Döyüşə “Poseydon”lar gedir?

      Döyüşə “Poseydon”lar gedir?
  04 Oktyabr 2022    Oxunub:3008
Dünən ABŞ kəşfiyyatı Rusiyanın fövqəlgüclü “Poseydon” torpedaları (sualtı dronlar) ilə silahlanmış K-329 “Belqorod” sualtı atom qayığının dislokasiya olunduğu bazadan “itdiyini” açıqladı. Bəzən “Apokalipsisin Paladini” adlandırılan bu hipersəsli torpedalardan istifadə edə biləcəyi təhlükəsinin real olduğunu düşünən NATO kəşfiyyatı alyans üzvlərinə xəbərdarlıq ünvanlayıb. ABŞ kəşfiyyatı öz növbəsində sualtı qayığın göyərtsəindəki 6 “Poseydon” raketini izləmək üçün sputnik rabitəsini aktivləşdirsə də, suyun altında buna nail ola bilməyib.
Rusiya hələ indi başlayır?

İyulun birinci dekadasında Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasındakı fraksiyaların rəhbərləri ilə görüşdə Moskvanın Ukraynada apardığı müharibəni şərh edərkən “Biz Ukraynada hələ ciddi işlərə başlamamışıq” ifadəsini işlətdi. Onun bu sözlərini təhdiddən də daha çox təhqir kimi qiymətləndirən Kiyev və Qərb Moskvaınn “ciddi” planlarını pozmaq üçün Rusiya silahlı qüvvələrinə qarşı öz ciddi əks-hücumlarını hazırladılar. Kollektiv Qərbin hərbi-kəşfiyyat dəstəyi ilə Ukrayna Ordusunun Rusiya silahlı qüvvələrinə ciddi zərbələr endirərək, təxminən 10 min kvadrat kilometrədək ərazini işğaldan azad etməsi bunun əyani sübutudur.

Bu baxımdan, Ukraynanın Donetsk, Luqansk, Xesron və Zaporojye vilayələtlərinin Rusiyaya birləşdirilməsi barədə Kremldə sazişlərin imzalanması və bayram konsertinin səhəri günü Donetsk vilayətindəki əhəmiyyətli nəqliyyat qovşağı olan Qırmız Liman şəhərinin işğaldan azad edilməsi Moskvanın və şəxsən Vladimir Putinin imicinə vurulan ən ağır zərbələrdən biridir. Çünki, Ukraynanın yuxarıda qeyd olunan ərazilərinin rəhbərləri ilə saziş imzalayarkən Vladimir Putin
- Orada yaşayan bizim insanların təhlükəsizliyinin təminatı üçün hər şeyi edəcəyik, - demişdi.

Qırmızı Liman şəhərini qaytardıqdan sonra Ukrayna ordusunun Rusiyaya “birləşdirilmiş” ərazilərdə daha bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi Rusiya cəmiyyətində hərbi elitanın əleyhinə ciddi ittihamların irəli sürülməsini şərtləndirdi. Maraqlıdır ki, bu məqamlara şəxsən heç bir reaksiya verməyən Vladimir Putin, öz növbəsində, Ukraynadan “ayrılmış” ərazilərin rəhbərləri ilə sentyabrın 30-da imzalanmış sazişlərin təsdiqlənməsi üçün Rusiya Dövlət Dumasına müraciət etdi. Belə təsəvvür yaranırdı ki, o, ilk növbədə Ukraynanın sözügedən ərazilərinin Rusiyaya “hüquqi” baxımdan birləşəmsinin rəsmiləşdirilməsini və məhz sonra məsələnin faktiki həllini planlaşdırırdı.
Maraqlıdır ki, məhz dünən – Dövlət Duması bu sazişləri təsdiqlədikdən sonra – hipersəsli “Poseydon” torpedaları ilə silahlanmış K-329 “Belqorod” sualtı qayığının Rusiyanın şimalında yerləşən Severodvinsk limanından “yoxa çıxdı”. Digər tərəfdən, bu “qeyb olmanın” Rusiya qazını Avropaya nəql edən “Şimal axını” və “Şimal axını-2” kəmərlərinin bir neçə hissəsində yaşanan müəmmalı qəzalardan 5 gün sonra baş verməsi də yəqin ki, təsadüfi deyil. Çox güman ki, bu məqamlar Rusiyanın artıq ciddi şəkildə hərəkətə keçməyə başladığından xəbər verir.

ABŞ kəşfiyyatının məlumatlarına istinad edən NATO-dakı mənbələr sualtı qayığın Kars dənizi rayonunda elə “Poseydon” torpedalarını sınaqdan keçirmək üçün Arktikaya yollanıb. Hərbi ekspertlərin fikrincə, suyun altında 10 min kilometrədək məsafə qət etməyi bacaran bu silah NATO-dakı müttəfiqlərin öz Hərbi-dəniz qüvvələrinin (HDQ) planlaşdırılması konsepsiyasını dəyişməsini şərtləndirəcək.

