Şübhəsiz ki, bu təcavüz Azərbaycan mədəniyyətini, incəsənətini dünyada məşhur edən daha bir sahədən-Qarabağ xalçaçılıq məktəbindən də yan keçməyib. Qarabağda mövcud olan çoxsaylı sənət növlərindən aparıcı yeri xalça sənəti tutub. Qara, boz, çal, qumral rəngli yunun bolluğu və boyaq xassəli zəngin bitki örtüyü mənbələri və istedadlı toxucu qüvvəsinin olması Qarabağın ənənəvi bədii xalça məktəbi kimi formalaşmasına səbəb olmuşdu.
Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və Süjetli. Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrində istehsal olunurdu. "Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası" və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir.
Təəssüf ki Qarabağ xalçalarının naxışlarını işğalçı dövlətin “sənətşünasları” öz adlarına çıxırlar. Qarabağ xalçaları xaricdə tək erməni xalçaları kimi deyil, bəzən kürd, İran, Qafqaz xalçaları kimi də təqdim olunur.
Elə sizə təqdim etdiyimiz fotolarda gördüyünüz bu xalçaları erməni saytlarından biri erməni toxucularının əl işi imiş kimi təqdim edib.
Səbinə