Böyük Çölün böyük izi

// Rusiyalı türkoloq türklərin dünya sivilizasiyasına təsirini şərh edir

      Böyük Çölün böyük izi
  26 Oktyabr 2022    Oxunub:7980
Bu mövzu əslində kifayət qədər həcmlidir. Çünki türk sivilizasiyasının tarixi və onun bəşər mədəniyyətinə təsiri həqiqətən çox böyükdür və hələ də bir çox elmi mübahisələrin mövzusu olaraq qalır. Böyük Qıpçaq Çölü (Dəşti-Qıpçaq) hökmdarları və xanlarının istər Şərqdə, istərsə də Qərbdə müxtəlif dövlətlər, ölkələr və xalqlarla diplomatik əlaqələri barədə qədim dövrlərə gedib çıxan və tarixi mənbələrdə əksini tapan məlumatlar var.


Kristioqlo Sergey Semyonoviç
rusiyalı türkoloq
Xüsusi olaraq AzVision.az üçün

Qədim türk tayfalarının köçəri sivilizasiyası Avropa ölkələrinin mədəniyyətinin yaranmasına və inkişafına, eləcə də dünya tarixinin gedişinə həlledici təsir göstərib. Türklər ilk növbədə Şərqlə Qərbi birləşdirən bir bağ idi. Türk tayfalarının köçəri həyat tərzi Altaydan Avrasiya qitəsinin qərbinə doğru yayılaraq tədricən yeni otlaq ərazilərinin daimi inkişafına səbəb oldu.

1893-cü ildə danimarkalı dilçi və şərqşünas alim Vilhelm Tomson Yeniseyin sağ qolu və Orxon çayı yaxınlığında tapılan runik işarələrin mənasını kəşf etdi və eramızın 6-8-ci əsrlərinə aid türk mənşəli abidə olduğunu müəyyənləşdirdi. 25 noyabr bütün türk dünyasında türk runikası günüdür. Runlar xüsusi bir əlifbanın elementləridir, digərlərindən fərqli olaraq, kommunikativ funksiyadan əlavə, sakral bilik rolu da oynayıblar.

"Runa" qədim skandinav mənşəlidir, "pıçıltı", "sirr", "gizlilik" mənasını verir. Runların sehrli gücü hələ də bir çox tədqiqatçıları maraqlandırır. Runik yazıdan informasiya mübadiləsi, qaya və daşların üzərində rəsm çəkmək üçün istifadə edilib, qədim türklər maddi mədəniyyətin izlərini sonrakı nəsillərə və sivilizasiyalara onun vasitəsilə qoyublar.
“Türklərin güclənməsi dünyada balans yaradacaq” – MÜSAHİBƏ+VİDEO

Qədim türk yazısının mənşəyi haqqında ən əsaslandırılmış nəzəriyyə “soğd təsiri” hesab olunur. Ən qədim kitabə – Buqut stellası (Monqolustan, Orxon çayı rayonu) eramızın 570-ci ilinə aiddir. Türk runlarını həm soldan sağa, həm də sağdan sola oxumaq olar. Onların tarixi çox qədimdir və şübhəsiz ki, sonrakı türk yazısının əsasını qoyan ilk hərflər olublar.

Türk dünyası öz əməlləri və fəthləri ilə dünya tarixinin və siyasətinin məcrasını və inkişaf vektorunu dəfələrlə dəyişib. Dünyada ilk dövlət rəmzləri və işarələri, eləcə də siyasi terminlər birinci dəfə Çöldə yaranıb. Avrasiya qitəsində atı ilk dəfə əhliləşdirib bəşəriyyətin xidmətinə verən, metaldan silah hazırlayan və buna uyğun olaraq dəmir filizini əridib ondan metal almaq texnologiyasını ilk dəfə mənimsəyən və öyrənən də türklər olublar.

Türk sənətkarlarının düzəltdiyi silahların tayı-bərabəri yox idi, türk süvariləri yenilməz, türk döyüşçüləri ən qorxmaz idi. Təəccüblü deyil ki, onlar ən çətin və riskli işləri yerinə yetirirdilər. Elə vaxtlar olub ki, Çin imperatorları öz ərazilərinə davamlı basqınların qarşısını almaq üçün türklərə xərac veribilər. Tsin Şi Xuanq Böyük Çin səddini məhz köçəri türk tayfalarının basqınlarından qorunmaq üçün tikmişdi.


