Fransa müstəmləkəçiliyinin nakam erməni arzusu - TARİXİ TƏHLİL

Fransa müstəmləkəçiliyinin nakam erməni arzusu - TARİXİ TƏHLİL
  20 Oktyabr 2022    Oxunub:6295
Son vaxtlar Fransa ifrat ermənipərəstlik ortaya qoyaraq, Azərbaycanı ermənilərə qarşı "hərbi cinayətlər" törətməkdə ittiham edir. Bunun böhtan olması bir yana, başqasının gözündəki çöpdən danışmazdan öncə, öz gözündəki tiri görmək lazımdır. Fransanın isə Azərbaycanı və ümumiyyətlə, hər hansı ölkəni hərbi cinayətlərdə qınamağa heç bir mənəvi haqqı yoxdur, çünki özünün tarixi başdan-başa belə hallarla doludur.
XVI-XX əsrlərdə Fransada iki müstəmləkəçi imperiya formalaşıb. Bunlardan birincisi böyük coğrafi kəşflər dövrünə təsadüf edib. Napolen Bonapartın müharibələri nəticəsində bu imperiya süquta uğradıqdan sonra, 1815-ci ildə Fransada ikinci müstəmləkəçi imperiya yarandı. Amansız müstəmləkəçilik siyasətinin əsl mahiyyətini pərdələməyə çalışan rəsmi Paris zəbt etdiyi ərazilərin coğrafiyasını 1946-cı ildən "Fransız ittifaqı", 1958-ci ildən isə "Fransız birliyi" adlandırmağa başladı.

Britaniya, İspaniya, Portuqaliya və Niderland kimi böyük müstəmləkəçi dövlətlərlə müharibələrə girirşən Fransa öz sərhədlərindən çox-çox uzaqlarda, hətta Amerika qitəsində yeni böyük ərazilərə nəzarətə yiyələndi. Həmin ərazilərin təbii sərvətlərini istismar etməklə yanaşı, Fransa geniş miqyasda qul alveri ilə də məşğul olurdu.


1815-ci ildə Fransadakı birinci müstəmləkəçi imperiyanın birmənalı şəkildə məğlubiyyətini rəsmiləşdirən Vyana konqresindən sonra Paris Avropada itirdiyi mövqelərini kompensasiya etmək üçün digər ərazilərdə müstəmləkəçilik siyasətini fəallaşdırdı. Bu dəfə əsas istiqamət kimi Afrika qitəsi seçildi. 1830-1847-ci illərdə Əlcəzair bütövlükdə, Mərakeşin bir hissəsi, Fil Sümüyü Sahili (indiki Kot-Divuar) əsarət altına salındı.
Fransanın 60 il əvvəl törətdiyi dəhşətli cinayət

1860-cı illərin əvvələrində Əlcəzair tam nəzarətə götürüldükdən sonra Tunisin və Misirin müstəmləkəyə çevrilməsi prosesinə başlanıldı. Yerli əhalinin, habelə Türkiyə və Böyük Britaniyanın sərt müqaviməti olmasaydı, Suriya və Livanı da Fransanın koloniyasına çevrilmək təhlükəsi gözləyirdi. Amma Seneqal və Madaqaskar onilliklər boyu bu açı taleyi yaşamalı oldular.

İkinci müstəmləkəçi imperiya dövründə Uzaq Şərqdə və Hindi-Çin yarımadasında fəallıq göstərən Fransa 1863-cü ildə Cənubi Vyetnamı özünə tabe etməklə yanaşı, Kamboca üzərində protektoratlığını yaratdı.


Üçüncü Respbulika zamanı Fransanın müstəmləkəçilik siyasəti daha geniş vüsət aldı. 1870-1871-ci illərdə Fransa-Prussiya müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Paris diqqətini Afrikada və Cənub-Şərqi Asiyada yeni müstəmləklər ələ keçirməyə yönəltdi. 1883-cü ildə Niger Fransanın nüfuzu sferasına keçdi, 1892-ci ildə isə Sudanda fransız koloniyası yaradıldı. XIX əsrin sonları və XX əsrin əvvəllərində Böyük Britaniya ilə imzalanan sazişlər əsasında Fransa Afrikada və Cənub-Şərqi Asiyada daha bir sıra müstəmləkələr əldə etdi.


