Rusiyalı oliqarx Paşinyanın yerinə hazırlanır?! – Xarici ekspertlərin fikirləri

   Rusiyalı oliqarx Paşinyanın yerinə hazırlanır?! –    Xarici ekspertlərin fikirləri
  09 Sentyabr 2022    Oxunub:2942
Sentyabrın 1-də erməni əsilli rusiyalı sahibkar Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxaraq, Qarabağa köçməsi ilə bağlı çıxışı yayılmışdı. Vardanyan çıxışında “Qarabağın inkişafı və təhlükəsizliyi üçün cəbhə yaradılmasının” zəruriliyindən danışaraq, ermənilərin orada olmasının vacibliyini vurğulayıb.
Moldovalı politoloq, Effektiv Siyasət İnstitutunun direktoru, tarix elmləri doktoru Ruslan Şevçenko AzVision.az-a bildirib ki, Ruben Vardanyanın fəaliyyətini araşdıranda onun Rusiya Federasiyasının Qarabağa göndərdiyi iri sahibkar olduğu görünür. Çünki regionun tam şəkildə Azərbaycana qayıtması şəraitində orada Rus “rıçaq”larını saxlamağa çalışırlar.

“Bu, Rusiya və Ermənistana orada öz agentura şəbəkəsini ciddi şəkildə gücləndirməyə imkan verəcək. Əgər o, qarşısına qoyulan tapşırığın öhdəsindən gələrsə, şübhəsiz ki, biz onu tezliklə Putinin xoşuna gəlməyən Paşinyanın əvəzinə Ermənistanın baş naziri postuna əsas namizəd kimi görəcəyik”, - R.Şevçenko qeyd edib. Ekspert əmindir ki, Vardanyan Paşinyandan fərqli olaraq, Kremlin tam nəzarətində olan fiqurdur və hakimiyyətə gəlsə, Moskvadakı rəislərinin əmrlərinə ciddi şəkildə əməl edəcək.



“Lakin ABŞ da bunu yaxşı başa düşür. Paşinyan 2018-ci ildə amerikalıların köməyilə hakimiyyətə gəlib. Onlar üçün Cənubi Qafqaza nəzarət Rusiya Federasiyasından daha vacibdir, çünki zaman keçdikcə bu, Rusiyanın Zaqafqaziyadan tamamilə sıxışdırılmasına imkan verəcək. Bu səbəbdən ABŞ hadisələrin bu cür dönüşünün və Vardanyanın hakimiyyətə gəlməsinin qarşısını almağa çalışacaq”, -R.Şevçenko bildirib.

Rusiyalı politoloq Pavel Klaçkov isə AzVision.az-a deyib ki, Rusiya sanksiyalara məruz qalanda bir çox varlılar çətin vəziyyətə düşməmək üçün qazandıqları pulları Rusiyadan kənara çıxarırdılar. Kimsə siyasi addımlar atır, kimsə Qərb ölkələrinin liderləri ilə danışıqlar aparır. Müxtəlif kombinasiyalar mümkündür. “Özünü Rusiyaya borclu saymayaraq, onun vətəndaşlığından açıq şəkildə imtina edən, bunu Ermənistan və Qarabağla bağlı kombinasiyaya çevirən Vardanyan bu sxemə çox uyğun gəlir. Bu adam Ermənistanda yeni siyasi karyeraya başlayacağını açıq elan edir. Bu, Qərbin maliyyə strukturlarında saxlanılan əmanətlərinin təhlükəsizliyinə dair narahatlıqları ört-basdıq etmək üçün gözdən pərdə asmaq da ola bilər”, - P.Klaçkov qeyd edib.

Rusiyalı ekspert deyir ki, ölkəsinin indi transformasiyaya uğrayan sistemi 90-cı illərdə yaranıb; o zaman Rusiyanı sevmək dəbdə olmadığı üçün hamı qarət etməyə, aradan çıxmağa çalışırdı: “Var-dövlət toplayanlar Rusiya ilə heç bir mənəvi əlaqəsi olmayan, tamamilə proqnozlaşdırılan insanlar kimi davranıblar. Bunda mənim üçün təəccüblü heç nə yoxdur”.

Rusiyadan olan digər ekspert, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsovanın fikrincə, indi Rusiyada hadisələrin necə inkişaf edəcəyinin, Moskvanın Ukraynadakı xüsusi əməliyyatın öhdəsindən necə gələcəyinin bəlli olmadığı çox çətin bir dövrdür. Odur ki, burada biznesi olan bir çox iş adamları öz iş yerlərini və hesablarını bağlayaraq, başqa yerlərə üz tuturlar.



“İri sahibkarlardan olan Ruben Vardanyan Rusiya vətəndaşı olaraq bu ölkədə külli miqdarda pul qazanıb və çox güman ki, Qərbə daşıyıb. Ola bilsin, xaricdə daşınmaz və ya hər hansı digər əmlaka sərmayə qoyub, indi onun üçün bu əmlakı qorumaq çox vacibdir. Rusiya vətəndaşı olaraq bu əmlakı saxlamaq çətindir, ona görə də, Vardanyanı hərəkətə gətirən əsas motiv, çox güman ki, xaricdəki şəxsi vəsaitlərini qorumaqdır. Təsadüfi deyil ki, o öz müraciətində həm Avropa İttifaqı, həm də ABŞ səfirlərini konkret olaraq Şuşaya getməmələrinə görə tərifləyib. Məqsədi anti-Rusiya sanksiyalarının ona şamil olunmamasıdır. Deməli, Qərbə loyal görünməklə sadəcə olaraq fərqlənmək istəyir”,- Qrevtsova vurğulayıb.

Qrevtsova da istisna etmir ki, gələcəkdə Vardanyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürmək istədiyini eşidə bilərik. Bu olduqca gözləniləndir.

“Mən Vardanyanla bir görüşdə iştirak etmişəm. O, “Skolkovo” məktəbində tədris proqramına rəhbərlik edirdi, elmi rəhbər idi və deyə bilərəm ki, həqiqətən ağıllı, hiyləgər və intellektual şəxsdir, amma şübhəsiz ki, Azərbaycan prezidenti İlham Əliyevdən ağıllı deyil. Onun Qarabağa köçməsi kifayət qədər riskli və eyni zamanda parlaq addımdır. Əgər Ermənistanın baş naziri Nikol Paşinyana rəqib hesab etsək, o zaman həqiqətən də güclü alternativ ola bilər. Buna görə də, hadisələrin gedişatını, onun Ermənistanda gələcək siyasi addımlarını necə atacağını izləmək hamı üçün maraqlı olacaq. Ola bilsin ki, hətta Qərbdən gizli şəkildə dəstək də alıb. Biz ABŞ-da erməni lobbisinin nə qədər güclü olduğunu bilirik. Birləşmiş Ştatlar çoxdan Ermənistanı Rusiyadan ayırmaq istəyir və onlara öz planlarını həyata keçirə biləcək kifayət qədər ağıllı və istedadlı adamlar lazımdır. Vardanyan məhz belə bir fiqurdur”,- o, fikirini yekunlaşdırıb.

Samir Vəliyev
Murad Nəcəfov

AzVision.az




Teqlər: Ruben-Vardanyan  





Xəbər lenti