Türklər Tenqri dinini və Göylərin Sahibi kultunu yaradıblar. Tenqri və Qurd kultu türklərin əsas totemidir. İpək Yolu adlı transkontinental magistral quraraq, Şərqlə Qərb arasında əlaqə yaradıblar. Mal yüklənmiş dəvə karvanları Böyük İpək Yolundan keçərək Qərbə gedib, ticarəti inkişaf etdiriblər. Xəzər xaqanlığı bütün tədarük zəncirinə, ozamankı maddi-texniki bazaya nəzarət edir, karvanları düşmənlərin basqınlardan qoruyurdu. Yüzlərlə, bəzən minlərlə kilometrə qədər uzanan bu logistik dəhliz Çöl və Şəhər mədəniyyətlərini sıx birləşdirirdi. Çöl sivilizasiyası türklərin ilkin məskunlaşdığı Avrasiyanın çöl və meşə-çöllərində başlıca dekor növünə çevrilən heyvan üslubunun ən zəngin sənətini yaradıb.

Türk xalqları bəşəriyyətə çoxlu böyük şəxsiyyətlər, o cümlədən bir çox şair və yazıçılar bəxş edib. Təəssüf ki, dünya mədəniyyətinə verilən bu töhfə hələ də layiqincə qiymətləndirilmir, qismən və açıq şəkildə aşağılanır. 20-ci əsrin tanınmış fransız şərqşünası Albert Sorelin fikrincə, “yer üzündə iki şey kəşf edilməmiş qalır: coğrafiyada qütblər, tarixdə isə türklər”.

Tarix bir çox türk imperiyalarına və böyük türk dövlətlərinə şahidlik edib və onların hamısı işğal olunmuş xalqlara, onların inanclarına, dillərinə, mədəniyyətlərinə, adət-ənənələrinə loyal yanaşıblar. Faktiki olaraq ümumi qəbul edilmiş mənada müstəmləkə siyasəti tətbiq olunmayıb. Avropada hələ də türklərin köçəri tayfalarını və onların mədəniyyətini yırtıcı ordalar, amansız vəhşilər şəklində təqdim edən yanlış bir anlayış mövcuddur.

Məşhur türkoloq Lev Nikolayeviç Qumilyov elmi ictimaiyyəti başqa xalqların mədəniyyətində əhəmiyyətli görünən cəhətlər axtarmaq, görmədikdə həmin xalqı ibtidai hesab etmək kimi çox təhlükəli tendensiyadan çəkinməyə çağırırdı. Türklər Böyük İpək Yolunu yaradaraq, müxtəlif ideoloji sistemləri birləşdirmiş, dini dözümlülük, başqalarının dəyərlərini mənimsəmək, fəal şəkildə yeniliklər mübadiləsi aparmaq istəyi nümayiş etdirməklə yanaşı, həm də öz əcdadlarının adət-ənənələrini, dilini və Böyük Çöl mədəniyyətini müqəddəs tutublar. Türklər böyük mədəni sıçrayış edərək, unikal runik yazları ilə yeni tipli açıq mədəniyyət formalaşdırıblar.

İncəsənətdə şedevr nümunələr (Cəlaləddin Rumi, Əlişir Nəvai, astronom Uluqbəy, Əmir Teymurun nəvəsi riyaziyyatçı Əl-Xarəzmi), memarlıq (Memar Sinan), divar rəsmləri, musiqi və rəqs sənəti (xalqın enerjisini ötürən, qəbilə və ya tayfanın ümumi aurasını birləşdirən yallılar) möhtəşəmdir. Dünya sivilizasiyası tarixində silinməz iz qoymuş məşhur sərkərdələr: türk soyunun, oğuz tayfa və boylarının ilk qurucuları olan Bilgə xaqanın, Tonyukukun və Türkut xanlarının, Oğuz xanın, Çingiz xanın, Əmir Teymurun, Atillanın, Baburun, Batu xanın və digərlərinin xatirələri daş heykəllərdəki qədim runik yazılarda qalıb. Bu siyahını davam etdirmək olar, ancaq sona çatdırmaq mümkün deyil. Türk xaqanlığı Altaydan başlayaraq Dunay torpaqlarına qədər geniş əraziyə malik idi.