Parisin müstəmləkəçilik siyasəti nəticəsində Birinci Dünya müharibəsi ərəfəsində Fransanın nəzarəti altında olan müstəmləkə ərazilərinin sahəsi 10,6 milyon km² təşkil edirdi ki, bu da Böyük Britaniyadan sona dünyada ikinci göstərici idi. Həmin ərazilərdəki əhalinin sayı 55 milyon nəfər olduğu halda, metropoliyada – Fransada yaşayan əhali 40 miyona ancaq çatırdı. Müharibədən sonra Fransanın müstəmləkələri məğlub olmuş Almaniya və Osmanlı imperiyalarının əraziləri hesabına daha da genişləndi. Suriya və Livan Fransa mandatı altında olan ərazilərə çevrildilər. Toqo və Kamerun Böyük Britaniya ilə Fransa arasında bölüşdürüldülər.

İkinci Dünya müharibəsi ərəfəsində Fransanın müstəmləkəçilik siyasəti pik həddinə çatdı. Fransadan müstəmləkə asılılığında olan ərazilərin sahəsi 12 milyon 347 min km², oralarda yaşayan əhalinin sayı isə 59 milyon təşkil edirdi. Halbuki Fransanın özünün ərazisi 551 min km², əhalisi isə 41 milyon 310 min nəfər idi.


İkinci Dünya müharibəsindən sonra qlobal miqyasda baş verən böyük geosiyasi dəyişikliklər, dünya müstəmləkəçilik sisteminin erroziyası nəticəsində Fransa müstəmləkə imperiyası tənəzzülə uğrasa da, Paris müxtəlif fəndlərlə (məsələn, Frankofoniya – fransızdilli ölkələrin beynəlxalq təşkilatı) planetin müxtəlif bölgələrində təxminən 560 min km²-lik ərazini (Antarktikanın sektoru olan 127 655 км²-lik Adeli Torpağı nəzərə alınmadan) hələ də öz müstəmləkəsi kimi qoruyub saxlayır.

Belə olan halda Fransanın erməni “sevgisi” çox maraqlı və konkret konturlar almağa başlayır.

Köhnə əməllərin yeni sevdası

Fransanın erməni “sevgisi”nin kökü çox uzaqlara, hətta XI-XII əsrlərə gedib çıxır. Tarixən müxtəlif ağaların əlində alət olmuş ermənilər onları XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza, ilk növbədə isə Azərbaycana köçürən və hər cür dəstək verən Rusiyanın da “sevgisi”ni qazandılar. Lakin 1917-ci ilin oktyabrında bolşeviklərin Rusiyada hakimiyyətə gəlməsi ilə Parislə Moskvanın erməni “sevgisi” ciddi şəklidə toqquşdu. Birinci Dünya müharibəsindən məğlub çıxmış Türkiyəyə qarşı erməni daşnaklarına hərtərəfli dəstək verən Fransanın yaxından iştirakı ilə müharibənin nəticələrini rəsmiləşdirən Paris Sülh konfransında ilk erməni dövlətinin – Ararat resbublikasının yaradılması barədə qərar qəbul olundu.


Bu məsələdə ermənilərin əsas hamiləri qismində ABŞ-la Fransa çıxış edirdilər. Lakin Cənubi Qafqazda nüfuzunu itirmək istəməyən bolşevik Rusiyası 1920-ci il noyabrın sonlarında Ermənistanda sovet hökumətinin qurulmasına nail oldu. Beləliklə, mahiyyət etibarilə Ermənistan adlı müstəmləkə yeni sahiblərinin əlindən alınaraq, bolşevik Rusiyasının nökərinə çevrildi.

Görünür, “tarixi ədaləti” bərpa etmək naminə Fransa təxminən 100 il əvvəl təsis olunmasında yaxından iştirak etdiyi erməni kvazi-dövlətini öz müstəmləkələri sırasına qaytarmağa çalışır. İstisna deyil ki, buna elə Frankafoniya layihəsi çərçivəsində cəhd gösərilə bilər. Belədə, Ermənistanın heç də Fransanın “bacısı” yox, müstəmləkəsi olduğu aydınlaşır. Fransanın öz müstəmləklərində yaşayanlara sərgilədiyi “sevgi”si barədə isə gələn yazımızda.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər:   Fransa   Ermənistan  





Xəbər lenti