Dünyanın ən tənha adamı öldü - VİDEO

   Dünyanın ən tənha adamı öldü -    VİDEO
  29 Avqust 2022    Oxunub:2012
Braziliya cəngəlliklərində məşhur pastoral qəbilələrdən qalan yeganə adam vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə "DailyMail" məlumat yayıb.
Bildirilir ki, fermerlərin qırdıqları qəbilənin üzvü bu faciəvi hadisədən sonra 26 il tropik meşədə təcrid olunmuş vəziyyətdə yaşayıb.

Məlumata görə fermerlər sözügedən ərazilərdə torpaqları ələ keçirərkən 1970-ci ildən bəri bir neçə dəfə hücumlar təşkil edərək onun qəbiləsindən qalan insanları tamamilə məhv ediblər. Bu səbəbdən də cəngəllikdə tək yaşayan həmin şəxs ömrünün qalan günlərini tənha keçirməyə məcbur olub.
Bu günlərdə isə sonuncu mogikanın meşədə cansız bədəni aşkarlanıb.

O, hətta bir dəfə kameralara da tuş gəlibmiş. Xarici aləmlə hər cür təmasdan qaçan qəbilənin son üzvü səlahiyyətlilərin diqqətindən də kənarda qalmayıb. Onun sivilizasiyadan uzaq gəzməsinə baxmayaraq araşdırmaçılar, yaxınlıqdakı şəhərin rəhbərliyi "dünyanın ən tənha adamı" ləqəbi alan bu şəxsi izləyib və vaxtaşırı təchiz ediblər.

Heyvanları tələyə salmaq və gizlənmək üçün dərin çuxurlar qazdığına görə "Burrow Man" kimi də tanınan bu adam Rondonia ştatındakı Amazonun dərinliklərində yaşayıb.

Tədqiqatçı Fiona Vatson məlum hadisəyə reaksiya verərək deyib ki, "Amazondan kənarda yaşayan heç kim bu adamın adı, hətta qəbiləsi haqqında demək olar ki, heç nə bilmirdi və onun ölümü ilə xalqının soyqırımı sona çatdı".



Tural Tağıyev
AzVision.az



Teqlər: Braziliya   Meşə   Tənha  





Xəbər lenti