Türklər sivilizasiya tarixində çox böyük iz qoyublar, lakin onların bir vərdişi var idi: keçmişə qayıtmamaq. Tarixlərində baş verən heç bir hadisədən peşman olmadıqları üçün öz adət-ənənələrini, maddi mədəniyyətlərini həm öz nəsilləri, həm də bütün bəşəriyyətin rifahı naminə qorumaq üçün lazımi tədbirlər görə bilmirdilər. T ürk döyüşçülərinin güclü köçəri ruhu onları daim irəli getməyə sövq edib, onlar bir yerdə dayana bilmirdilər. “...Türkün məzarı onun döyüş yoldaşı və dostu olan atının yarmasındadır” məsəli boş yerə yaranmayıb. Onlar bunun əbədi olacağını düşünürdülər.

Tarixi hadisələrin gedişatı qeyri-sabitdir, lakin onlar bunu bilmirdilər. Dünya tarixi səhnəsinə zaman-zaman başqa xalqların, sivilizasiyaların görkəmli nümayəndələri də çıxa bilər. Tarixin ictimai inkişaf gedişatı belədir.

Avrasiyanın ürəyi qədim türklərin əzəli diyarı olan Böyük Çöldür, türklər dünya sivilizasiyasının inkişafına xüsusi töhfə vermiş köçəri və oturaq həyat tərzinin sərhədlərində olmaqla yüz illər boyu bütün yaşayış şəraitini, Qərb və Şərq sivilizasiyalarının sistemli qarşılıqlı əlaqəsini təmin ediblər. İlk imperiyanı türklər yaradıb. Məhz nomad türklər (müasir ləhcədə köçərilər) oturaq kənd təsərrüfatı cəmiyyətlərində hakimiyyət institutlarının formalaşmasına köklü təsir göstərib, oturaq xalqların mühitinə ev heyvanlarının yüksək təsirini gətiriblər. Onlarla təmasda olan xalqların qida rasionunun keyfiyyətcə yaxşılaşmasına təkan verib, zülallı qidaların rolunu artırıblar.

Beləliklə, türklərin müasir Avropa və dünya mədəniyyətinin yaranması və inkişafına həlledici təsir göstərdiyini söyləmək üçün bütün əsaslar var. Murat Acının sözlərinə görə, Şimali İtaliyada, Almaniyada, İspaniyada, İsveçrədə, Şərqi Fransada, İngiltərədə, Şimali Avropada yaşayan bolqarlar, serblər, xorvatlar, qaqauzlar, çexlər, macarlar, avstriyalılar, bavariyalılar, sakslar türk mənşəli olduqları və türk kökləri haqqında onun “Qıpçaq çölünün yovşanı” kitabından məlumat alıblar.

Bu məqalə yer üzündəki ən qədim türk sivilizasiyalarından birinin bütün spektrini əks etdirmir, lakin aydın şəkildə göstərir ki, türklər, heç şübhəsiz, dünya sivilizasiyaları arasında töhfə və təsiriləri baxımından ilk yerlərdən birini tuturlar. Kim öz köklərini və əcdadlarının mədəniyyətini yadda saxlamağı bacarırsa, digər xalqların mədəniyyəti ilə də əlaqəli olacaq. Bu prinsip Yer üzündə insan amilini qorumaq və artırmaq üçün əsas vasitə olaraq bütün mədəniyyətlərin qarşılıqlı zənginliyinə və bütün sivilizasiyaların hər bir dəyərinin qorunması ideyasına xidmət etdiyindən, biz Yer kürəsinin gələcək nəsilləri qarşısında tam məsuliyyət daşıyırıq.

Hazırladı: Seymur Məmmədov



Teqlər: Türklər-və-dünya  





Xəbər lenti