Qırğızıstanla Tacikistanın arasında nə baş verir? - Bişkekdən baxış

   Qırğızıstanla Tacikistanın arasında nə baş verir? -    Bişkekdən baxış
  18 Sentyabr 2022    Oxunub:2747
Son iki ildə Tacikistan-Qırğızıstan sərhədində ikinci genişmiqyaslı münaqişə baş verir. Qırğızıstanın Batken vilayətində dövlət sərhədinin bütün perimetri boyunca davamlı atışma gedir. Tərəflər atəşkəs barədə razılığa gəlsələr də, atəş səsləri səngiməyib.
Baş verənlərin pərdəarxası səbəbləri barədə AzVision.az hər iki ölkədən olan ekspertlərin fikirlərini oxucularına təqdim edir.
Qırğızıstanın İctimai Siyasət Təhlili Mərkəzinin direktoru, politoloq Almaz Tacıbay AzVision.az -a müsahibəsində deyib ki, Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi artıq Tacikistan səfirliyinə etiraz notası təqdim edib:

- Xatırlatmaq istəyirəm ki, 1996-cı ildə Tacikistan tərəfi ilə dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı daimi iş aparan hökumətlərarası komissiyası yaradılmışdı. Dövlət sərhədlərinin 308 km.-ə yaxın mübahisəli və çətin təsvir olunan hissəsi həll olunmamış qalıb. Məsələnin sürətli həllinin çətinliyi ondadır ki, Tacikistan və Qırğızıstan vətəndaşlarının evləri “şahmat qaydasında” yerləşir, iki ölkə arasındakı sərhədlər çox vaxt bağların çəpərləri, qonşular arasındakı divarlar boyunca, küçələrdən keçir. Yerli sakinlərin su və digər təbii sərvətlər uğrunda toqquşmalarının kökü sovet dövrünə gedib çıxır. Sərhədlərin şərti olduğu SSRİ-nin dağılmasından sonra vəziyyət gərginləşdi. Yaşayış sıxlığının yüksək, hər iki tərəfin istifadə etdiyi magistral arteriyaların mövcud olduğu rayonda kənd təsərrüfatı ehtiyacları üçün suvarılan torpaqların böyük çatışmazlığı var. Amma böyük problem odur ki, çətin təsvir olunan və açıq sərhədlərdə qaçaqmalçılıq hökm sürür, narkotik vasitələrin qanunsuz dövriyyəsi buradan keçir ki, bu da regiondakı sərhədlərin vəziyyətinə mütləq təsir edir.
Tacikistanla Qırğızıstanın arasında nə baş verir? - Düşənbədən baxış

Vəziyyətin deeskalasiyasından sonra ŞƏT sammitinin keçirildiyi Səmərqənddə Qırğız Respublikasının prezidenti Sadır Japarov və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon dərhal atəşkəs, qüvvə və vasitələrin ərazidən çıxarılması barədə razılığa gəliblər. Bundan əvvəl Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik komitələrinin rəhbərləri də atəşkəs barədə razılığa gəlmişdilər. Amma bu gün sərhəddə vəziyyət xeyli gərgin olaraq qalır.

- İtkilər nə qədərdir?
Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətlə bağlı müraciət edib. O qeyd edib ki, “biz tərəfdən çoxlu qurbanlar var, əsasən də hərbçilər”. Rəsmi məlumata görə, Qırğızıstan Respublikasının qəlpə və güllə yarası almış 24 vətəndaşı həlak olub, 122 nəfər yaralanıb. 136 mindən çox vətəndaş qaçmağa, evlərini və əmlakını tərk etməyə məcbur olub. Bütün ölkə səfərbərdir, könüllülər toplanıb zərərçəkənlərə humanitar yardım göndərilir, zərərçəkənlərə ev verilir, yükləri pulsuz daşınır, mobil operatorlar münaqişə zonasında pulsuz və limitsiz xidmət göstərir.
Bütün ölkə narahatdır, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları tacik təcavüzkarları dayandırmağa, Tacikistan silahlı qüvvələrinin cinayətinin izini sənədləşdirməyə çağırır.
Tacikistan Silahlı Qüvvələrinin bütün ağır hərbi texnikası Qırğızıstanın hərbi və dinc mülki obyektlərini sıradan çıxarmağa cəlb edilib: aviasiya, vertolyotlar, tanklar, zirehli transportyorlar, zirehli piyada maşınları, minaatanlar, toplar, artilleriya , "Qrad" və "Qasırğa"lar.
Qırğızıstan müdafiə olunmağa məcburdur, biz hücum etmir və atəş açmırıq. Bu, Tacikistanın Qırğızıstan Respublikasına qarşı artıq ikinci böyük silahlı təcavüzüdür. Birincisi 2021-ci il mayın əvvəlində, Düşənbədə KTMT sammiti keçirilən zaman olub. Bu dəfə Səmərqənddəki ŞƏT sammitinə təsadüf etdi. Təəssüflər olsun ki, hər iki təcavüz zamanı tacik hərbçiləri qırğızların yaşayış məntəqələrinə soxularaq, öz bayraqlarını inzibati binalara və məktəblərə sancıblar. Onlar mərmi atmaqla və yandırmaqla mühüm mülki infrastrukturları məhv edir, əhalinin döyüş bölgələrindən təxliyəsi üçün logistik marşrutları pozurlar. Tacikistan Respublikasının silahlı qüvvələri Qırğızıstanın yaşayış məntəqələrini qarət edir, mülki şəxslərin evlərini, mağazalarını yandırır, mal-qarasını və əmlakını aparır, sonra isə cinayətin izlərini silmək üçün qəsdən yandırırlar. Tacikistan Silahlı Qüvvələri bununla mülki şəxslərə təcavüz etməmək haqqında Cenevrə Konvensiyasının müharibə ilə bağlı bütün prinsip və qaydalarını pozurlar.