“Poseydon”un və K-329 “Belqorod” sualtı qayığının imkanları

Qədim yunan mifologiyasında baş dəniz allahı Poseydonun adını daşıyan və bir neçə meqaton gücə malik bu saltı torpeda 500 metr hündürlüyündə radioaktiv sunami yarada bilər. Onun vasitəsi ilə Nyu-York və ya Los-Anceles kimi şəhərləri məhv etmək mümkündür. “Poseydon” adi döyüş başlıqları ilə də təzhiz edilə bilər ki, onların da hədəfləri rolunu təyyarə daşıyıcıları qrupları, sahildəki istehkamlar və infrastruktur obyektləri oynayırlar.
Uçuş zamanı az istilik yayan və suyun altında 1 kilometrədək dərinlikdə səsziz halda saatda110-130 km sürətlə hərəkət etməyə qadir olan hipersəsli “Poseydon” sputnikləri onu izləməsinə imkan vermir. Hətta ABŞ sputniklərinin infraqırmızı izləmə sistemləri belə “Poseydon”un bu parametrləri qarşısında acizdirlər.



Hazırlanmasına illər sərf olunmuş “Poseydon”la bağlı bəzi sınaqların hələ 2015-ci ildə keçiridliyi güman edilsə də, onunla təchiz edilmiş yeganə K-329 “Belqorod” sualtı qayığından hələ indiyədək belə torpedanın buraxılması faktı qeydə alınmayıb.

Bu il iyulun 8-də Rusiya HDQ-nin arsenalına daxil olmuş K-329 “Belqorod” sualtı qayığı dünyada bu qəbildən olan ən uzun gəmidir. Rekonstruksiyadan sonra uzunluğu 184 və eni 18 metrə çatdırılan submarina suyun altında saatda 60 kilometr sürətlə hərəkət etməyə və demək olar ki, suyun altında məhdduiyyət olmadan qalmağa qabildir. Məsələn, zərurət olmadan 120 gün suyun üzərinə çıxmaya bilər. Onun innovativ tipli avarçəkmə vintləri isə sonarlardan (hidrolokatorlardan) yayınmağa imkan yaradır. Yeri gəlmişkən, K-329 “Belqorod” sualtı qayığının uzunluğunun 184 metrə çatırılmasının əsas səbəbi onun göyərtsəində ilk dəfə nüvə başlıqlı stels-torpedaların və kəşfiyyat məlumatlarının toplanması üçün avadanlığın yerləşdirilməsini təmin etmək məqsədidir.



Cavab necə olacaq?

Bəzi şərhçilərə görə, hipersəsli “Poseydon” torpedasının sınağı məqsədi ilə K-329 “Belqorod” sualtı qayığının açıq dənizə çıxması Kremlin qarşısı alına bilməyən silahı nümayiş etdirməklə, Qərblə qarşıdurmada üstün mövqeyə yiyələnməlk niyyətindən xəbər verir. Rusiya ilə münasibətlərində gərginliyin pik həddini yaşayan Qərbin öz mövqelərini asanlıqla əldən verməmək üçün irəlicədən cavab tədbirləri hazırladığı istisna deyil.

Yeri gəlmişkən, dünən Türkiyədə Ukraynanın HDQ-i üçün Ada tipli “Getman İvan Mazepa” qayıq əleyhinə korvetin suya buraxılması çox maraqlı məqamdır. Ukrayna Müdafiə nazirliyinin məlumatına görə, bu tipli korvetlərdə ABŞ istehsalı olan gəmi əleyhinə “Harpoon” raketləri, Fransanın istehsal etdiyi “VL MIKA” ZRK-ları, habelə 35 mm kalibrli “Oerlikon Millennium” avtomatik gəmi-zenit qurğuları yerləşdiriləcəklər.



Bundan başqa, həmin gəmilərdə helikopterlər və pilotsuz komplekslər üçün anqarlar, habelə uçuş aparatlarının qalxıb-enməsi üçün göyərtə meydançaları nəzərdə tutulub. Bu korvetlər təyinatlarına və texniki parametrlərinə görə nüvə başlıqlı “Poseydon” hipersəsli torpedalarla təchiz edilmiş K-329 “Belqorod” sualtı qayığı ilə müqayisə oluna bilməsələr də, bu il aprelin ortalarında Ukrayna HDQ-nin “Neptun” raket kompleksinin zərbəsi ilə Rusiyanın Qara dənizdəki hərbi donanmasının flaqmanı “Moskva” raket kreysernin məhv edilməsi Kiyev-Qərb tandeminin Kremlə çox ciddi xəbərdarlığı idi. Bəs “Poseydon” təhlükəsinə cavab tapılacaqmı? Əsas sual budur.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: Rusiya   Poseydon  





Xəbər lenti