2579 nəfər müəllim sertifikasiyada iştirak edib

2579 nəfər müəllim sertifikasiyada iştirak edib
  30 Avqust 2022    Oxunub:1377
Avqustun 30-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a bildirilib ki, sertifikatlaşdırma prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb edilib. Sertifikatlaşdırma prosesinin birinci gününün ilk sessiyasına 2696 təhsilverən dəvət olunub. Onlardan 2579 nəfər təhsilverən sertifikatlaşdırma prosesində iştirak edib.

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayan müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavələr ediləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti