Vətənin qorunması ilahi əmrdir

   Vətənin qorunması ilahi əmrdir
  15 Sentyabr 2022    Oxunub:3234
İslamın bizə aşıladığı ən mühüm əxlaqi və mənəvi məsələlərdən biri, heç şübhəsiz, Vətəni qorumaq, abadlaşdırmaq və yeri gələrsə, hətta canını belə torpaq uğrunda fəda etməkdir.
Uca rəbbimiz “Hud” surəsinin 61-ci ayəsində “Sizi torpaqdan yaradan, orada həyat verən və oranı abadlaşdırmağınızı istəyən Odur”, – deyə buyurmaqla vətənpərvərlik hissinin necə ali bir əxlaqi dəyər olduğunu ortalığa qoymuşdur. Qurani-Kərimin bu kimi əmr və tövsiyələrini ən mükəmməl şəkildə yaşayan Həzrət Peyğəmbər Məkkədən Mədinəyə hicrət edərkən, o cümlədən bütün həyatı boyu hədislərində özünün necə vətənpərvər şəxsiyyət olduğunu göstərib. O, ümmətinə də bu mənəvi hissi əmanət olaraq ərməğan edib. Hədislərinin birində “İlahi, bizə ruzi bolluğu ver və Vətənimizin əmin-amanlığını bəxş et!” – söyləyərək, Vətəni necə qorumağı və onun üçün nələr etməyin vacib olduğunu öyrətmişdir.

Bütün bunların fonunda bildirim ki, hər bir şəxsin öz Vətəni qarşısında bir çox borcu vardır. Əgər bir insan Vətəninə münasibətdə əxlaqi-mənəvi məsələlərə qarşı diqqətsiz olsa, onun insani keyfiyyətləri şübhə altına düşəcək və belə şəxsin heç bir əxlaqi-mənəvi məsələlərdən danışmağa haqqı olmayacaq. Vətənə qarşı ali keyfiyyətlər aşağıdakılardan ibarətdir:

– ölkə vətəndaşları arasında birlik və bərabərliyi qorumalıyıq, hər növ təfriqəçi və ikitirəlik yaradan əməllərdən, şüar və ifadələrdən çəkinməliyik. Həzrət Peyğəmbər bu məsələni daim diqqət mərkəzində saxlayaraq belə buyurmuşdur: “Camaatla birlikdə olun və təfriqə salmaqdan çəkinin. Kim Allahdan Cənnətin ən yaxşı yerini umursa, camaatla birlikdə olsun!”;

– Vətənin qorunmasını, onun müdafiəsinin təşkil olunmasını özümüzə mənəvi borc bilməli və bu işin İlahi əmr olduğunu dərk etməliyik. Necə ki, Uca Allah “Ali-İmran” surəsinin 195-ci ayəsində buyurur: “...Vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları Cənnətə daxil edəcəkdir”.

Qeyd edilmiş bu və ya digər ayələr, həmçinin Həzrət Peyğəmbərin mövzuya aid hədisləri onu göstərir ki, müasir cəmiyyətimizdə, xüsusilə də müharibə şəraitində olan ölkəmizdə hər bir vətəndaşımız təfriqə və ikitirəlik yaradan sözlərdən uzaq durmalı, hər bir vətəndaşımızın düşüncə və etiqadında bölünməz və toxunulmaz olan Vətən anlayışı öz müqəddəsliyini qoruyub-saxlamalıdır. Xüsusilə də indiki həssas bir dönəmdə – öz həyatlarını Vətənimizin ərazi bütövlüyü, Dövlətimizin suverenliyi uğrunda qurban vermiş Şəhidlərimizi hansısa bir dinə və ya məzhəbə məxsus formada deyil, məhz ümum-İslam qanunları və milli-vətənpərlik əhval-ruhiyyəsi ilə qarşılamalı və onların dəfn mərasimlərini buna uyğun olaraq təşkil etməliyik. Böyük şücaət və cəsarət göstərərək mənfur düşməni məhv edən igidlərimizi onların adlarına layiq şəkildə dəfn etməliyik. Dəfn zamanı ümumxalq düşüncəsindən çıxış etməli, yalnız müəyyən edilmiş normalar çərçivəsində cənazə mərasimləri təşkil etməliyik. Dəfn zamanı çoxmillətli, müxtəlif dinlərə və məzhəblərə məxsus ölkəmizdə dini-məzhəbi şüarlar səsləndirməyi Şəhidlərimizin ruhlarına qarşı hörmətsizlik kimi qəbul etməliyik.

Gəlin unutmayaq ki, öz canlarını Vətən uğurunda qurban vermiş Şəhidlərimiz ölkəmizdə yaşayan hansısa bir etnik qrupa, dinə, yaxud məzhəbə görə deyil, məhz bütöv Azərbaycanımız və xalqımız uğrunda fəda etmişlər!
Uca Allahdan Şəhidlərimizə rəhmət diləyirik!

Fəlsəfə Elmləri Doktoru, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi
İbrahim Quliyev,

AzVision.az




Teqlər: Vətən   İslam   Ayə  





Xəbər lenti