlı uzaqgörən siyasəti artıq ciddi bəhrə verməyə başlayır, çünki bu layihə Şərqi Avropa ərazisindən keçən nəqliyyat dəhlizlərinə alternativ kimi çıxış edir. Səylərini gücləndirən Qazaxıstan neft tranzitinin müəyyən hissəsini Azərbaycandan Türkiyəyə çıxarmaqla Aralıq dənizinə yönəltmək niyyətindədir. Bu, ölkələrimiz üçün maraqlı ola biləcək layihələrdən biridir. Hələ ki həyata keçirilməyən daha bir mühüm layihə var: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu. Özbəkistan Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqəsini yetərincə səmərəli şəkildə gücləndirə biləcək bu layihənin həyata keçirilməsində maraqlıdır”,- B.Erqaşev deyib.


Politoloqun fikrincə, Xəzər dənizi Özbəkistanı digər sahələrdə də maraqlandıra bilər. Məsələn, Özbəkistanın Xəzərdə hasil edilən təbii qaz və neftin birgə işlənməsində və nəqlində iştirakı mümkündür. Bu istiqamətdə səylərin birləşdirilməsi ölkələr arasında əməkdaşlığın inkişafı üçün real variantlardan biridir. Bütün bunlar rəqabət üçün deyil, əməkdaşlıq və birgə fəaliyyət formalarının yaradılması üçün lazımdır. Bu isə kifayət qədər realdır və ciddi effekt verə bilər”, - B.Erqaşev bildirib.

Özbək politoloq əmindir ki, hər üç ölkənin kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı üçün ciddi potensialı var. Bu sahə həm də regionun hər üç ölkəsi üçün siyasi, iqtisadi, maliyyə, texnoloji və investisiya səylərinin tətbiqi nöqtəsinə çevrilə bilər. Məsələn, ölkələr kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı üçün birgə klasterlər yarada bilərlər. Bunlar həyata keçirilə biləcək çox maraqlı layihələrdir. Çünki bizim ölkələrin yanında ciddi, ödəmə qabiliyyətinə malik, əhəmiyyətli miqdarda ərzaq qəbul edə bilən bazarlar var. “Mən Yaxın Şərqi və Fars körfəzi ölkələrini nəzərdə tuturam. Bu, çox real variantdır”,- ekspert bildirib.

Bundan başqa, elə sahələr var ki, indi o qədər aktual deyil, amma əslində onların üzərində işləmək olar və lazımlıdır. Bütün ölkələr - Qazaxıstan, Özbəkistan və Azərbaycan kifayət qədər iddialı sənayeləşmə proqramları, iri sənaye layihələri həyata keçirirlər və artıq belə əməkdaşlığın yaradılması üçün ilkin cəhdlər var. Özbəkistan və Azərbaycan arasında avtomobillərin Azərbaycanda birgə istehsalını buna misal göstərmək olar. Belə layihələr daha çox ola bilər.

“Hazırda türk investisiya fondunun yaradılması məsələsinin gündəmə gəlməsi bu istiqamətin çox maraqlı olduğunu göstərir. İndi danışıqlar gedir və iş başlayıb. Hesab edirəm ki, investisiya fondu yaradılacaq. Qazaxıstan, Özbəkistan və Azərbaycanın Türk Dövlətləri Təşkilatının üzvləri olduğunu nəzərə alsaq, hesab edirəm ki, bu investisiya fondunun potensialı məhz birgə yüksək texnologiyalı sənayelərin yaradılması istiqamətində reallaşdırıla bilər. Çünki səylərin birləşdirilməsi hər zaman ayrı-ayrı ölkələrin fərdi səylərindən daha yaxşı nəticə verir”, - B. Erqaşev fikirlərini yekunlaşdırıb.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər: Orta-Asiya  





Xəbər lenti