Bakı necə paytaxt olub – ARAŞDIRMA

Bakı necə paytaxt olub – ARAŞDIRMA
  08 Aprel 2013    Oxunub:29567
Yüz əlli ildən çoxdur ki, Azərbaycan Bakı vaxtı ilə işləyir...
Yüz əlli ildən çoxdur ki, Azərbaycan Bakı vaxtı ilə idarə olunur...
Söhbət Bakının paytaxt statusu almasından gedir. Və nə qədər qəribə olsa da, Bakının paytaxt statusu alması, Azərbaycanın Bakı vaxtı ilə işləməyə başlaması başqa bir qədim şəhərin – quberniya mərkəzi olan Şamaxının faciəsi ilə, Şamaxı zəlzələsi ilə bilavasitə bağlıdır.


***

12 iyun 1859-cu il.
Qafqaz canişininin vəzifəsini icra edən general-adyutant knyaz Orbeliani
Qafqaz Komitəsinin sədrinə
Təliqə № 477

“Şamaxının hərbi qubernatoru məlumat vermişdir ki, mayın 30-da, gündüz saat 4-də quberniya mərkəzi olan Şamaxıda heç də hamının hiss eləmədiyi zəlzələ baş vermişdir. Lakin saat 5.30-da bir dəqiqə yarıma yaxın davam edən güclü zəlzələ şəhəri dağıtmışdır. Evlərin böyük əksəriyyəti ya tamamilə dağılmış, ya da xeyli zədələnmişdir.
Uçqunlar altında yüzdən çox adam həlak olmuşdur.
...Hökumət idarələri uçqunlar altında qalmışdır, bütün sakinlər və məmurlar açıq havada gecələyirlər.
...Zəlzələ dəhşəti adamları elə qorxutmuşdur ki, onlar küçələrə tökülmüşlər və evlərinə qayıtmırlar. Xüsusən də ona görə ki, deyilən zərbədən yarım saat sonra nisbətən zəif, sonra isə üçüncü zərbə olmuş və bütün gecə silkələnmə davam etmişdir.
Mayın 31-də saat 7-də yenidən güclü yeraltı təkanlar hiss olunmuşdur”.


***

Şamaxı Rusiyanın tərkibinə 1813-cü ildə Rusiya ilə İran arasında imzalanmış Gülüstan sülh müqaviləsinə əsasən daxil edilib, çar Rusiyasının 10 aprel 1840-cı il tarixli inzibati isalahatına uyğun olaraq Kaspi vilayətinin tərkibində qəza şəhəri olmuşdu. 1846-cı ildə təsdiq edilmiş “Zaqafqaziya diyarının bölünməsi haqqında əsasnamə”yə uyğun olaraq Şamaxı quberniyası yaradılmışdı. Quberniya Şamaxının hərbi qubernatoru tərəfindən idarə olunurdu.

Qədim Şamaxı hələ Rusiya işğalına qədər də keşməkeşli bir tarix yaşamışdı. Dəfələrlə yadellilərin işğalına məruz qalmış, dağıdılmışdı. Amma əsrlər boyu mədəniyyət mərkəzi kimi tanınmışdı.

Ərəb istilası dövründə Şamaxı mahal mərkəzi kimi fəaliyyət göstərib. Sonralar uzun illər Şirvanşahlar dövlətinin paytaxtı olub. Bu dövlət süqut eləyəndən sonra yaranan Şirvan bəylərbəyliyinin mərkəzinə çevrilib.
XVIII əsrin ortalarından XIX əsrin 20-ci ilinə qədər mövcud olmuş Şirvan xanlığının paytaxtı da Şamaxı idi.

Bir sözlə, Rusiya hökumətinin işğaldan sonra quberniya mərkəzi kimi Şamaxını seçməsi təsadüfi deyildi. Şamaxı bu statusda uzun bir tarixi dövr yaşamışdı.
Bununla belə, Şamaxı həm də əsrlərdən bəri zəlzələ fəlakəti yaşayan zona olmuşdu.

