Tokayev Bakıya niyə gəlir – Qazax politoloqun şərhi

   Tokayev Bakıya niyə gəlir –    Qazax politoloqun şərhi
  23 Avqust 2022    Oxunub:3153
Avqustun 24-də Qazaxıstan prezidenti Kasımjomart Tokayev azərbaycanlı həmkarı İlham Əliyevin dəvətilə Bakıya rəsmi səfər edəcək. Qazaxıstanlı politoloq, Qazaxıstan Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin media kommunikasiyası və tarixi kafedrasının professoru Saken Mukan səfəri AzVision.az üçün şərh edib.
Birincisi, hər iki ölkə mehriban qonşuluq münasibətləri çərçivəsində tam əməkdaşlıq edir və beynəlxalq platformalarda (MDB, ATƏT, BMT, Türk Dövlətləri Təşkilatı və s.) bir-birini hər cür dəstəkləməyə çalışırlar.

İkincisi, hər iki ölkənin mədəni yaxınlığı Türk Dövlətləri Təşkilatı çərçivəsində iki xalqı daha da yaxınlaşdırmaq kimi fundamental maraqlara həmişə cavab verib. Buna misal olaraq 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri arasında “Naxçıvan Sazişi”nin imzalanmasını, ona əsasən “Türk Şurası” beynəlxalq təşkilatının rəsmən yaradılmasını göstərmək olar. İndiyədək 6 türk dövlətindən 4-ü təşkilata daxil olub.

Təşkilatın strukturu haqqında onu demək olar ki, qurumun Parlament Assambleyası Bakıda, Türk Şurası Akademiyası isə Nursultanda yerləşir. Hər iki struktur bölməsi Təşkilatın fəaliyyəti üçün əlverişli şərait yaradılmasında əsas rol oynayır və bununla da türk dünyası xalqlarının dünya miqyasında daha da möhkəmlənməsinə və yaxınlaşmasına təkan verir.

Üçüncüsü, rəsmi Nursultan 44 günlük vətən müharibəsi zamanı bitərəfliyə riayət etməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair qətnamələrinə sadiq olduğunu bəyan etdi. Qazaxıstanın sadə vətəndaşları və ekspert ictimaiyyəti Bakının Qarabağ üzərində suverenliyinin bərpası istiqamətində atdığı rəsmi addımlarını informasiya sahəsində dəstəklədi, Azərbaycanın çətin anlarında iki xalqa bir növ xalq diplomatiyası nümayiş etdirdi.

Bundan başqa, müharibənin sonunda Qazaxıstanın birinci prezidenti, Türk Şurasının fəxri üzvü Nazarbayev öz mövqeyini ifadə edərək, İlham Əliyevə təbrikində bu sözləri deyib: “Hörmətli İlham Heydər oğlu, 2020 sizin üçün çətin il oldu! Ata-baba torpaqlarını qaytaran ölkənizə görə narahat idim. Bu, tarixi bir məqamdır. Mən şəxsən sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm. Qarşıdan gələn Yeni il münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. 2021-ci il ölkənizin və xalqınızın rifahı üçün bərəkətli və uğurlu olsun!”

Beləliklə, Qazaxıstan açıq şəkildə bildirdi ki, ərazi bütövlüyü suveren dövlətin fəaliyyəti üçün əsas prioritetdir və rəsmi Nursultan Azərbaycanın xarici siyasət təşəbbüslərini həmişə müsbət qarşılayıb.

Dördüncüsü, bugünkü geosiyasi reallıqlarda Qazaxıstan öz enerji resurslarını ənənəvi marşrut (XBKK) üzrə nəql etməklə bağlı çox əlverişsiz duruma düşüb. Buradan belə nəticə çıxır ki, prezident Əliyevin prezident Tokayevi Bakıya rəsmi səfərə dəvət etməsi hər iki ölkənin imkanlarının genişləndirilməsi üçün transxəzər qarşılıqlı faydalı əməkdaşlığının mövcud potensialını və Azərbaycanın nəqliyyat və logistika imkanlarını artırmağa çalışdığını göstərir.

Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaları və Qazaxıstanın ikinci dərəcəli sanksiyalardan yayınmaq üçün Rusiya Federasiyası ilə razılaşdırılmış siyasəti (Tokayevin Soçiyə son səfəri) göstərir ki, Nursultan Rusiya Federasiyası ilə böyük ticarət dövriyyəsinə və s. görə sanksiyaların mənfi nəticələrini hiss edir.

İki lider arasında avqustun 24-də baş tutacaq danışıqların yekunu ikitərəfli qarşılıqlı faydalı əlaqələri daha da inkişaf etdirəcək. Burada Azərbaycan tərəfin də nəqliyyat və logistika sənayesində infrastruktur obyektlərini daha da inkişaf etdirməkdə öz maraqları var.


Saken Mukan
Qazaxıstanın Xalq Təsərrüfatı Universiteti Beynəlxalq Münasibətlər və İdarəetmə kafedrasının professoru


Teqlər:





Xəbər lenti