Ermənistan İsrail PUA-larını almaq üçün dolayı yol tapıb?

   Ermənistan İsrail PUA-larını almaq üçün    dolayı yol    tapıb?
  09 Avqust 2022    Oxunub:3583
Hindistanın “DNA” nəşrinin yazdığına görə, Ermənistan Hindistandan silah almaq üçün danışıqlar aparır. İyun ayında Ermənistan nümayəndə heyəti lazımi silahların siyahısı ilə Hindistana səfər edib. Siyahının məzmunu haqqında az şey məlum olsa da, orada dronlar dəqiq var. Ancaq təkcə dronlar deyil.
Hindistan mətbuatı xəbər verir ki, bu, Ermənistanın Hindistan hərbi texnikasına ilk dəfə maraq göstərməsi deyil. 2020-ci ildə Ermənistan Hindistanla dörd “SWATHI” radarının tədarükü haqqında 40 milyon dollarlıq müqavilə imzalayıb.

Hindistan uzun müddətdir ki, pilotsuz uçan döyüş aparatlarının və onlarla mübarizə vasitələrinin yaradılması üzərində işləyir. Bu məqsədlə Hindistan şirkətləri son illərdə İsraillə sıx əməkdaşlıq edir. 2019-cu ildə İsrail-Hindistan şirkəti “Adani Defence & Aerospace” təsis edilib. Hindistan-İsrail pilotsuz təyyarələri Ermənistana verilə bilərmi?

AzVision.az -ın bu və digər suallarını hindistanlı politoloq, “Symbiotic School of International Studies”in (Hindistanın Maharaştra ştatı, Puna şəhəri) dosenti Alvite Ninqtudjam cavablandırıb. Onun sözlərinə görə, Hindistanın hazırkı hökuməti müdafiə təyinatlı məhsulların dünyada aparıcı ixracatçılarından birinə çevrilməyə böyük əhəmiyyət verir.


“Bu məqsədlə 2020-ci ildə yerli istehsalın artırılmasına yönəlik “Aatma Nirbhar Bharat Abhigyan” kimi təşəbbüslər başladıldı. Son bir neçə ildə Hindistan dünyanın ən böyük silah idxalçılarından biri olub, lakin indiki siyasi sistem bu statusu yaxın illərdə dəyişmək istəyir.

Bu gün Hindistan hökuməti ölkədə həm dövlət, həm də özəl müdafiə firmalarının istehsal etdiyi bir neçə növ müdafiə məhsulunun ixracında israrlıdır. Hindistan və Ermənistan hökumətləri, çox güman ki, məhz bu çərçivədə müdafiə vasitələrinin mümkün ticarətini müzakirə ediblər. Son zamanlar Hindistanın mülki məqsədlər üçün istehsal etdiyi pilotsuz təyyarələrin potensial ixracı müzakirə olunur. Yaxın gələcəkdə Hindistan öz pilotsuz təyyarələrini hərbi məqsədlər üçün ixrac etmək potensialını da araşdıracaq”,- A.Ninqtujam bildirib.

Hindistanlı politoloq deyib ki, İsrailin “Elbit Systems” şirkəti ilə Hindistanın “Adani” şirkətlərinin birgə səyləri ilə istehsal olunan pilotsuz təyyarələr potensial ixrac məhsullarıdır: “Bildiyim qədər, bu firmaların hər ikisi beynəlxalq müştərilər üçün mini PUA-ların istehsalına başlayıb. Beləliklə, müştəri kütləsini və ixrac coğrafiyasını genişləndirmək imkanı var. Hindistan, şübhəsiz ki, öz hərbi məhsullarını almaq istəyən müştərilər axtaracaq”.

İsrail-Hindistan pilotsuz təyyarələrinin Ermənistana verilə biləcəyindən danışan həmsöhbətimiz bildirdi ki, bu yəqin ki, Hindistanın hər iki ölkə - həm Ermənistan, həm də Azərbaycanla münasibətlərinin inkişafından asılı olacaq.

“Ancaq 2020-ci ildə Ermənistan bizdən yalnız Hindistan firmalarının istehsal etdiyi radar alıb. Bununla belə, qeyd etmək istərdim ki, Hindistan birgə istehsal olan hər hansı silahı ixrac edərkən, çox güman ki, tərəfdaşının narahatlığını da nəzərə alacaq”, - A.Ninqtujam bildirib.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az



Teqlər: PUA   Ermənistan   İsrail  





Xəbər lenti