Axırıncı zəlzələdən sonra Rusiaynın Qafqazdakı canişini knyaz Aleksandr Baryatinski Qafqaz Komitəsinin sədri knyaz Orlova göndərdiyi 17 iyun 1859-cu il tarixli məktubunda yazırdı: “Əlahəzrət İmperator mayın 30-da qədim Şamaxıda baş vermiş və şəhəri darmadağın etmiş zəlzələ haqqında mənim məlumatımı dinləyərək bu şəhərin sakinlərinə təcili yardım göstərilməsini tapşırmışdır.
Lütfkar İmperator imperiyanın dövlət xəzinəsindən bu şəhərin zəlzələdən daha çox əziyyət çəkən sakinlərinə dərhal əvəzsiz yardım kimi 15 min rubl pul ayrılmasını əmr etmişdir...”


Bundan təxminən bir ay sonra - 1859-cu il iyulun 8-də knyaz Baryatinski Şamaxının hərbi qubernatoru knyaz Tarxan-Mouravova yazırdı: “Şamaxıda dəfələrlə baş vermiş zəlzələlər, nəhayət, sonuncu bədbəxt hadisə belə bir əminlik yaradır ki, burada quberniya şəhəri bərpa olunarsa, gələcəkdə də belə bədbəxt hadisələrin baş vermə təhlükəsi qalacaq”.

Knyaz Baryatinski yeni zəlzələ təhlükəsini nəzərə alaraq quberniya idarələrinin Bakıya köçürülməsi barədə düşündüyünü bildirir.

Knyaz Şamaxı qubernatoruna Bakının dəniz sahilində yerləşdiyini, gələcəkdə dəmir yolu çəkiləcəyini və s. xatırladaraq bu şəhərin quberniya mərkəzi kimi perspektivli olacağına ümid etdiyini yazır.

Qafqaz canişini quberniya mərkəzinin Bakıya köçürülməsi fikrinə təsadüfi gəlməmişdi. Şamaxı seysmik zonada yerləşdiyindən burada hələ qədim dövrlərdən tez-tez zəlzələlər olurdu. Ona görə də canişin Rusiya İmperator Elmlər Akademiyasının akademiki, məşhur geoloq German Abixi Şamaxıya dəvət edir və ona bu ərazilərin seysmik xarakteristikası barədə məruzə hazırlamağı tapşırır.

Ömrünün 40 ildən çoxunu Qafqaz dağlarının öyrənilməsinə həsr eləyən alim o dövrdə çoxsaylı elmi məqalələrin müəllifi idi. Akademik Abix eimi araşdırmalar aparır və “1859-cu ilin mayında Şamaxıda və Ərzurumda zəlzələ” adlı elmi məruzə hazırlayıb Qafqaz canişininə təqdim edir.

Canişinə təqdim olunan sənədlər arasında Şamaxı zəlzələlərinin tarixinə dair digər sənədlər də var idi. Qeyd olunurdu ki, Şamaxıda ilk dəfə 1192-ci ildə dağıdıcı zəlzələ baş verib. Sonralar - 1667, 1669 və 1670-ci illərdə də bu ərazidə güclü zəlzələlər olub. Nəhayət, 1845-ci ildə Şamaxıda daha bir güclü zəlzələ baş verib, o vaxtdan 1859-cu ilə qədər 20-yə yaxın güclü təkanlar olub.

1859-cu il zəlzələsi isə daha dağıdıcı idi. Müasir mütəxəssislər bu zəlzələnin indiki parametrlərlə 9-10 bal gücündə olduğunu ehtimal edirlər.

Akademik Abixin rəyi quberniya mərkəzinin köçürülməsində mühüm rol oynayır (Bir qədər qabağa qaçaraq xatırladaq ki, 1902-ci ildə Şamaxıda daha bir dağıdıcı zəlzələ olmuşdur).