- Bəs iki ölkə sərhədində vəziyyətin gərginləşməsinin örtülü səbəbləri nədir?
- Birinci versiya Rusiyadır. Rəsmi Moskvaya Mərkəzi Asiyada qeyri-sabit region lazımdır ki, bölgədə ən mühüm toxunulmaz lider olsun. Çoxqütblü geosiyasəti həyata keçirmək üçün o həqiqətən böyük resurslara və təsirə malikdir.
İkinci versiya odur ki, Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarov və onun dostu Kamçibek Taşiyev Emoməli Rəhmon və Vladimir Putinin “xoşuna gəlmirlər”. Sadır Japarov və silahdaşı 2020-ci ildə “inqilab”ın üçüncü dalğası nəticəsində gözlənilmədən hakimiyyətə gəliblər. Bu isə Kreml və qonşularının sabit geosiyasi xəritələrini və planlarını pozur. Avtoritar bosslar qırğızların azad və demokratik ruhundan, yəni hər cür “rəngli inqilabdan”, vətəndaşların söz və ifadə azadlığından qorxurlar.
Üçüncü variant Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisidir. Qonşular öz ölkələrindən, xüsusən də Tacikistandan yan keçən alternativ yolu istəmirlər, çünki bu onlara heç nə vəd etmir. Qırğızıstana müdaxiləyə səbəb sırf bu ölkənin daxili problemləri ilə bağlıdır. Ölkə daxilində vətəndaşların ağır sosial-iqtisadi vəziyyəti ilə bağlı çoxlu problemlər var. 700 mindən çox tacik əmək miqrantıdır. Xarici siyasətdə Əfqanıstanda Talibana qarşı olan qüvvələrə - etnik taciklərə açıq dəstək verir. Dağlıq Bədəxşan Muxtar Vilayətində bitmək bilməyən münaqişələr var, Tacikistan hakimiyyəti Düşənbənin əleyhdarlarını yalnız güc yolu susdurmağa çalışır. Tacikistanın birləşmiş siyasi müxalifətinin, o cümlədən TİDP (Tacikistan İslami Dirçəliş Partiyası) üzvləri təqib olunur.
Bu fonda daha bir mühüm proses - hakimiyyətin Emomali Rəhmonun oğlu Rüstəmə keçməsi baş verir. Rəhmon ölkə daxilindəki bütün problemlərdən diqqəti yayındırmaq üçün klassik üsulla xarici düşmən tapmağa qərar verib. İdeal düşmən, təbii ki, zəif silahlanmış qonşu Qırğızıstandır.

- İran bu işə qarışırmı?
- Səmərqənddə keçirilən ŞƏT sammitində İran doqquzuncu üzv oldu. İran öz nüvə proqramına görə beynəlxalq təcriddən çox, inteqrasiyada maraqlıdır, hətta bütün üzv ölkələrdən daha çox. ŞƏT-də əsas oyunçulardan biri olan Çin “Bir kəmər, bir yol” layihəsini həyata keçirməkdə maraqlıdır. Bu dəmir yolu isə İran iqtisadiyyatı üçün çox önəmlidir. Üstəlik, Şərqdən Qərbə gedən bu qısa yol İranın paytaxtı Tehrandan keçir. Ona görə də, irandilli Tacikistana dəstək vermir. Üstəlik, Tacikistandakı dindarlar əsasən Hənəfi məzhəbinə aid sünniləridir (Dağlıq Bədəxşan istisna olmaqla). Ona görə də, Tacikistan İranın işinə yaramır.
Əksinə, Qırğızıstan İran İslam Respublikası ilə daha sıx əlaqələr qurub. Bəndərabbas-Oş nəqliyyat dəhlizində yüklərin dəmir yolu ilə daşınmasına dair razılaşma var.

Seymur Məmmədov
AzVision.az



Teqlər:   Münaqişə  





Xəbər lenti