Hindistan Azərbaycanın BRİKS sammitində iştirakını əngəlləyib? - Yeni Delhidən baxış

   Hindistan Azərbaycanın BRİKS sammitində iştirakını əngəlləyib? -    Yeni Delhidən baxış
  29 Avqust 2022    Oxunub:5120
Hindistanın Azərbaycanı BRİKS sammitinə buraxmaması xəbəri demək olar ki, bütün erməni KİV-lərində yayılmışdı. Sammit iyun ayında baş tutub. Məlum olub ki, Azərbaycan forumda qonaq qismində iştirak etmək üçün dəvət alsa da, sonradan Hindistan onun iştirakına mane olub. Görəsən niyə? Yəni Yeni Delhi Azərbaycanla münasibətləri soyutmaq kursu götürüb?
AzVision.az -ın bu və digər suallarını Sülh və Münaqişələrin Öyrənilməsi İnstitutunun (Yeni Delhi) elmi işçisi Kamal Madişetti cavablandırıb. Onun sözlərinə görə, hələ ki Hindistanın Azərbaycanın BRİKS sammitində iştirakına əngəl törətdiyinə işarə edəcək heç bir rəsmi açıqlama və ya diqqətəlayiq məlumatı yoxdur.

- Hindistan gündəmi genişləndirmək və digər ölkələrin BRİKS-də iştirakına şərait yaratmaq üçün çox açıq siyasət yürüdür. Məsələn, bir neçə il əvvəl Hindistan BİMSTEC (Çoxsahəli Texniki və İqtisadi Əməkdaşlığa dair Benqal körfəzi ölkələri Təşəbbüsü) ölkələri nümayəndələrinin iştirakı ilə BRİKS sammitinə yardımçı olub və bu görüşdə Hindistandan əlavə Banqladeş, Myanma, Nepal, Şri Lanka, Tayland və Butan da iştirak ediblər. Hindistanın Azərbaycanın BRİKS sammitində iştirakına mane olub-olmaması barədə məndə hər hansı məlumat yoxdur. Lakin keçmişdə Azərbaycan Hindistanın Cammu və Kəşmir əyalətlərində Pakistanın himayə etdiyi qruplara rəğbətini ifadə edib. Belə bir mövqe Hindistanın təhlükəsizlik maraqlarına münasibət baxımından inam yaratmır,- K. Madişetti qeyd edib.


Hindistanın Azərbaycanın BRİKS sammitində iştirakını əngəlləmək qərarına erməni amilinin təsirindən danışan hindistanlı ekspert hər hansı xarici dövlətin Hindistanın qərarına təsir göstərə biləcəyinə qəti şəkildə şübhə etdiyini bildirib və əlavə edib ki, Hindistan qlobal məsələlər, proseslərlə bağlı siyasətini özü müəyyən edir. Onun təhlükəsizliklə bağlı öz qayğıları və yanaşması var.

Ekspert vurğulayıb ki, Hindistan və Azərbaycan çox gözəl ikitərəfli əlaqələrə malikdirlər. Ölkələrimiz arasında mədəniyyətdən ticarətə qədər nəhəng bir sahəni əhatə edən çoxəsrlik əlaqələr var. Hindistan bu yaxınlarda Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına və məhsullarını ixrac etmək üçün çox mühüm istiqamətə çevrilib. Təkcə bu ilin ilk 5 ayında Azərbaycanın Hindistana ixracı ötən illə müqayisədə 127,63% artaraq 796,97 milyon ABŞ dolları təşkil edib.

“Azərbaycan karbohidrogenlərdən asılılığını şaxələndirməyi düşündüyü üçün Hindistan da onunla eyni məqsədlə tərəfdaşlıq etməkdə çox mühüm rol oynaya bilər. İki ölkə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün də birgə işlər görüb. Ötən illər ərzində Hindistan Azərbaycandan olan dövlət qulluqçuları, diplomatlar və tələbələr üçün bir sıra təlim proqramları və təqaüdlər təşkil edib. Ticarət, inkişaf, təhsil, mədəniyyət sahələrində qurulan möhkəm əlaqələrimiz yalnız güclənəcək”, - K.Madişetti bildirib.

Seymur Məmmədov
AzVision.az


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.6.
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi



Teqlər: BRİKS   Hindistan  





Xəbər lenti