***

3 avqust 1859-cu il
Şamaxının hərbi qubernatoru general-mayor knyaz Tarxan-Mouravov knyaz Baryatinskiyə


“Şamaxıda bu yaxınlarda baş vermiş dağıntını və burada zəlzələnin tez-tez təkrar olunduğunu nəzərə alıb quberniya idarələrinin köçürülməsi üçün yer axtarmalı olsaq, diyarın indiki vəziyyətində Bakıdan uğurlu variant tapmaq mümkün deyil. Bütün Xəzər dənizi boyunca ən yaxşı hərbi və ticarət limanına malik Bakı, yəqin ki, etibarlı və parlaq gələcəyə ümid eləyə bilər…”

***

Zəlzələdən təxminən 3 ay sonra - 1859-cu il sentyabrın 25-də knyaz Baryatinski Şamaxı qubernatoruna əmr göndərir. Həmin əmrdə deyilirdi ki, Şamaxı şəhərinin dağılması ilə əlaqədar bütün quberniya idarələrinin dərhal Bakıya köçürülməsinə hazırlıq işləri başlansın.

***

Qısa arayış:

Çar Rusiyası dövründə quberniya ən yüksək yerli inzibati idarəçilik vahidi olub.
Rusiya hökumətinin 1846-cı ilin dekabrında həyata keçirdiyi inzibati islahata əsasən, Zaqafqaziya 4 quberniyaya - Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyalarına bölünüb. Azərbaycan ərazisinin əsas hissəsi Şamaxı quberniyasının tərkibinə daxil edilib.O dövrdə quberniyalar da öz növbəsində qəzalara bölünürdü. O vaxt Bakı Şamaxı quberniyasının tabeliyində qəza şəhəri olub.

***

Bakı Rusiyanın tərkibinə 1806-cı ildə daxil edilmişdi. O vaxt bura İçərişəhərdən və qala divarlarından kənarda tikilmiş azsaylı binalardan ibarət idi. Müqayisə üçün deyək ki, 1807-ci ildə Bakıda 3 min nəfərə yaxın əhali və cəmi 500-ə yaxın ev var idi.
XIX əsrin 80-ci illərinə qədər İçərişəhər ikiqat qala divarları arasında idi.

Qala divarları vaxtilə 25-30 metr dənizin içərisinə doğru uzanaraq İçərişəhərin qarşısında qapalı liman əmələ gətirmişdi. Bakı yadellilərin diqqətini digər sərvətləri ilə yanaşı, həm də belə əlverişli limana görə cəlb edirdi.

Bakı limanının Rusiyadan İrana gedən ticarət yollarının üstündə yerləşməsi bu şəhərin hərbi və strateji əhəmiyyətini artırırdı.

O illərdə Bakıda sənayenin inkişafı ilə əlaqədar buraya yaşamağa və çörəkpulu qazanmağa gələnlərin sayı artmağa başlayır və İçərişəhərdən kənarda Bayırşəhərin formalaşması prosesi gedirdi.

1859-cu il oktyabrın 9-da Şamaxı qubernatoru dövlət idarələrinin Bakıya köçürülməsinə hazırlıq işlərinin başa çatması barədə knyaz Baryatinskiyə raport göndərir. Bildirir ki, Bakıda quberniya idarələri üçün müvafiq binalar tapılıb, məmurlar üçün lazimi mənzillər icarəyə götürülür.

Yalniz belə bir hazırlıq işləri başa çatandan sonra - 1859-cu il dekabrın 6-da Rusiya imperatoru 2-ci Aleksandr fərman imzalayır:
“Quberniya şəhəri olan Şamaxıda tez-tez zəlzələ baş verdiyini və Şamaxı quberniyasının quberniya idarələrinin bu şəhərdə saxlanılmasının münasib olmadığını anlayaraq, Biz Qafqazdakı canişinimizin təqdimatına əsasən əmr edirik:

1. İndiki Şamaxı quberniya idarəsi və orada yerləşən bütün quberniya idarələri Şamaxı şəhərindən Bakı şəhərinə köçürülsün.
2. Bakı quberniya şəhəri dərəcəsinə qaldırılsın.
3. Bundan sonra Şamaxı quberniyası Bakı quberniyası adlandırılsın.
4. Şamaxı şəhəri Şamaxı qəzasının qəza şəhəri hesab olunsun”.
Beləliklə, bu fərmanla Bakının taleyi dəyişir.
Bundan sonra Azərbaycan Bakı vaxtilə işləməyə, Bakı vaxtilə idarə olunmağa başlayır.


Müsəllim Həsənov


Teqlər:  





Xəbər lenti